"Dövlətlərin ərazi bütövlüyü və insan hüquqlarının
qorunmasının təmin olunması" mövzusunda Moldova Respublikasının
paytaxtında beynəlxalq konfrans keçirilib.
Axar.az xəbər verir ki, Moldova "İctimai Palata" adlı
qeyri-hökumət təşkilatı tərəfindən və Moldovanın parlament vəkili
(ombudsman) Aureliya Qriqoriunun himayəsi ilə keçirilmiş tədbir
böyük ictimai-siyasi diqqətə səbəb olub.
Konfransın işində Moldovanın keçmiş prezidenti Pyotr Luçinski,
Azərbaycan Respublikasının Kişinyovdakı səfiri Namiq Əliyev,
Moldovanın baş prokurorunun birinci müavini Andrea Pıntya,
Macarıstan, Ukrayna və Çexiya səfirləri, Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının rəhbəri
Aydın Səfixanlı, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasnın Siyasi Araşdırmalar İnstitutunun
direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Suxumi
Universitetinin professoru Guram Marxuliya, beynəlxalq münasibətlər
üzrə israilli ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut,
Kişinyovda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri,
Gürcüstan, Pakistan, Ukrayna və başqa ölkələrdən gəlmiş
ombudsmanlar və onların nümayəndələri iştirak və çıxış ediblər.
Konfransı açan Aureliya Qriqoriu qeyd edib ki, beynəlxalq elmi
ictimaiyyətin nümayəndələrinin, deputatların, qeyri-hökumət
təşkilatlarının, insan haqları üzrə milli təsisatların, Moldova
Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq
missiyaların göstərdiyi maraq və bu beynəlxalq konfransda iştirak
onu göstərir ki, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını
təyinetmə prinsipinin həyata keçirilməsi insanın fundamental
hüquqlarına riayət olunmasına bilavasitə təsir edir:
"Son vaxtlar ölkənin ərazi bütövlüyü və millətlərin öz
müqəddəratını təyinetmə prinsipləri müəyyən ziddiyyət təşkil edir
və heç bir ölkənin ərazisi onun razılığı olmadan dəyişdirilə
bilməz. Tərəflərin bu ziddiyyətləri aradan qaldırmasına nail
olmaması milli münaqişələrin dərinləşməsinə, bəzən hərbi
qarşıdurmaya gətirib çıxarır".
Konfransın plenar iclasında çıxış edən Azərbaycanın Moldovadakı
səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev xüsusi
vurğulayıb ki, dünyanın aparıcı ölkələri ərazi münaqişələrinin
həlli və insan hüquqlarının müdafiəsi məsələlərində beynəlxalq
hüquqa məhəl qoymadan ikili standartlar tətbiq edir, erməni
siyasətçilərinin etnik təmizləmə, Cənubi Qafqazda monoetnik zonalar
yaratmaq siyasəti yeritdiklərini görmürlər. Buna görə təsadüfi
deyil ki, "bumeranq qanunu" üzrə onlar özləri artıq belə
problemlərlə qarşılaşırlar.
Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru
Quram Marxulia Gürcüstanın və Azərbaycanın müstəqillik
tarixlərindən, strateji tərəfdaş ölkələr kimi üzləşdikləri müxtəlif
problemlərdən, Gürcüstan və Azərbaycanın 20% torpaqlarının işğal
olunmasından, ölkələrin dövlətçiliyinin qorunub saxlanılmasından,
hərbi gücünü ngetdikcə inkişaf etməsindən, hər iki ölkənin
ərazisindən ən böyük beynəlxalq layihələrin keçməsindən və əldə
olunan uğurlardan söhbət açıb. Professor Marxulia qeyd edib ki,
müəyyən zaman çərçivəsində Azərbaycan və Gürcüstanın işğal olunan
torpaqları geri qaytarılacaq və ərazi bütövlüyü təmin olunacaq.
Bu beynəlxalq konfransın "Ermənistan-Azərbaycan münaqişəsi"
panel çərçivəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
Müvəkkilinin (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı oz
çıxışında beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi
bütövlüyü və xalqların öz müqəddəratını teyin etmə prinsiplərinin
anlayışını geniş işıqlandırıb, xalqların öz müqəddəratını teyin
etmə hüququnun dövlətlərin suverenliyi və ərazi bütövlüyü ilə
uzlaşmalı olduğunu, beynəlxalq hüquqda xalqın etnik anlamda başa
duşulmediyini, xalq sözünün etnos kimi yox, demos kimi başa
düşüldüyünü, yalnız xalqın bütünlükdə belə hüququn daşıyıcısı
olduğu, milli azlıqların belə bir hüququnun olmadığını qeyd edib.
