İlham Əliyev və xanımı Mehriban Əliyeva Münhen
Təhlükəsizlik Konfransı çərçivəsində "Ukraynadan əlavə - Avropada
həll olunmamış münaqişələr" mövzusunda panel müzakirəsində iştirak
edib.
Axar.az xəbər verir ki, Sloveniyanın Prezidenti Borut Pahorun
sədrliyi ilə keçirilən paneldə dövlətimizin başçısı çıxış edib və
sualları cavablandırıb.
Prezident Borut PAHOR: Prezident Əliyev, Ukraynada
üzləşdiyimiz böyük bir böhranın bəzən unutduğumuz dondurulmuş
münaqişələrin həll edilməsi üçün yaxşı təşəbbüslərə təkan verə
biləcəyinə dair kifayət qədər nikbinsinizmi? Sizin bununla bağlı
şərhinizi eşitmək istərdik.
Prezident İlham ƏLİYEV: Əlbəttə, Ukraynadakı
faciəvi vəziyyət uzun illərdir davam edən və həlli uzanan digər
münaqişələrə də diqqəti yönəldir. Bizim timsalımızda Ermənistan və
Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu
münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və
dağılandan sonra daha da kəskinləşmişdir. Münaqişə Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə
nəticələnmişdir. Ərazilərimizin 20 faizi işğal altındadır və
Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt olunub. Dağlıq
Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. 700 min nəfər
əhalinin yaşadığı 7 ətraf rayon da Ermənistanın işğalı altındadır.
İşğal olunmuş ərazilərdə hər şey məhv edilib və biz hər hansı bir
nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT
bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul
olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün – Rusiya, Fransa
və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var.
İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç
bir nəticə hasil olunmayıb.
Prezident Borut PAHOR: Nəyə görə? Bunu necə izah
edə bilərsiniz?
Prezident İlham ƏLİYEV: Düşünürəm ki, Ermənistanın
üzərində kifayət qədər beynəlxalq təzyiq yoxdur. Biz bəzən onu
görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat
olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə
1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən
qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə
yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək üçün
vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz
real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan
ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə
bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır.
Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz.
Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr
tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili
standartları görürük və bu məsələ bizi məyus edir. Qeyd etmək
istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni
münasibət göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü indi hər
kəsin haqqında danışdığı Ukraynanın ərazi bütövlüyü kimi eyni
dəyərə malikdir.
Prezident Borut PAHOR: Sizin fikrinizcə, bu
münaqişə Ukrayna münaqişəsinin kölgəsində qalırmı?
Prezident İlham ƏLİYEV: Əslində, bu münaqişə digər
vacib beynəlxalq hadisələrin kölgəsində qalmışdır. Yeri gəlmişkən,
Ukrayna məsələsi bu münaqişəyə müəyyən diqqəti cəlb etdi. Hesab
edirəm ki, Ukrayna məsələsindən çıxarılan dərslər çox diqqətlə
öyrənilməlidir. Ermənistan-Azərbaycan münaqişəsi həll edilmiş
olsaydı, bəlkə də Ukrayna indi bu münaqişə ilə üzləşməzdi. Çünki
burada eyni ssenari - ərazi bütövlüyünün eyni qaydada pozulması,
eyni nəticə, işğal, separatizm var. Bunlar sanki bir-birinin
güzgüdəki əksidir. Ona görə də biz beynəlxalq ictimaiyyətdən,
dünyanın aparıcı ölkələrindən eyni yanaşmanı gözləyirik. Bizə
gəldikdə, postsovet məkanının digər münaqişələrindən fərqli olaraq
BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd
qətnamə var. Bu qətnamələrin icra olunmaması faktı onu göstərir ki,
həmin qətnamələri qəbul edən ölkələr öz qərarlarına hörmət
etmirlər.
Prezident Borut PAHOR: Cənab Prezident, Sizin
fikrinizcə Avropa İttifaqının genişlənməsi imkanlarının
çatışmazlığı məsələsi problemin mövcud olduğu regionda çətinliklər
yaradırmı?
Prezident İlham ƏLİYEV: Bizə, yəni
Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə, bu, hesab edirəm ki,
əsas məsələ deyil. Çünki bizim Avropa İttifaqına istənilən
inteqrasiya ilə bağlı perspektivlərimiz aydındır.
