Əkrəm Feyzi Tərzioğlu Axar.az-ın oxucularına yaxşı
tanışdır. O, İraq-Türkman Yazıçılar Birliyinin sədri, İraq
Parlamentinin keçmiş millət vəkili, Dünya Azərbaycanlıları
Konqresinin İdarə Heyətinin üzvüdür. Azərbaycana tez-tez gəlir. Bu
dəfə Bakıya Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün
gəlmişdi.
Oktyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Dil
Qurumu İctimai Birliyinin keçirdiyi növbəti tədbirdə iştirak edən
Ə.F.Tərzioğlu yaşadığı bölgənin terrorun qurbanı olmasından, İŞİD
adlanan qondarma dövlətin törətdiyi qətllərdən bəhs etdi. Adı
çəkilən "dövlətin" ABŞ-ın vitse prezidenti Co Baydenin xüsusi
təlimatlarına görə, Türkman elində və digər ərazilərdə qətllər
törətdiyindən söz açan Feyzi bəy dünya ictimaiyyətinin bu olaya
biganə qalmasından da danışdı. Tədbir sonu fürsət tapıb ona bir
neçə sualla müraciət etdik.
Axar.az-ın suallarını cavablandıran Əkrəm bəy İslam dünyası üçün
müqəddəs məkanlardan olan Kərbəlada da terror hadisələrinin
törədildiyindən, partlayışların baş verməsindən ürək ağrısı ilə söz
açdı:
- Hər gün acı xəbərlər eşidirik. İraq türkmənlərinə qarşı
genosid edilir. Bundan çox əzab çəkirik. Minlərlə insanımız qətl
edilib. Yüzlərlə çocuğumuz atasız, qadınlarımız dul, analarımız
övladsız qalıb.
- Əkrəm bəy, mətbuatdan İraq türkmanlarının durumu hər
kəsə aydın idi. Son vaxtlar Qərb və Avropa İŞİD-ə qarşı birgə
əməliyyatlar keçirir. İndi durum necədir?
- Vəziyyət indi də gərgindir. İŞİD Amerikanın vitse-prezidenti
Co Baydendən aldığı təlimat üzrə qətllər, dağıntılar, partlayışlar
törədir. 3 milyonluq İraq türkmanlarına qarşı haqsızlıqlar
dayanmadan davam edir. Dilafərdən Bəsrəyə qədər olan məsafədə
vəziyyət daha acınacaqlı, ürəkağrıdıcıdır. Böyük Füzulinin uyuduğu
Kərbala torpağı terror nəticəsində tamam dağılmaq üzrədir.
Əkrəm bəy İraqın Keçmiş baş naziri Nuri əl-Malikinin yürütdüyü
siyasətlə də bağlı fikirlərini bizimlə bölüşdü:
- Maliki xalqın seçimi ilə hakimiyyətə gəlmişdi. O, vəzifəsindən
getdikdən sonra yeni gələn rəhbəri də xalq seçdi. Amma Malikiyə
görə üsyan qaldıranlar, İŞİD-çilər geri çəkilmədilər. Yenə də
ərazidə qətllər törədirlər. Təbliğatları da güclü oldu. Media
istəsə ağı qara rəngdə verə bilər. Verir də. Dünya mətbuatı İŞİD
üsyanının Malikiyə görə baş verdiyini desə də, əslində bu, belə
deyil. Onlar İraqın bütövlüyünün əksinə gedir, Bölgədə Sünnistan,
Şiəistan və Kürdüstan yaratmaq niyyətindədirlər. Bu gün ən çox
əziyyət çəkən isə türkmanlardır. İndi tədbirdə təhsildən bəhs
olundu. Azərbaycanın aydınları danışdı. Çox istərdim ki, İraq
türkmanları Azərbaycanda təhsil alsın, maariflənsin. Biz axı
qardaşıq.
- Əkrəm bəy, siz çıxışınızda Türkiyə dövlətindən giley
etdiniz.
- Bizim gileyimiz təkcə Türkiyə cümhuriyyətindən deyil. Bütün
türk dünyasından gözləntilərimiz var. Türkiyə Fələstinə, ərəb
ölkələrinə necə sahib çıxırsa, bizə də elə sahib çıxmalıdır.
Ümidimiz türk dünyasınadır. Azərbaycanadır. Bütün sahələrdə, həm
isqtisadi, həm mənəvi, həm də hərbi yardımlar edilməlidir.
- Hərbi müdaxilə dediniz, axı bu bir ölkənin ərazisinə
digər bir ölkənin qanunsuz hərbi müdaxiləsi kimi
anlaşılacaq.
- Bizim yüzlərlə yaralılarımız var. Aclıq və səfalət müharibənin
gətirdiyi bəladır. Türkiyə ərəblərə sığınacaq verir, onların
yaralılarını müalicə edir, heç olmasa bizlərə də bunun yarısını
etsəydi. Amma biz bunu gözləsək də, umsaq da bu yoxdur. Bilirsiz
ki, Kərkük türkmanların çox sıx yaşadığı bir ərazidir. Bura neftlə
zəngindir. Türkmanları məhv etməklə bu yerləri Kürdüstana vermək
istəyirlər. Baxın, əslində müharibə bu yerlərə sahib olmaq uğrunda
gedir. Amerika, Almaniya, İtaliya və bir çox ölkələr indi İŞİD-i
bombalayır, ona görə ki, İŞİD Kürdüstana qarşı da vuruşur. Bu
ölkələr Kürdüstanı qoruyur.
- Sizin dərdləriniz bizə doğmadır. Eyni acını
yaşayırıq.
- Elədir. Azərbaycan da bölgədə təklənmiş bir ölkədir.
Torpaqlarının 20 faizi işğal olunub. Arzu edirik ki, torpaqlarımız
işğaldan azad olsun.