Daha sonra Aydın Səfixanlı Ermənistanın Azərbaycana hərbi təcavüzü
nəticəsində ərazi bütövlüyü prinsipinin, esas insan hüquq və
azadlıqlarının pozulduğunu, bununla bağlı BMT, Avropa Şurası,
Avropa Birliyi tərəfindən qəbul edilmiş sənədlər barədə geniş
məlumat verib. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsi, Azərbaycanın Avropa Şurasının Nazirlər
Kabinetinə sədrliyi dövründə ölkə başçısının qeyd etdiyi
prioritetlər barəsində geniş məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi
elmlər doktoru, professor Elman Nəsirov müzakirə olunan problemlə
bağlı çıxışında aşağıdakı elmi və siyasi mühakimələrini irəli
sürüb:
"Birincisi, Serj Sarkisyan hökuməti konfliktin həlli naminə
siyasi iradə nümayiş etdirmək iqtidarında deyildir, çünki bu
rejimin müvafiq addımları atmaq üçün ciddi sosial bazası yoxdur.
Xalqı səfalət, işsizlik və aclıq həddində yaşayan dövlətin
iqtidarının bu vəziyyətdə totalitar-terrorçu idarə metodlarına
üstünlük verməsi siyasəti anlaşılandır. Bu siyasətin mühüm
həlqələrindən birini də ölkədaxili ictimai fikri öz üzücü gündəlik
problemlərindən yayındırmaq və onu kənar istiqamətlərə yönəltmək
təşkil edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs rejimini kobud
şəkildə pozmaqla Azərbaycan tərəfini daha ciddi adekvat addımlar
atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici
problemlərin prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu
qoruyub saxlamağın Ermənistanda dəfələrlə sınaqdan çıxarılmış
üsuludur. İkincisi, Ermənistan dövləti beynəlxalq birlik, xüsusilə
də ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər.
Regionda sülh və sabitlik naminə, xüsusilə də daşıyıcısı olduqları
milli maraqlardan çıxış edərək həmsədrlər-ABŞ, Rusiya və Fransa
Serj Sarkisyan rejiminə müəllifi olduqları yeniləşmiş Madrid
prinsiplərini qəbul etdirə bilərlər. Xüsusilə bu istiqamətdə
Rusiyanın imkan və potensialı daha böyükdür. Hələ ki, bu baş
vermir. Bu, heç də o demək deyildir ki, həmin güclər Ermənistanın
müqavimət potensialını qıra bilmirlər. Əsla yox. Sadəcə bu və ya
digər səbəblərdən bunu etmirlər. Başqa sözlə, bunu etməli olan
dövlətlər üçün hələ ki, Dağlıq Qarabağ probleminin həlli beynəlxalq
gündəliyin prioritet məsələsinə çevrilməmişdir. Xüsusilə də Ukrayna
böhranı fonunda Rusiya ilə Qərbin münasibətlərinin son dərəcə
korlanması, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə də öz
mənfi təsirini göstərir. Üçüncüsü, BMT TŞ-nın münaqişə ilə bağlı
qəbul etdiyi 4 qətnaməsi (822, 853, 874, 884-1993-cü ildə qəbul
olunmuşdur), təşkilatın nizamnaməsinin özünümüdafiə hüququ ilə
bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə
yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi,
habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı işğalçı dövlət
elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi
bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini,
o cümlədən hərbi tənzimləmə variantını işə salmaq səlahiyyəti
verir. Dördüncüsü, Azərbaycanın mükəmməl informasiya
təhlükəsizliyinə malik olması, ifrat iqtisadi-hərbi potensialı,
demoqrafik üstünlüyü və möhkəm beynəlxalq mövqeləri qarşısında ya
Serj Sarkisyan rejimi vahimələnib münaqişənin həlli naminə siyasi
iradə nümayiş etdirər, ya da regionda müharibənin yenidən
alovlanmasını heç bir halda istəməyən, lakin bunun son dərəcə labüd
olduğunun fərqinə varan beynəlxalq güclər Ermənistanı anoloji addım
atmağa məcbur edərlər".
