"Kimsə özü üçün uydurduğu yalan tarixə, saxta
qəhrəmanlara sitayiş edirsə, buyurub etsin".
Axar.az xəbər verir ki, bu sözlər millət vəkili Fazil Mustafa öz
Feysbuk hesabında efirdə səsləndirdiyi "Tarixdə Azərbaycan adlı
dövlət olmayıb" ifadəsinə münasibət bildirərkən deyib:
"Mənim bildiyim fakt budur ki, Azərbaycan adında ilk dövlət
1918-ci ildə yaranıb. Bunu da televiziyada dilə gətirmişəm. Bugünkü
Azərbaycan da həmin dövlətin varisidir. Əksini iddia edən, etiraz
edən varsa, nümunə gətirib bizləri inandırsın. Kimsə özü üçün
uydurduğu yalan tarixə, saxta qəhrəmanlara sitayiş edirsə, buyurub
etsin, biz bu millət üçün doğru olanı, faydalı olanı usanmadan,
yıxılmadan yazacağıq, dilə gətirəcəyik. Bunun adını təftişçilik
qoysunlar, adını düşmənçilik qoysunlar, fərq etməz, bizi ağıllı,
imanlı və bilgə insanların anlaması yetərlidir".
Millət vəkili həmçinin onu da qeyd edib ki, bu fikrinə əks
arqumet gətirən olmayıb:
"Dünəndən bəri izləyirəm, bircə dənə də olsun tutarlı əks
arqumentə rast gəlmədim. Verilişdə səsləndirdiyim hansısa fikri
təkzib edəcək tutarlı bir dəlil ortaya qoymadılar. Gələcəkdə də bu
mövzularda döşünə döyən kim varsa, Allahın yardımı ilə haqsız
mövqedə olduğunu isbatlayacağımızdan əminik. Bunları bildiklərinə
görə, sətiraltı şəxsimə yönəlik ədəbsiz ifadələrə yer verməkdən
başqa yol tapmırlar. Olsun, bu xalqın nadanı da, sağlam düşüncəli
insanı da bizimdir, hamısına doğru düşüncəni aşılamaq borcumuzdur,
kim nə götürər-götürməz, öz problemidir. Mənim istinad nöqtəm həm
də Rəsulzadədir. Bəziləri Rəsulzadənin şəklini profilinə
yapışdırır, həm də onun görüşlərini dərk etmədiyini, öyrənmədiyini
ortaya qoyur. Buyurub yazın ki, Rəsulzadə də qərəzli olub. Heç bu
adamlar Ziya Bünyadovu da doğru-dürüst araşdırmayıblar. Qısacası,
bu cəhalət yığınının qarşısından çəkilmək niyyətimiz yoxdur, bundan
sonra da sağlam düşüncəli insanlarımızla bir yoldayıq".