Ana səhifə Gündəm |
2019.12.17 - 21:58
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə rəsmi ziyafət verilib.
Axar.az xəbər verir ki, ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Ukraynanın birinci xanımı Yelena Zelenskaya da iştirak ediblər.
Azərbaycan və Ukrayna prezidentlər ziyafətdə çıxış etdilər.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli cənab Prezident.
Hörmətli Yelena Vladimirovna.
Xanımlar və cənablar,
Cənab Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha salamlayır və “Xoş gəlmisiniz!” deyirəm. Bu, Sizin Azərbaycana ilk rəsmi səfərinizdir və şadam ki, səfər çox uğurlu keçir. Bunu apardığımız müzakirələr, imzalanan sənədlər bir daha təsdiqləyir.
Ölkələrimizi və xalqlarımızı dostluq münasibətləri birləşdirir. Əlamətdar haldır ki, hələ 1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərən 16 xarici dövlətin diplomatik missiyaları arasında Ukraynanın da nümayəndəliyi olmuşdur.
Bu gün biz ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, səfəriniz zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.
İqtisadi əlaqələrin inkişafı geniş müzakirə edildi. 2018-ci ildə ölkəmizlə xarici ticarət dövriyyəsinin həcminə görə Ukrayna 10-cu yeri tutmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2019-cu ilin yanvar-sentyabr aylarında Ukrayna ilə ticarət dövriyyəsi 20 faiz artmışdır. 2018-ci ildən Kiyevdə Azərbaycan Ticarət evi fəaliyyət göstərir, bu gün də Sizin iştirakınızla “Ukrayna məhsulları” Mərkəzi Kompleksinin açılışı olmuşdur. Bu gün Azərbaycan və Ukrayna iş adamlarının biznes forumunun açılış mərasimində iştirak etdik. Forumda təmsilçilik səviyyəsi və orada aparılan müzakirələr iqtisadi-ticarət əlaqələrimizin inkişafına marağın yüksək səviyyədə olduğunu göstərir.
Ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Ukraynada SOCAR-ın nümayəndəliyi fəaliyyət göstərir. Ukrayna ərazisində SOCAR-ın 62 yanacaqdoldurma məntəqəsi və “SOCAR Energy Ukraine” şirkətinə aid 4 neft bazası mövcuddur.
Azərbaycanla Ukrayna arasında mədəni və humanitar sahələrdə də əməkdaşlığın uğurlu təcrübəsi vardır. 2001-ci ildən Bakı Slavyan Universitetində Ukrayna Tədris-Mədəniyyət Mərkəzi, Ukraynanın da bir sıra təhsil ocaqlarında Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Ukraynanın böyük oğlu şair Taras Şevçenkonun xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun heykəli Bakı və Zaqatalada ucaldılmışıdır. Paytaxtımızın parklarından biri məşhur şairə-dramaturq Lesya Ukrainkanın adını daşıyır, həmin parkda onun büstü qoyulub. 2019-cu ildə Azərbaycanın görkəmli mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Əlamətdar haldır ki, bu ilin mayında böyük şair Nəsiminin Kiyevdə heykəlinin rəsmi açılışı olmuşdur. Bakının əsas nəqliyyat qovşaqlarından biri Ukrayna dairəsi adlanır. Bütün bunlar xalqlarımız arasında mövcud olan möhkəm dostluğun göstəricisidir.
Ölkələrimizin regionları da bir-biri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətdə növbəti addım kimi Quba və Truskavets, Gəncə və Odessa şəhərləri arasında əməkdaşlığın qurulmasını göstərmək olar.
Azərbaycan regionda təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazisinin 20 faizi – tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların da bununla bağlı bənzər qətnamələri var. 2018-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmuşdur.
Hörmətli cənab Prezident, hörmətli Yelena Vladimirovna, Sizi bir daha salamlayıram.
Prezident Vladimir Zelenskinin çıxışı
- Çox hörmətli İlham Heydər oğlu.
Çox hörmətli Mehriban Arif qızı.
Hörmətli xanımlar və cənablar, əziz dostlar.
Əvvəlcə Azərbaycan Respublikasına rəsmi səfərə dəvətə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.
Mən əvvəllər də burada olsam da, yeni statusda Azərbaycana ilk dəfədir səfər edirəm. Ölkənizi ziyarət etdikcə onun gözəlliyinə və bənzərsiz rəngarəngliyinə, ən əsası isə azərbaycanlıların qonaqpərvərliyinə heyran qalıram.
Dostluq münasibətləri ildən-ilə möhkəmlənən xalqlarımızı bu oxşar xüsusiyyət də birləşdirir. Məşhur Azərbaycan atalar sözündə deyilir: “Xalqların dostluğu sülhün təməlidir”.
Ukrayna ilə Azərbaycanın dövlətlərarası münasibətlərinin tarixi uzaq 1919-cu ildən başlayır. Məhz o zaman - 1919-cu il fevralın 8-də Ukraynanın Azərbaycandakı xüsusi diplomatik missiyasının başçısı İvan Kraskovski etimadnaməsini Azərbaycan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskiyə təqdim etmişdir.
Ötən 100 ildə ölkələrimiz bir çox çətinliklərlə üzləşdilər, böyük uğurlara sevindilər, lakin hər zaman dostluq və iki müstəqil dövlətə qarşılıqlı hörmət prinsiplərinə sadiq qaldılar. Bu prinsiplərə Ukraynanın böyük dostu – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də riayət edirdi. Onun müdrik kəlamlarından birini xatırlatmaq istərdim: “Azadlıq və müstəqillik hər bir xalqın milli sərvətidir”.
Ukrayna öz azadlığı və suverenliyini müdafiə etmək məcburiyyəti ilə üzləşdi. Biz sülhü və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edirik. Təəssüflər olsun ki, eyni təhdid öz ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycan qarşısında da durub. Lakin mən əminəm ki, dövlətlərimiz bu sınaqlardan müvəffəqiyyətlə keçəcək. İnanıram ki, uzun zamandır gözlənilən sülh həm Ukrayna, həm də Azərbaycan torpaqlarında zəfər çalacaq.
Bu gün aparılan danışıqlar Ukrayna və Azərbaycan arasındakı münasibətlərə yeni təkan vermək üçün ortaq səy və siyasi iradənin olduğunu təsdiqlədi. Bunun üçün böyük potensiala və gözəl perspektivlərə malikik.
Hörmətli İlham Heydər oğlu, Azərbaycana dəvət etdiyinizə və səmimi qəbula, eləcə də ölkələrimiz üçün vacib bütün məsələlər üzrə aparılan açıq və konstruktiv dialoqa görə Sizə səmimi təşəkkürümü bildirirəm. Ukraynaya edəcəyiniz səfəriniz zamanı bu dialoqun davam etdirilməsinə şad olaram. Əminəm ki, birgə səylərlə biz dövlətlərimiz arasında mövcud strateji tərəfdaşlığı möhkəmlədə bilərik.
Yaşasın Ukrayna, yaşasın Azərbaycan!
Tarix
2019.12.18 / 00:42
|
Müəllif
Axar.az
|