Prezident Borut PAHOR: Bəs NATO?
Prezident İlham ƏLİYEV: NATO-ya gəldikdə düşünürəm
ki, bu, əsasən həmin təşkilatın gündəliyində duran məsələlərdən
asılı olacaq. Azərbaycan kimi ölkə və beynəlxalq təşkilatlar
arasında münasibətlərdə təşəbbüs həmişə beynəlxalq təşkilatdan
gəlir. Bu vaxta qədər NATO ilə Azərbaycan, Avropa İttifaqı ilə
Azərbaycan arasında əməkdaşlığın səviyyəsi hər iki tərəf üçün
qənaətbəxş olub. Nə NATO-nun, nə də Avropa İttifaqının danışıqlar
prosesinə birbaşa müdaxilə etmək niyyəti yoxdur. Bu iki təşkilatın
rəsmiləri həmin faktı dəfələrlə qeyd ediblər. Buna görə də biz
əslində, öz resurslarımıza güvənirik. 21 il bundan əvvəl atəşkəs
rejimi elan olunanda Azərbaycanın əsas hədəfi dövlət və güclü
iqtisadiyyat qurmaq, özümüzə güvənmək idi. Həmin vaxt bizim hələ də
ümidimiz var idi ki, beynəlxalq ictimaiyyət ədaləti bərpa etmək
üçün nə isə bir iş görəcək. Başlanğıcda bizim çoxlu ümidlərimiz var
idi. Bayaq qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasının, Avropa
Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi
qətnamələr və digər beynəlxalq təsisatlar həmişə bizim mövqeyimizi
dəstəkləyiblər. Lakin zaman keçdikcə biz gördük ki, bu qətnamələr
sadəcə kağız üzərində qalır və bunlar sadəcə bəyanatlardır,
səfərlərdir, fəaliyyətlərdir, lakin heç bir nəticə yoxdur. Sonra
biz başa düşdük ki, dövlətimizin taleyi bizim öz əlimizdədir.
Prezident Borut PAHOR: Etimadı bərpa etmək üçün
ilk növbədə hansı addım atılmalıdır?
Prezident İlham ƏLİYEV: Hesab edirəm ki, bu, çox
sadədir. İlk addım işğal olunmuş ərazilərin bir hissəsinin
Ermənistan tərəfindən geri qaytarılmasına başlanılmasıdır. Dağlıq
Qarabağ və 7 ətraf rayon işğal olunub. Beləliklə, danışıqlar
prosesini davam etdirəcəyimizi nəzərə alaraq bu ətraf rayonların
bir qisminin geri qaytarılmasına başlanılması mənzərəni dərhal
dəyişəcək, hərbi əməliyyatlar dərhal dayanacaq, atəşkəs rejiminə
tam riayət olunacaq. Biz artıq Azərbaycan ilə Ermənistan arasında
bütün kommunikasiyaların açılacağına dair təklif irəli sürmüşük.
Beləliklə, Ermənistanın bizim ərazimizdən dəmir yolu vasitəsilə
Rusiyaya çıxışı olacaq. Həmçinin Türkiyə də Ermənistan ilə bütün
kommunikasiyalarını açacaq. Beləliklə, biz hərbi əməliyyatların
başlanması ilə əlaqədar istənilən potensial riskləri aradan
qaldırmış olacağıq və etimad qurmağa başlayacağıq.
Lakin Ermənistan bizim bütün təkliflərimizə məhəl qoymur. Çünki
Ermənistan sülh istəmir. Düşünürəm ki, bu, münaqişənin həll
olunmamasının səbəbi ilə bağlı ən vacib məsələlərdən biridir. Çünki
bir tərəf sülh, ərazi bütövlüyünün bərpasını istəyir, digər tərəf
isə sülh istəmir. Ermənistan hər şeyin dəyişməz qalmasını istəyir.
