Noyabrda Azərbaycanın hava məkanına soxulmuş erməni
vertolyotu vurulanda ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu
bu hadisə ətrafında yaradılan informasiya blokadasını yaranların
önündə gedirdi. Səfir Rusiyanın aparıcı KİV-lərinə bu olay haqda
demək olar ki, hər gün müsahibə və açıqlamalar verərək əsl
həqiqətin yayılmasına yardımçı olurdu.
Digər tərəfdən, əvvəllər qeyri-dost şimal qonşumuz olan
Rusiyanın Azərbaycanla əlaqələri son illər daha da möhkəmlənərək
etibarlı strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə yüksəlib.
Təkcə Qarabağın yox, elə Azərbaycanın, ümumən bütün Qafqazın taleyi
də bu münasibətlərin xarakterindən asılıdır.
P.Bülbüloğlu Virtualaz.org saytına müsahibəsində bu və digər
məsələlərə aydınlıq gətirib.
- Azərbaycan-Rusiya münasibətləri son illər sıxlaşıb.
Çoxu bunu sizin xidmətiniz sayır...
- Xarici siyasətdəki uğurlarımızın hamısı bir adamın - prezident
İlham Əliyevin xidmətləridir. Onun göstəriş və tapşırıqları olmasa,
xarici siyasət sahəsində işləmək mümkün deyil. Bəxtimiz onda
gətirib ki, bu cür qarışıq, gərgin dövrdə dövlətimizə belə peşəkar
və təcrübəli diplomat başçılıq edir. Azərbaycan məhz İlham Əliyevin
siyasəti sayəsində xeyli kataklizmlərdən yayına bilib.
Çox təəssüf ki, biz hər gün qan tökülməsinə vərdiş edirik. Hər
gün haradasa 10, bəzən 100 adam ölür... Dahilərdən biri deyib ki,
coğrafiya əslində taledir. Azərbaycanın ətrafına baxın. Hamısı
keçmiş nəhəng imperiyalardır- Rusiya, Osmanlı Türkiyəsi, İran...
Əlbəttə, belə ölkələrin əhatəsində olduğumuz üçün biz onların
maraqlarını nəzərə almağa məcbur olmuşuq. Təbii ki, biz
azərbaycanlılar Qarabağ münaqişəsinin həllini istəyirik. Mən bir
qarabağlı kimi ikiqat utanıram. Axı vaxt sürətlə gedir. Gələn il 70
yaşım tamam olacaq. Bu yaşda olan adam düşünür ki, öz dədə-baba
torpaqlarını bir daha görmək ona qismət olacaqmı. Təəssüf ki, xeyli
qarabağlı bu nisgillə dünyadan köçdü. Misal kimi Süleyman
Ələsgərov, Şahmar Əkbərzadə və digərlərini göstərə bilərəm. Hərdən
fikirləşirəm, Qarabağın işğalını nə yaxşı ki, Üzeyir Hacıbəyli,
Bülbül, Səməd Vurğun, Qurban Pirimov görmədilər. Onlar dəli
olardılar.
Məncə, bu gün həlledici məqam yetişir. Torpaqalrımızı azad etmək
üçün hamımız birləşməliyik. Burada iqtidar-müxalifət söhbəti ola
bilməz. Bütün azərbaycanlılar qarabağlı olmalıdır. Ermənilərə
baxın. Türkiyədə "Hamımız erməniyik, hamımız Hrant Dinkik" şüarı
ilə necə birləşmişdilər.
Şuşasız Azərbaycan yoxdur, ola bilməz! Bunu hər birimiz başa
düşməli və yadda saxlamalıyıq. Amma onu da deyim ki, küçədə yumruq
yelləmək dövrü artıq keçib. Ən yaxşısı kompüterin arxasına keçib
fikrini bildirməkdir. Gənclərə bunu tövsiyə edirəm.
- Rusiyanın iqtisadi inkişaf naziri Ulyukayev bir müddət
əvvəl Azərbaycanın Gömrük İttifaqına daxil olmasını israrla xahiş
edirdi. Rusiya bu israrında qalırmı?