Beynəlxalq münasibətlər sahəsində İsrail eksperti Arye Qut
təəssüf hissi ilə bildirib ki, son 20 ildə BMT Nizamnaməsinin
prinsipləri və normaları real təcrübədə nəzəriyyəyə çevrilib:
"Vaxtı ilə Amerika diplomatı Henri Morgentau demişdir ki, məhz
hərbi güc dövlətin siyasi qüdrətini təmin edən ən mühüm amildir.
Sovet İttifaqında gedən yenidənqurma, aşkarlıq prosesi
antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni
dalğasını yaratdı. 1988-ci ildən başlayaraq kütləvi hədə-qorxular,
fiziki güc, ölüm, kəndlərin talan edilməsi, yandırılması həyata
keçirildi. Ermənistanın rayonlarından 250 min azərbaycanlı öz
ev-eşiyindən qovuldu. "Türksüz Ermənistan" kimi daşnak ideyası
reallaşdı. Erməni terror təşkilatları dünyanın müxtəlif ölkələrinin
erməni diasporunun maliyyə və ictimai dəstəyi ilə Azərbaycana qarşı
terror müharibəsi aparır. Baxmayaraq ki, bu gün dünya İraqda,
Əfqanıstanda və Suriyada terrorizmə qarşı bütün gücü ilə mübarizə
aparır, terrorçuluqla mübarizə sahəsində müxtəlif konfranslar və
forumlar keçirir, bu gün Ermənistan Respublikası dünyada dövlət
səviyyəsində terrorizmi dəstəkləyən yeganə ölkədir".
Sonra "Justice for Khojaly" beynəlxalq kampaniyasının İsrail
Dövlətində rəsmi koordinatoru Arye Qut konfrans iştirakçılarına
erməni faşistlərinin Xocalıda törətdiyi kütləvi qanlı qırğın və
soyqırımı haqqında ətraflı məlumat verib və bu çıxış zamanı
iştirakçılara Xocalı haqqında qısametrajlı sənədli film təqdim
edib. Bu qısametrajlı sənədli filmə baxan konfrans iştirakçıları və
qonaqlar qanlı qırğını əks etdirən filmdən şok yaşayıb.
"Misli görünməmiş vəhşiliklə törədilmiş bu kütləvi qırğın XX
əsrin ən qanlı faciələrindən biri olmuşdur. Bu qəddar və amansız
qətliam Azərbaycanın ürəyində sağalmaz yaradır. Bu faciə bütün
bəşəriyyətə qarşı cinayətdir. Erməni silahlı qüvvələrinin və muzdlu
dəstələrinin şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış
xocalılılara aman verməməsi artıq tarixi faktdır. Erməni silahlı
qüvvələrinin vəhşiliyi nəticəsində 613 adam qətlə yetirilmiş, 487
adam əlil olmuş, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir
düşmüş, ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz
qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. faktlar
təsdiq edir ki, Xocalının mülki əhalisinin qəsdən məhv edilməsi
onların hamısını yalnız bir səbəbdən - azərbaycanlı olmaları
səbəbindən kütləvi şəkildə məhv etmək məqsədi daşımışdır. Bu, əsl
faşizm və Azərbaycan xalqına qarşı barbarlığın təzahürü idi. Dünya
insanlığa sığmayan bu vəhşilikdən xəbər tutmalıdır. Dünya
bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına deyil, bütün
bəşəriyyətə qarşı yönəlmişdir. Bu gün Ermənistanda yüksək vəzifə
tutan adamlar – Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert
Koçaryan və başqaları bu soyqırımının təşkilatçıları kimi
beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər" - sonda Arye Qut
bildirib.
Azərbaycanın böyük dostu, Moldova Respublikasının parlament
vəkili (ombudsman) Aureliya Qriqoriu işğal, qaçqınların mövcudluğu,
münaqişə zamanı insan hüquq və azadlıqların pozulması, soyqırımı
kimi faktların beynəlxalq birliyin diqqətinə çatdırılmasının
vacibliyindən danışıb. Moldovalı ombudsman Dağlıq Qarabağı işğal
edən Ermənistanın və işğal altında olan ərazilərdə vəhşiliklər
törədən şəxslərin adlarının məlum olduğunu və onların Beynəlxalq
Məhkəmə tərəfindən məhkum olunmasının vacibliyini bildirib.