Çünki onların torpaqları işğal altında deyil, onların bizim
üzləşdiyimiz bir milyon qaçqın və məcburi köçkün kimi böyük
problemi yoxdur. Onlar danışıqlar prosesində sadəcə imitasiya
xarakterli müəyyən addımlar atırlar. Bəs nə etmək lazımdır? Necə
edək ki, Ermənistan daha çox məsuliyyətli olsun? Biz beynəlxalq
təşkilatlarla, ilk növbədə vasitəçilərlə bu məsələlər üzərində
işləməliyik. Ermənistan rəhbərliyinə çox aydın siqnal göndərilir:
İşğalı dayandırın, işğal olunmuş ərazilərin geri qaytarılmasına
başlayın. Azərbaycan bu təklifləri etdi. Biz hətta təkliflər irəli
sürdük ki, Dağlıq Qarabağda müəyyən sosial proqramlar icra edə
bilərik. Çünki oradakı insanlar çox pis vəziyyətdə yaşayırlar. Biz
nəqliyyat, energetika sahələrində əməkdaşlıq edə bilərik. Biz
açığıq. Biz Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət
təklif edirik. Lakin bütün təkliflərimiz qəbul olunmur.
Prezident Borut PAHOR: Cənab Prezident, Rusiyanın
Ermənistan-Azərbaycan münaqişəsində və Gürcüstan böhranında məqsədi
varmı? Onun məqsədləri nədir? Bu sualı necə cavablandırardınız?
Prezident İlham ƏLİYEV: Bizim üçün ən
əhəmiyyətlisi bu münaqişənin həll yolunun tapılmasıdır. Biz ümid
edirik ki, həll yolunun tapılmasına şərait yaratmaq üçün Minsk
qrupunun həmsədrləri daha çox iş görəcəklər. Hesab edirik ki,
Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa və sülh bərqərar
edilərsə bu, bütün tərəflərin maraqlarına xidmət edəcək. Buna görə
də əlbəttə ki, regional əməkdaşlığı artırmaq üçün biz çoxlu işlər
görürük. Məsələn, bizim Gürcüstanla ikitərəfli əlaqələrimiz
regional əməkdaşlığın və Cənubi Qafqazda əməkdaşlığa necə nail
olmağın çox yaxşı nümunəsidir. Əgər Ermənistan-Azərbaycan
münaqişəsi öz həllini taparsa, o zaman Ermənistan enerji,
təhlükəsizlik, nəqliyyatın təhlükəsizliyi kimi layihələrimizə
qoşula bilər. Ümid edirik ki, Rusiya hökumətinin də eyni maraqları
var. Çünki hər bir ölkə öz sərhədləri xaricində sülh və dostluq
mühitinin olmasında maraqlı olmalıdır. Buna görə də hesab edirəm
ki, münaqişənin həlli yolunun tezliklə tapılması çox vacibdir.
Çünki süni gərginliklərin olması siyasətinin istənilən qonşuya
fayda verməsini düşünmürəm. Qonşu sabitlikdə maraqlı olmalıdır,
regionda sabitlik isə sizin ölkənizdə və bölgənizdə sabitlik
deməkdir. Rusiyanın bir hissəsi Qafqazdır və Qafqaz da böyük bir
yerdir. Burada üç ölkə var, lakin eyni zamanda, Rusiyada çoxlu
muxtariyyətlər mövcuddur və Azərbaycan ilə Rusiya Federasiyanın
Qafqazdakı respublikaları arasında güclü mədəni əlaqələr var.
Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi:
Mənim sualım Prezident Əliyevədir və əlbəttə ki, Dağlıq Qarabağla
bağlıdır. Prezident Əliyevin də düzgün qeyd etdiyi kimi, Minsk
qrupu çərçivəsində ABŞ-ın Fransa ilə birlikdə Rusiya ilə əməkdaşlıq
etməsi ola bilsin ki, nadir haldır. Bu üç vasitəçi ölkə - ABŞ,
Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının üç
əsas prinsipini göstəriblər. Bu üç əsas prinsip xalqların öz
müqəddəratını təyinetmə hüququ, gücdən istifadə etməmək və gücdən
istifadə etməklə hədələməmək və ərazi bütövlüyüdür. Vasitəçilər
danışıqlar prosesinin tərəflərini həmin üç əsas prinsiplə bağlı
üzərilərinə öhdəlik götürməyə çağırıblar. Ermənistan dəfələrlə bu
prinsiplərin yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik
götürüb. Mənim sualım cənab Prezidentədir. Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həll olunmasında əsas kimi bu üç prinsipin
yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürməyə
hazırdırmı?
