"Azərbaycan hökuməti Ermənistanın indiki siyasi
durumundan ciddi istifadə etməlidir".
Bu sözləri Axar.az-a açıqlamasında D18 Hərəkatının sədri Ruslan
İzzətli Ermənistanda baş verən son hadisələri şərh edərkən dedi.
Ekspertin sözlərinə görə, yaranan narazılıq Rusiyanın Ermənistan
üçün iqtisadi sorunlar yaratması ilə nəticələnə bilər:
"Son günlər Ermənistan-Rusiya münasibətlərində ciddi problemlər
yaranıb. Artıq rəsmilər arasında olmasa da, aşağı təbəqələrdə ciddi
Rusiya nifrəti formalaşır. Rusiyanın Gümrüdəki 102 saylı hərbi
bazasının hərbi qulluqçusu Valeri Permyakovun erməni Avetisyanlar
ailəsinin 6 üzvünü qətlə yetirməsi get-gedə siyasi xarakter almağa
başlayır. Artıq Rusiyaya qarşı bəyanatlar və nümayişlər hiss
olundu. İkinci isə Rusiya ilə Ermənistan arasında iqtisadi sorunlar
yaradacaq. Yaratmasa belə, iqtisadi sanksiyalara məruz qalan
Rusiyanın durumu Ermənistana da mənfi təsir edəcək".
Sərkisyan hökumətinin Avrasiya İttifaqına getməklə böyük səhv
buraxdığını deyən R.İzzətli Azərbaycan hökumətinin indiki
vəziyyətdən maksimum yararlanmalı olduğunu bildirdi:
"2015-ci il başlayandan bəri tərəflər bir-birini Qarabağ təmas
xəttində və Ermənistan-Azərbaycan sərhədində diversiyalar təşkil
etməkdə, qarşı tərəfin hərbi mövqeləri və mülki məntəqələri
müxtəlif çaplı silah növlərindən atəşə tutmaqda günahlandırır.
Azərbaycan Ermənistanın indiki siyasi durumundan ciddi istifadə
etməlidir. Bildiyiniz kimi, Ermənistan artıq Rusiyanın yaratdığı
Avrasiya İttifaqının üzvüdür. Biz Qərbi Qarabağ məsələsində
yanımıza ala bilərik. Diqqət etsəniz, Ermənistan siyasi ekspertləri
açıqlamalarda Sarkisyan iqtidarını cəbhə bölgəsindəki son duruma
görə tənqid edirlər və əsas kimi göstərirlər ki, artıq Azərbaycan
Qarabağ məsələsində bizdən irəlidədir. Çünki Sərkisyan iqtidarı
Avrasiya İttifaqına getməklə uduzdu. Azərbaycan iqtidarı mütləq
buna diqqət etməlidir. Bundan başqa cəbhə bölgəsində gərginliyin
yaranmasında maraqlı olan Rusiya sanki mesaj verir ki, Qafqazlarda
hələ də güc mənəm. İstədiyim an sülh də ola bilər, müharibə
də".