- Heç kim heç nə xahiş etməyib. Jurnalistlər Ulyukayevin
sözlərini təhrif etmişdilər. O deyirdi ki, bu, inteqrasiyanın
mümkün variantlarından biridir. Bu məsələdə heç kimin rəsmi
müraciəti olmayıb. Ola bilsin, mətbuatda nəsə eyhamlar vurulub,
amma bizə rəsmən heç kim müraciət etməyib. Məsələ başqa şeydədir.
Bizim Gömrük İttifaqına üzv olan ölkələrin üçü ilə böyük ticarət
mübadiləmiz var. Onlar bizim ənənəvi satış bazarlarımızdır. Əgər
Gömrük İttifaqı normal işləsə, bu məqam bizə sadəcə əlverişli
olacaq. Digər məsələ isə artıq siyasi xarakterlidir. O da budur ki,
biz torpaqlarımızın bir hissəsini işğal etmiş bir ölkə ilə eyni
ittifaqda ola bilərik, ya yox. MDB nümunəsi bizə yetər. Ona görə də
öncə Qarabağı azad etmək, sonra isə inteqrasiyadan danışmaq
lazımdır. Rusiya ilə isə dost olmalıyıq. Qonşuyuq, yaxın xalqlarıq.
Qırılmaz mədəni-tarixi bağlarımız var. Onları heç bir halda qırıb
atmaq olmaz. Rusiya təkcə generallar və siyasətçilər ölkəsi deyil,
həm də mədəniyyət beşiyidir. Dünyanın ən böyük və qabaqcıl
mədəniyyət mərkəzlərindən biridir. Əlaqələrimizə gəlincə isə onlar
ildən-ilə daha praqmatik və konstruktiv xarakter alır.
- Yəni hesab edirsiniz ki, iki ölkənin münasibətlərində
heç bir məcburiyyət amili yoxdur?
- Yoxdur. Rusiya tərəfdən bizə nə siyasi, nə də istisadi
baxımdan heç bir təzyiq yoxdur. Əlbəttə, bütün Cənubi Qafqaz
regionunun dünyanın hərbi cəhətdən ən güclü və ən böyük ölkəsi olan
Rusiyadan müəyyən asılılığı var. Sirr deyil ki, Ermənistanda böyük
rus hərbi bazası var. Rusiya Ermənistanla birgə Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan silahı
dünya bazar qiyməti ilə alırsa, Rusiya onu Ermənistana daxili
qiymətlərlə satır. Ona görə də Azərbaycan Rusiyanın regiondakı
maraqlarını gözardı edə bilməz.
- Rusiyada bəziləri Azərbaycanı BMT TŞ-də Ukraynanı
dəstəklədiyinə görə ittiham etdi. Sizə bununla bağı narazılığını
bildirənlər oldumu?
- Yox. Rusiyanın diplomatik dairələrində Azərbaycanın bu
addımını adekvat qarşıladılar. Diplomatlarla görüşlərimdə onlara
izah etdim ki, bizim Qarabağ kimi problemimiz var deyə biz bütün
ölkələrin ərazi bütövlüyü prinsipini müdafiə edirik. Rusiya XİN-in
reaksiyasına əsasən deyə bilərəm ki, onlar bizim bu mövqeyimizi çox
sakitcə qarşıladılar. Kiminsə bundan narazı qalması bizim üçün əsas
deyil. Guya Azərbaycanın özündə öz bildiyini yazan, danışan azdır?!
Bəzi saytlar Rusiyada heç kimin tanımadığı eksperti, politoloqu
tutub Rusiya barədə danışdırır. Burada da elədir. Bəzən sıradan
adamları Rusiyanın az qala ən məşhur politoloqu kimi təqdim edirlər
deyə belə fikir ayrılıqları mənzərəsi meydana çıxır. Məsələn, hər
bir KİV Qarabağda vurulan vertolyot barədə bir cür yazırdı.
