Azərbaycan paytaxtında oktyabrın 2-3-də keçirilən IV
Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul
olunub.
AzərTac xəbər verir ki, Bəyannamədə qeyd olunur:
"Biz, 2014-cü il 2-3 oktyabr tarixlərində Bakıda keçirilən
Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün müxtəlif ölkələrdən
toplaşmış siyasət, elm və mədəniyyət xadimləri, beynəlxalq
təşkilatlar, vətəndaş cəmiyyəti və kütləvi informasiya
vasitələrinin nümayəndələri Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaradılmasını alqışlayaraq;
ahəngdar davamlı inkişafın təmin edilməsi, dünyada artan siyasi
və hərbi münaqişələrin qarşısının alınması məqsədilə beynəlxalq
humanitar əməkdaşlığın və effektiv tərəfdaşlığın bu sahədə daim
artan əhəmiyyətini nəzərə alaraq;
Birləşmiş Millətlər Təşkilatının "Minillik Bəyannaməsi"ni və onun
2015-ci ildən sonrakı dövr üçün regional, iqtisadi, sosial və
gender inkişafı sahəsində dünyada müşahidə olunan bərabərsizliyin
aradan qaldırılmasına yönəlmiş gündəliyini rəhbər tutaraq;
istehlakın fasiləsiz artırılması hesabına iqtisadiyyatın
stimullaşdırılması üsullarının davamlı inkişaf prinsipləri ilə
ziddiyyət təşkil etdiyinə, ciddi resurs, etik, humanitar
məhdudiyyətlərlə üzləşdiyinə və qarşısıalınmaz qlobal ekoloji
problemlərə gətirib çıxardığına diqqəti yönəldərək;
müasir biliklərə, insan potensialına və ekoloji sivilizasiya
prinsiplərinə əsaslanan uzunmüddətli davamlı inkişafın təmin
edilməsinə töhfə verməyə çalışaraq;
qloballaşma şəraitində ümumi gələcəyimizin formalaşmasının səmərəli
elmi əsaslara söykənən və humanitar etikanın prinsiplərini nəzərə
alan intellektual, mədəni, sosial insan potensialının səfərbər
edilməsi və planetimizdəki mövcud təbii müxtəlifliyin qorunması
yolu ilə təmin olunmasını etiraf edərək;
XXI əsrin çağırışlarına müasir elmi və ənənəvi biliklərin yalnız
informasiya texnologiyaları ilə geniş inteqrasiyası şəraitində
səmərəli cavabın mümkünlüyünü, eyni dərəcədə onların qlobal və
milli səviyyələrdə geniş istifadə imkanlarını nəzərə alaraq;
ictimaiyyətin məlumatlılığının artırılmasında, humanitar inkişaf
sahəsində vəzifələrin həyata keçirilməsi və planlamada iştirakın
genişləndirilməsində vətəndaş cəmiyyəti və kütləvi informasiya
vasitələrinin xüsusi rolunu vurğulayaraq;
siyasi, mədəni və elmi elitanı, beynəlxalq təşkilatları,
vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin
nümayəndələrini inkişaf proseslərinin davamlılığının təmin olunması
məqsədilə humanitar əməkdaşlığı daha da gücləndirməyə
çağıraraq;
resursların məhdudluğu şəraitində onların davamlı inkişaf və
humanitar etika prinsiplərinə əsaslanan optimal istifadəsinin
qazanılmış nailiyyətlər zəminində aktiv fəaliyyəti nəzərdə
tutduğunu dərk edərək;
- Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən
humanist təcrübəyə doğru
- Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni
meylləri
- İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu
- Davamlı inkişaf və ekoloji sivilizasiya
- Qloballaşmanın çağırışları: ənənə və transformasiya
arasında
- Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə,
təcrübə, perspektivlər
- Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI
əsrin əsas çağırışları
- Humanizm postmodern dövrün başlıca dəyəri kimi problemlərini
geniş fikir mübadiləsi çərçivəsində nəzərdən keçirərək, beynəlxalq
humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi və
dərinləşdirilməsinin müasir çağırışlara və təhdidlərə effektiv
cavab olduğunu, indiki və gələcək nəsillərin rifahının təmin
olunmasına yönələn müasir idarəetmə və istehsal texnologiyalarının
tətbiqinin genişləndirilməsinə imkan yaratdığını təsdiq edirik;
Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən ənənəvi Bakı
Beynəlxalq Humanitar Forumunun postmodern dövrün əsas dəyəri kimi
humanist təcrübəyə əsaslanan multikulturalizmin inkişafına mühüm
töhfə verdiyini qeyd edirik;
son illər ərzində Azərbaycan Respublikasında, eləcə də bir sıra
ölkələrdə davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə
olunması sahəsindəki əhəmiyyətli irəliləyişin beynəlxalq
təşkilatların hesabatlarında öz əksini tapdığının şahidi
oluruq;
istehlak cəmiyyətinin səmərəli kafilik səviyyəsində bir humanist
istehlak cəmiyyətinə çevrilməsi və eyni dərəcədə ekoloji
sivilizasiyanın tələblərinə cavab verən həyat tərzinə nail olunması
üçün beynəlxalq əməkdaşlığın gələcək inkişafının vacibliyini xüsusi
vurğulayırıq;
ən yeni elmi nailiyyətlərə əsaslanan nanotexnologiyaların və
biotexnologiyaların tətbiqinin, eləcə də ərzaq və dərman
təhlükəsizliyinin təmin olunması üçün müasir və ənənəvi
texnologiyaların konvergensiyasının, insanların uzunömürlülük
potensialının gerçəkləşdirilməsinin və həyat keyfiyyətinin
yüksəldilməsinin əhəmiyyətini qəbul edirik;
fənlərarası da daxil olmaqla ən yeni bilik və bacarıqların
fasiləsiz təhsil proqramları ilə inteqrasiyasının, eləcə də bu
sahədə əməkdaşlığın genişləndirilməsi vasitəsilə insan
potensialının inkişafının davamlı inkişafın ən mühüm humanitar
meyarı olduğunu etiraf edirik;
humanitar inkişafın məqsədlərinə nail olunmasında kütləvi
informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin məlumatlılığın
yüksəldilməsi və inkişafın humanitarlaşdırılması proseslərində
iştirakının genişləndirilməsi yolu ilə getdikcə artan rolunu nəzərə
çarpdırırıq;
humanitar inkişaf sahəsində ixtisaslaşmış müxtəlif beynəlxalq və
milli qurumları tolerantlıq, qarşılıqlı ehtiram mühitinin
formalaşdırılması və müasir qlobal, lokal çağırışların həllinə
yönəlmiş müntəzəm forum, konfrans, müzakirə və dəyirmi masalar
təşkil etməyə çağırırıq;
bu kimi forumların hər il keçirilməsi zərurətinə əminliyimizi
ifadə edərək Azərbaycan Respublikasının Prezidentinə və Hökumətinə,
Heydər Əliyev Fonduna, Bakı Beynəlxalq Humanitar Forumunun bütün
təşkilatçılarına belə mötəbər və səmərəli tədbir keçirdiklərinə
görə dərin minnətdarlığımızı bildiririk;
bu Bəyannamənin qəbul edilməsini və humanitar inkişaf sahəsində
əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadəsini vacib
sayırıq".