"Bir tərəfdən İŞİD-in
Türkiyə sərhədlərinə yaxın Suriyadakı hərbi əməliyyatları, xüsusilə
də kürd şəhəri olan Kobanini seçməsi, başqa bir tərəfdən isə həmin
şəhərin PKK yönümlü olması, oradakı peşmərgə dəstələri həqiqətən
Türkiyəni çox çətin duruma saldı".
Bunu Axar.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin
rəhbəri Ərəstun Oruclu İŞİD və PKK arasında qalan Türkiyənin çıxış
alternativlərini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Türkiyə İŞİD-ə kürdlərin şəhərinin
işğal olunmasına və onlara qarşı qırğın törədilməsinə imkan
versəydi, bu, birbaşa Türkiyənin daxili siyasətinə təsir
edərdi:
"İŞİD İraqda kürdlərə hücum edəndə Türkiyədə o qədər də reaksiya
doğurmadı, çünki İraq kürdləri PKK-ya bağlı deyillər. Amma
Kobanidəki kürdlər PKK-çı olduğundan türklərin onları müdafiə
etməməsi məhz ölkə daxilində kürdlərin kompakt yaşadığı ərazilərdə
etirazlara səbəb oldu. Beləliklə, Türkiyə bir tərəfdən PKK-ya
yardım etməkmi, İŞİD-ə göz yummaqmı, 3-cü bir tərəfdən kürdləri
müdafiə adı altında Kobaniyə qoşun yeritməkmi kimi çətin duruma
düşdü. Əgər Türkiyə bunu etsəydi, Kobani Suriya ərazisi olduğundan
Türkiyə 3-cü bir tələyə düşmüş olardı. Çünki bu, Türkiyəni başqa
bir dövlətin ərazisinə təcavüzü kimi qələmə verilərdi. Bax bu,
Türkiyə siyasəti üçün çox ciddi bir sınaq oldu. İŞİD-ə dəstəkdən
söhbət belə gedə bilməz, PKK-ya dəstək vermək Türkiyənin PKK-nı
terror siyahısından çıxarmaq olardı ki, bunun arxasınca da bütün
dünya dövlətləri o addımı atmaqda sərbəst olacaqdılar. Əgər Türkiyə
İŞİD-in kürdlərə qarşı qırğın törətməsinə hərbi müdaxilə edərsə,
bu, faktiki olaraq müharibəyə gətirəcəkdi. Daxilində müəyyən
itkilər verərək Türkiyənin belə neytral mövqe tutması hələlik
ölkədəki vəziyyəti sabit saxladı. Hesab edirəm ki, bu mərhələyədək
Türkiyə vəziyyətdən nisbətən yaxşı çıxıb".
Ə.Oruclu baş verənlərin Türkiyə üçün ciddi bir mesaj olduğunu,
bu kimi halların təkrarlana biləcəyini bildirib:
"PKK dəstələrinin anti-terror koalisiyası qüvvələri tərəfindən
silahlandırıldığının şahidi olduq. Türkiyənin iradəsindən asılı
olmayaraq 30-a yaxın dövlətin toplaşdığı İŞİD-ə qarşı koalisiyanın
üzvləri faktiki olaraq Kobanidəki kürdləri silahlandırdılar. Məhz
həmin koalisiyanın adından silahlandırma gedir. Dolayısı olsa da,
prinsip etibarilə Türkiyə də bu siyahıdadır. Kobaninin seçilməsi
isə heç də təsadüfi deyildi. Görünür, İŞİD və ya onun sifarişçiləri
həmin münaqişəyə məhz Türkiyəni cəlb etmək istəyirlər. Baxmayaraq
ki, terrorçular Suriya sərhədlərindən Türkiyəyə də təhlükə
yaradırlar. Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlara
başlaması bu ölkə üçün yolverilməzdir. Bölgə olaraq Kobaninin
seçilməsi sübut edir ki, İŞİD müharibəyə məhz Türkiyəni cəlb
etməkdə maraqlıdır".