Bəziləri yazırdı ki, bu işin arxasında ABŞ-ın əli var, başqası
yazırdı ki, sifariş Rusiyadan verilib və s. Amma bunu heç kim
yazmadı ki, bu, işğal olunmuş ərazilərdə hücuma keçən hərbi
vertolyotdur və o, hərb qanunlarına əsasən vurulub. Onun
vurulmasına da birbaşa səngərdəki komandir qərar verib. Həmin
komandir bu qərarı nə Ali Baş Komandanla, nə də müdafiə naziri ilə
razılaşdırmalı deyildi. O, yaranmış vəziyyətə uyğun qərar verib
buna uyğun da hərəkət etməli idi. Yeri gəlmişkən, Azərbaycan və
Ermənistanın müdafiə nazirləri həmin vaxt Moskvada MDB ölkələri
müdafiə nazirlərinin görüşündə idilər. Heç kəs ilkin səbəbi
axtarmaq istəmir. Qoşunlarınızı işğal olunmuş ərazilərdən geri
çəkin, belə hadisələr də olmasın. Bu torpaqlar Azərbaycana
məxsusdur və ermənilərin orada heç bir hərbi təlimi keçirilə
bilməz. Bu təlimlər başlamazdan əvvəl Azərbaycan onun
yolverilməzliyini bəyan etmişdi. Amma ermənilər o təlimləri
keçirdi. Yəni səbəbi aradan qaldırmaq, ondan sonra nəticə barədə
danışmaq lazımdır. Müharibə hələ başa çatmayıb. Mən hər yerdə
deyirəm ki, biz torpaqlarımızı azad edənədək mübarizə aparmaqda
davam edəcəyik.
- Bəs Rusiya bir həmsədr
dövlət kimi bununla bağlı konkret mövqeyini niyə ortaya
qoymur?
- Buna şübhəniz olmasın ki, Rusiyanın ali rəhbərliyi işğalçının
kim olduğunu gözəl bilir. Rəsmi Moskva Azərbaycanın ərazi
bütövlüyünü davamlı surətdə dəstəkləyir və qondarma "DQR"-i
tanımır. Lakin problem erməni tərəfinin maniakal inadkarlığı
ucbatından təəssüf ki, hələ də həll olunmamış qalır.
- Bu yaxınlarda Kazanda keçirilən forumda insident oldu.
Azərbaycan xəritədə Qarabağsız göstərildi. Azərbaycan buna etiraz
edəndə təşkilatçılar dedilər ki, həmin xəritə Azərbaycanın
Rusiyadakı səfirliyi ilə əvvəlcədən razılaşdırılıb...
- Ağ yalandır. APA agentliyinin müxbiri bu yaxınlarda həmin
forumun təşkilatçısı olan senator Andrey Klimovdan müsahibə
almışdı. Klimov da bu informasiyanı təkzib etdi. Bu cəfəngiyyat
haqda danışmağa belə dəyməz. Amma bir şeyi deyim. Bəzi
jurnalistlərin səfirliyin fəaliyyətindən həddən artıq böyük
gözləntiləri var. Halbuki biz nəhəng siyasi landşafta malik bir
ölkədə vur-tut diplomatik missiya funksiyasını yerinə yetiririk.
Biz olduğumuz ölkənin daxili proseslərinə müdaxilə edə bilmərik. Bu
prosesləri uzaqbaşı izləyə, lazım gələndə, təxirəsalınmaz hallarda
öz fikrimizi bildirə bilərik ki, bunu da edirik. Amma bürokratik
sistem əksər ölkələrdə olduğu kimi, burada da çox sürətlə
işləyir.
- Azərbaycanda çoxları Jirinovskinin Bakı səfərindən
naraz qaldı. Bəs sizin buna münasibətiniz necə oldu?
- Jirinovski Bakıdan qayıdandan sonra Azərbaycan haqda nə dedi?!
Dedi ki, "ən gözəl şəhər, ən yaxşı respublika, ən yaxşı
prezident!". Bəyəm bu azdır?
- Bəs onun əvvəlki çıxışları necə olsun?
- Jirinovski emosional siyasətçidir. O da bu cürdür. Bu, onun
imicidir. Jirinovski onun Bakıya səfərini təşkil etməyi buna qədər
dəfələrə xahiş etmişdi. Hər dəfə də bu cavabı alırdı ki, bu cür
danışandan sonra Bakıya necə gedə bilərsən axı. Amma o deyirdi ki,
Bakını öz gözlərimlə görmək istəyirəm, məni ora niyə
buraxmırsınız.
