2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki
"Azərspace-1"in uğurla orbitə çıxarılması ilə "Azərkosmos" ASC öz
müştərilərinə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet
xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə
platformaları təqdim etməyə başlayıb.
Sonra prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli
peyk operatoru "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and
Space" şirkəti arasında müqavilə imzalanıb. Bu müqavilə ilə
Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji
əməkdaşlıq çərçivəsində bu ilin iyununda orbitə çıxarılan və yeni
adı "Azersky" olacaq "Spot 7" yüksək ayırdetməli Yer səthinin
məsafədən müşahidə peyki "Azərkosmos" ASC-yə təhvil verildi.
Report.az xəbər verir ki, dövlət başçısı
peykdən ilk rəmzi görüntünü əldə etməklə "Azersky" peykinin
kommersiya fəaliyyətinə start verib.
Müqaviləyə əsasən "Azərkosmos"a məxsus "Azersky" və "Airbus
Defence" and Space" şirkətinə məxsus "SPOT 6" yüksək ayırdetməli
Yer səthinin məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək
xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə
olunacaq.
Həmçinin, Azərbaycanda quraşdırılacaq yerüstü stansiya
"Azərkosmos" ASC-yə kommersiya hüquqları "Airbus Defence" and
"Space" şirkətinə məxsus çox yüksək ayırdetməli Pléiades 1A və 1B
peyklərindən istifadə imkanı yaradacaq.
Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə
olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk
görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək
imkanı verir. "Azersky" və "SPOT 6" peyk toplusu bir gün ərzində 6
milyon kilometr ərazinin şəklini çəkə bilir. Bu, o deməkdir ki, Yer
kürəsinin hər bir nöqtəsi hər gün "Azersky" və "SPOT 6" peykləri
tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər. Bütün bunlar
Azərbaycanın mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr
arasında daha da möhkəmləndirəcək.
Dövlət başçısı sərgidə "Euronews" telekanalının müxbirinə
müsahibə verdi.
- Cənab prezident, innovativ texnologiyaların həyata
keçirilməsi baxımından siz bu müqaviləni necə
qiymətləndirirsiniz?
- Bu, bizim üçün əlamətdar gündür. Bu müqavilənin imzalanması
kosmik sənayenin inkişafı baxımından Azərbaycan üçün çoxlu imkanlar
açır. Bildiyiniz kimi, biz iqtisadiyyatımızın şaxələndirilməsi
siyasətini həyata keçiririk və bu siyasət uğurludur.
İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar
bizim üçün əsas prioritetlərdən biridir. Yəqin bilirsiniz ki, biz
artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam
edəcək. Bu, texnologiya, inkişaf, biznes, təhsil baxımından bir çox
imkanlar açır. Eyni zamanda, bu peyk bizə kənd təsərrüfatı,
fövqəladə hallar sahələrində, həyatımızın müxtəlif sahələrindəki
imkanlarımızı daha ətraflı qiymətləndirməyə kömək edəcək. Mən bu
müqaviləni yüksək qiymətləndirirəm. Eyni zamanda, bu, Fransa ilə
Azərbaycan arasında ikitərəfli səviyyədə beynəlxalq əməkdaşlığın
yaxşı nümunəsidir, çünki bu layihə hər iki prezident tərəfindən
dəstəklənir. Eyni zamanda, "Azərkosmos" və "Airbus" arasında yaxşı
əməkdaşlıq mövcuddur.
- Cənab Prezident, yəqin razılaşarsınız ki, "BakuTel"
sərgisi telekommunikasiya nəhənglərini bir araya gətirir. Bu yüksək
səviyyəli mütəxəssislər üçün növbəti prioritet nədən ibarət
olmalıdır?
- "BakuTel"in böyük tarixi var. Artıq 20 ildir ki, biz bu
sərgini keçiririk. Bu, onu göstərir ki, İKT-nin inkişafı baxımından
Azərbaycan regionun mərkəzlərindən biridir. Bildiyiniz kimi, biz
neft-qaz sahəsinin inkişafı, neft-qaz infrastrukturu baxımından
regionun mərkəzlərindən biriyik. Lakin bir neçə il bundan əvvəl biz
iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına
çevirməyi qərara aldıq və transformasiya çox uğurludur. Biz qara
qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata
keçiririk. Bu səbəbdən "BakuTel" şirkətlərin Azərbaycanda fəaliyyət
göstərməsi, Azərbaycanın artan iqtisadiyyatından faydalanması üçün
bir çox imkanlar açır. Eyni zamanda, bu, bizə müasir beynəlxalq
ekoloji inkişafın bir hissəsi olmağa imkan verir. Sonuncusu isə
təhsildir. Minlərlə azərbaycanlı gənc burada hazırlanır, müxtəlif
beynəlxalq şirkətlərdə çalışır və təhsil kurslarında iştirak edir.
Bu, ölkənin inkişafı, müasirləşməsi, uğurlu gələcəyinə olduqca
müsbət təsir göstərir.
- Bizə vaxt ayırdığınız və cavablarınız üçün təşəkkür
edirəm.
- Təşəkkür edirəm.