"Ümumiyyətlə, prezidentlər səviyyəsində hər bir görüş
müsbətdir. Bu kimi görüşlər münaqişənin həlli prosesini irəli
aparmaq məqsədilə qarşı tərəfin yanaşmasını başa düşməyə yardım
göstərir".
Bunu AzərTac-a açıqlamasında Azərbaycanın xarici işləri naziri
Elmar Məmmədyarov erməni həmkarı Eduard Nalbandyanın Paris
görüşünün nəticələri barədə səsləndirdiyi fikirlərə münasibət
bildirərkən deyib.
Nazir bildirib ki, Paris görüşündə gün ərzində danışıqlar bir
neçə mərhələdə keçirilərək, hələlik inkişafa nail olunmamış
məsələlərə baxılıb: "Prezident İlham Əliyev bir daha Azərbaycanın
prinsipial mövqeyini səsləndirərək qeyd etdi ki, münaqişənin sülh
yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına nail olmaq
lazımdır".
E.Məmmədyarov qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri
tərəfindən də aydın şəkildə dəstəklənən və BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrində təsbit olunmuş Azərbaycanın bu
tələbinin yerinə yetirilməsi ilə regionda təhlükəsizlik, sərhəd və
kommunikasiyaların açılması və etimad quruculuğu tədbirləri üzrə
məsələlərin razılaşdırılması üçün geniş imkanlar yaranacaq: "Belə
ki, Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda,
snayperlərə ehtiyac qalmayacaq və əsaslı şəkildə hərbi insidentlər
azalacaq. Biz sülhü bərqərar edəcəyik və regionu inkişaf
etdirəcəyik. Görüşün əsas nəticələrindən biri kimi mən Fransa
Prezidenti Fransua Ollandın böyük sülh sazişinin layihəsi üzərində
işə başlamağın zəruriliyi barədə münaqişə tərəfləri kimi Ermənistan
və Azərbaycana çağırışını qeyd edərdim. Azərbaycan dəfələrlə bəyan
edib ki, bu işə hazırdır".