Nəhayət, gəldi, hər şeyi gördü. Mənə dedilər ki, Jirinovski
Bakıda məktəbə baş çəkərkən orada şagirdlərin rus dilini necə
yüksək səviyyədə bilməsinə mat qalıbmış. Axı Rusiyada çoxunun
Azərbaycan haqda yanlış təsəvvürü var. Çoxu elə bilir k, burada
müharibə gedir, insanları öldürürlər. Bu mənada Azərbaycanın
təbliğatını gücləndirmək lazımdır. Axı heç nəyi bilməyən gənc nəsil
də yetişir.
- Rusiya-Azərbaycan münasibətləri çox ağır sınaqlardan
keçib. Bəs iki dövlətin başçısının münasibətlərinin bugünkü
səviyyəsi barədə nə demək olar?
- Prezidentlər İlham Əliyevlə Vladimir Putin arasında praqmatik
və sıx dostluq münasibətləri var. Bunu onların Soçi, Bakı və
Həştərxandakı son görüşləri də təsdiqləyir. Onların Putinin birinci
prezidentliyi və baş nazirliyi dövründə də müxtəlif formatda
görüşləri olub. Yəni bir-birlərini çoxdan və yaxından
tanıyırlar.
İlham Əliyev elə bir siyasət yürüdür ki, Azərbaycana təzyiq
göstərmək mümkün deyil. Açıq deyim ki, Moskvada işlədiyim bu 8 il
ərzində mənə heç kim və heç vaxt təzyiq göstərməyib. Azərbaycan tam
müstəqil dövlətdir. Bununla belə biz öz qonşularımızın, xüsusən də
200 il birgə yaşadığımız Rusiyanın maraqlarına hörmətlə yanaşırıq.
Eyni qayda ilə də İranın, Türkiyənin, Gürcüstanın maraqlarını
nəzərə almaya bilmərik. Başqa cür ola da bilməz. İlham Əliyev
Azərbaycana artıq 11 ildir rəhbərlik edir. O, təcrübəli siyasətçi
kimi bütün qonşu ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri
qurub. Yalnız bir ölkədən başqa. Bu da artıq qarşı tərəfin günahı
ucbatından belədir.
- Moskvada erməni diplomatları ilə tez-tezmi ünisyyətdə
olursunuz?
- Hə, görüşmək, ünsiyyət qurmaq lazım gəlir. Axı biz diplomatıq.
Ermənistanın Moskvadakı keçmiş səfiri Armen Smbatyanla normal
münasibətlərim vardı. Nə qədər olmasa da ikimiz də bəstəkarıq. Özü
də bir-birimizi hələ sovet dövründən tanıyırıq. İndiki səfir Oleq
Yesayan isə əslən qarabağlıdır. Bakıda oxuyub, Azərbaycan dilini
gözəl bilir. Danışmağa mövzu tapırıq. Ümumən nə biz, nə də
ermənilər bu regiondan heç yana köçən deyilik. Bu münaqişə də
haçansa sülhlə başa çatacaq və biz yenə də yanaşı yaşamalı
olacağıq. Ona görə də mətbuat düşmənçilik, nifrət hissləri
aşılamamalıdır. Ermənilər indi deyirlər ki, Avropa Oyunlarında
iştirak etmək üçün Bakıya gedəcəklər. Buna qədər də digər idman
yarışlarına gediblər. Rusiyada ermənilərlə birgə biznesi olan xeyli
azərbaycanlı da tanıyıram.
- Bu yaxınlarda Ukraynadakı Azərbaycan diasporunun
fəaliyyətindən narazılığımızı bildirən yazı ilə çıxış etdik. Bəs
Rusiyadakı diasporumuzda vəziyyət necədir?
- Diaspor üzvlərimizin xətrinə dəymək istəmirəm. Amma Rusiyadakı
diasporumuz da Ukraynadakının tayıdır.