Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının
Bakıda V iclası keçirilib. Report-un xəbərinə görə, Azərbaycanın birinci
xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva iclasda iştirak edib.
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyası
"Bakı-2015" birinci Avropa Oyunlarına hazırlığı yüksək
qiymətləndirib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının iclasının
əhəmiyyətini vurğulayıb. O, Avropa Oyunlarının yüksək səviyyədə
təşkil edilməsi məqsədilə burada güclü və peşəkarlardan ibarət
komandanın çalışdığını diqqətə çatdırıb.
İclasda "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva çıxış edib. O, əvvəlcə qonaqları salamlayıb:
"Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki,
əlaqələndirmə komissiyasının sədri cənab Spiros Kapralos və
komissiyanın dəyərli üzvlərini yenidən Azərbaycanda salamlamaqdan
məmnunam. Çox şadam ki, sizinlə birgə "Bakı-2015" Avropa Oyunları
Əlaqələndirmə Komissiyasının beşinci və sonuncu iclasını
açırıq.
Siz 2012-ci ilin dekabrında Bakını birinci Avropa Oyunlarına ev
sahibliyi etmək üçün seçəndən ölkəmiz Avropanın qürur duyacağı
yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etməklə məşğul olub. Bu
oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu,
ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha
çox tanıtmaq üçün yaxşı imkandır.
Biz ilk Oyunların keçirilməsinin şərəfli və məsuliyyətli iş
olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə olan etimadınızın
əbəs olmadığını görəcəksiniz. Baxmayaraq ki, qarşıdakı bir neçə ay
ərzində planlarımıza son ştrixləri vurmalıyıq, ümidvaram ki, biz
hamımız indiyədək əldə olunan əhəmiyyətli nailiyyətlərlə fəxr edə
bilərik.
Mən bizim həyata keçirdiyimiz planların bəzi əsas təfərrüatları
barədə məlumat vermək istərdim. Bildiyiniz kimi, bir çox
məkanlarımız hazırdır və Oyunlar üçün sınaqdan keçirilir. Sınaq bu
yay idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq
üçün hər bir detalın hazır olacağını təmin etmək məqsədilə təşkil
olunur. İyunda Oyunların açılışı olanadək 35 sınaq tədbiri və sınaq
yarışması keçiriləcək. Gimnastika, boks və güləş üzrə növbəti sınaq
tədbirlərimiz mart və aprel aylarında baş tutacaq. Fevralın
sonunadək biz bütün məkanların daimi bazasının tikintisini başa
çatdırmaq niyyətindəyik. Bu, bizə aprel ayında lazımi quraşdırma
işləri aparmaq üçün kifayət qədər vaxt verəcək. Müqavilələrimizin
84 faizinin gecə-gündüz bizim komandamızla birgə çalışan Azərbaycan
şirkətləri ilə bağlanması müsbət haldır. Əminəm ki, bu gün
məkanlara baş çəkərkən siz heyran qalacaqsınız. Bizim dünya
standartlarına cavab verən atletlər kəndi 7 300 çarpayısı olan 1
000-dən artıq mənzildən ibarətdir".
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirib ki, birinci
Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media
nümayəndəsi işıqlandıracaq. İyunun 10-da beynəlxalq mətbuat
nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq
ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də
Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və
Avstraliyada izləyə biləcəklər. Bundan başqa, könüllülərdən
indiyədək 16 mindən artıq müraciət daxil olub.
İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri hökumətin
mövcud nəqliyyat infrastrukturuna böyük məbləğdə investisiya
yatırdığını da diqqətə çatdırıb.
"Mən qürur duyuram ki, hazırda Bakı Avropa Oyunları Əməliyyat
Komitəsində 950 gənc çalışır. Bu, Oyunların ən dəyərli
miraslarından biridir və əminəm ki, bu, onların gələcək həyatı üçün
böyük təcrübə imkanıdır", - deyən Mehriban Əliyeva onu da bildirib
ki, açılış mərasimində unudulmaz şou keçiriləcək. Təşkilat
Komitəsinin sədri deyib ki, bundan başqa, hər gün üçün xüsusi
mədəni tədbirlər proqramı hazırlanıb, bağlanış mərasimi də
yaddaqalan olacaq.
Mehriban Əliyeva idmanın və Olimpiya hərəkatının
dəstəklənməsinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu
vurğulayaraq, idmançılarımızın nailiyyətlərini qeyd edib. Birinci
Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri əminliklə bildirib
ki, bu Oyunlar bütün iştirakçıları birləşdirəcək və yeni idman
ənənəsi üçün güclü təməl yaradacaq.
Avropa Oyunları Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri
Spiros Kapralos Komitənin son aylarda əldə etdiyi yenilikləri
yüksək qiymətləndirib. O bildirib ki, Avropa Oyunları tarixi
əhəmiyyətə malikdir. Spiros Kapralos ölkəmizdə yaradılan idman
infrastrukturunu yüksək qiymətləndirdi və mötəbər yarışa
hazırlıqdan məmnunluğunu ifadə edib. Qonaq vurğulayıb ki, Bakıda
iki gün ərzində aparılan müzakirələr nəticəsində mühüm qərarlar
qəbul olunacaq.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə bildirib
ki, birinci Avropa Oyunlarında əsas diqqət mərkəzində atletlər
olacaq. Nazir "Bakı-2015" Oyunlarında uğur qazanan iştirakçılara
xüsusi dizaynla hazırlanmış medalların təqdim olunacağını
vurğulayıb: "Bildiyiniz kimi, Təşkilat Komitəsi Oyunları təkbaşına
təşkil etmir. Bizim 7 rəsmi tərəfdaşımız var. Oyunların yayımı ilə
bağlı Avropa və dünyanın digər ölkələrindən olan şirkətlərlə
müqavilələr imzalayırıq. Beynəlxalq medianın oyunlara olan marağı
getdikcə artır. Biz yeni veb-saytımızı təqdim edəcəyik. Bizim
könüllülər və səfirlərlə bağlı proqramlarımız davam etdirilir. Bu
yaxınlarda biz Avropa Oyunlarının ulduz elçilərini elan etmişik.
Onlar bizə Oyunları ölkədə və xaricdə təbliğ etməyə kömək
edəcəklər".
Nazir Azad Rəhimov bildirib ki, 127 gündən sonra Avropa idman
tarixində yeni bir mərhələ başlayacaq.
"Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd
edib ki, hazırda işlər gərgin qrafik üzrə davam edir. Bu işlərdə
beynəlxalq mütəxəssislərlə yanaşı, yerli peşəkarlar da iştirak
edirlər.
Tədbirdə "Bakı-2015"ə hazırlıq ilə bağlı videoçarx nümayiş
olunub.