Nəzmiyyə Hicran
Şair-publisist
Hamımıza məlumdur ki, hal-hazırda qardaş ölkə olan
Türkiyədə 5 minə yaxın Azərbaycanlı tələbə təhsil alır. Türkiyə Ali
Təhsil Şurasının sədri Gökhan Çetinkaya bu rəqəmin gələcəkdə daha
da artacağını jurnalistlərə açıqlamalarında
bildirmişdir.
Mən isə şair-publisist olaraq Türkiyə səfərlərimdə də
gənclərimizlə görüşür və onların ədəbi fəaliyyəti ilə daha yaxından
tanış oluram. Bu yaxınlarda Sakarya Universitetində təhsil alan
tələbələrlə, o cümlədən universitetin rektoru professor Muzaffer
Elmas bəylə görüşümüz oldu. Azərbaycanlı gənc fəal, Sakarya
Universitetinin Azərbaycan ÖGRENCİ toplumunun başqanı Aliq Xaliq
oğlu Bağırov tələbə gənclərlə bizi görüşdürdü və gözəl bir gün bəxş
etdi biz jurnalistlərə...
Əslən Gədəbəydən olan və ikinci təhsilini Sakarya
Universitetində başa vuran Aliq Bağırovun təşkilatçılığı,
azərbaycanlı tələbələrə dəstəyi, əhatəsinin genişliyi məni çox
qürurlandırdı. Maddi durumu aşağı səviyyədə olan tələbələrin təqaüd
ilə, yataqxana ilə, qida ilə təmin edilməsində əməyi olan gənc
həmkarımızın ədəbi fəaliyyəti də gözümüzdən yayınmadı...
Müxtəlif zamanlarda, asudə vaxtlarında istər azərbaycanlı,
istərsə də əcnəbi tələbələri bir yerə toplayıb Koçelide yerləşən
Heydər Əliyev parkına, Heydər Əliyev muzeyinə, o cümlədən, Xocalı
soyqırımının anılacağı yerlərə aparan və məlumat verən Aliq Bağırov
bütün bu fəaliyyətində ona yardımçı olan tələbə Aysel Hüseynovadan
ağız dolusu danışdı.
Azərbaycanın tarixi günlərini, işğal altında olan rayonlarımızın
anım günlərini, həmçinin milli bayramlarımızı Türkiyədə layiqincə
qeyd edən, təbliğ edən gənclərimizin nə qədər zəngin dünyagörüşə
malik olmaları danılmaz və qaçılmazdır...
Mən bir daha şahid oldum ki, hər milləti tanıdan, sevdirən onun
ölkədən kənardakı nümayəndələridir.
Aliq Bağırov, Aysel Hüseynova məndə gəncliyə fərqli bir duygu
yaratdı. Onların kültürlüyü, vətənpərvərliyinin heyranlığını hər
bir ölkədə müşahidə etmək istərdim. Çünki biz ölkəmizin içindən
deyil, ölkəmizin ucqarlarından dünyaya daha yaxşı boylana bilir,
səsimizin eşidiləcəyi qədər yüksəklərə hayqıra bilirik.
Mustafa Kamal Atatürkün, Məmməd Əmin Rəsulzadənin, Əlbülfəz
Elçibəyin, Heydər Əliyevin övladları olduğumuzu daha çox sübut edə
bilirik. Onun üçün də biz gənclərimizə hər zaman dəstək durmalı,
onları ruhlandırmalıyıq...
Mən bir qələm adamı olaraq bu günki gəncliyimizlə, Aliq
Bağırovlarla fəxr edirəm.
Vətən anadır, Vətən çörəkdir, Vətən – Vətəndir... Vətəndə vətən
deməklə vətəndaş olmaq olmur, heç vətənpərvər də olmaq olmur...
Odur ki, Vətənimizi uzaqlarda, getdiyiniz yerlərdən də uzaqlarda
işıqlandırın, əziz gənclərimiz... Axı bu gün işıqlı
Azərbaycanımızın gələcəkdə əl çatmayacaq parlaqlıqları var... Bax
biz onu fəth eməyə də can atmalıyıq!