Prezident İlham ƏLİYEV: Azərbaycan əlbəttə ki, bu
münaqişənin həllində ən maraqlı tərəfdir. Çünki biz torpaqlarımızın
geri qayıtmasını istəyirik. Biz qaçqın və məcburi köçkünlərimizin
öz evlərinə qayıtmaq hüququna malik olmasını istəyirik. Baxmayaraq
ki, onların evləri yoxdur və hər şey məhv edilib. Yeri gəlmişkən,
ATƏT faktaraşdırıcı və qiymətləndirmə missiyasını iki dəfə
Azərbaycanın işğal olunmuş ərazilərinə göndərib və hesabat yayıb.
Bu hesabatda göstərilir ki, hər şey – bütün binalar,
qəbiristanlıqlar, məscidlər məhv edilib. Beləliklə, işğal edilmiş
ərazilər tamamilə boş torpaqlardır. Məcburi köçkünlərimiz
torpaqlarına qayıdandan sonra biz genişmiqyaslı yenidənqurma
işlərinə başlamalı olacağıq. Buna görə də ilk növbədə bizim
insanların torpaqlarına qayıtmaq hüququ var və biz münaqişənin tez
bir zamanda həll edilməsində maraqlı tərəfik.
Problem burasındadır ki, nəyə görə münaqişə öz həllini tapmır?
Çünki Ermənistan münaqişənin həll olunmasını istəmir. Ermənistanı
beynəlxalq hüquq normaları ilə razılaşmağa vadar edən heç bir
mexanizm yoxdur. Hər bir münaqişənin həlli beynəlxalq hüquq
normalarına əsaslanmalıdır. Beynəlxalq hüququn bu normaları çox
aydın şəkildə BMT-nin Nizamnaməsində və Helsinki Yekun Aktında öz
əksini tapıb. Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi və öz
müqəddəratını təyinetmə ilə bağlı çox aydın tərif var. Biz öz
müqəddəratını təyinetmə prinsipinə qarşı deyilik, lakin bu prinsip
ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağ erməniləri
və Ermənistan ordusu tərəfindən qovulan Dağlıq Qarabağ
azərbaycanlıları öz torpaqlarına qayıtdıqdan sonra öz həyatlarını
qurmaq hüququna malik olacaqlar. Lakin bu, ölkənin ərazi
bütövlüyünü pozmamalıdır. Ermənistanın cəhd etdiyi kimi, hər hansı
bir ölkənin ərazi bütövlüyü güc tətbiq olunaraq dəyişdirilə bilməz.
Üstəgəl istənilən ölkənin ərazi bütövlüyü bu ölkə ilə razılıq əldə
olunmadan dəyişdirilə bilməz. Bunlar əsas prinsiplərdir. Mən yenə
də deyirəm, biz beynəlxalq hüququn əsas prinsiplərinə qarşı
deyilik. Lakin Ermənistan ilk növbədə beynəlxalq hüquqa hörmətlə
yanaşmalıdır və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş,
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal
və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməni yerinə
yetirməlidir.
Bosniya və Herseqovinanın Baş nazirinin müavini:
Mən bir məsələyə toxunmaq istəyirəm. Biz Srebrenitsa soyqırımının
20 illiyini qeyd edirik. Bu soyqırımları keçmişi dəyişmir, bəs
onların gələcəkdə bu cür faciələrin bir daha baş verməməsi və
barışığa nail olunmasındakı rolu nədən ibarətdir?
Prezident İlham ƏLİYEV: Sualınıza görə çox sağ
olun. Siz tamamilə doğru buyurursunuz. Elə bir vəziyyət olmalıdır
ki, səhvlərdən nəticə çıxarılmalı və dünyanın digər yerlərində
oxşar faciələrin yaşanmaması üçün beynəlxalq ictimaiyyət baş
verənlərə biganə qalmamalıdır. Əfsuslar olsun ki, Xocalı faciəsi
barədə xüsusilə Avropa ictimaiyyətində geniş məlumat yoxdur.
Baxmayaraq ki, 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi
tanıyıb. Bu soyqırımı nəticəsində 600-dən çox günahsız insan, o
cümlədən 106 qadın, 63 uşaq qətlə yetirilib və bu insanların yeganə
günahı ondan ibarət idi ki, onlar azərbaycanlı idilər. Təəssüflər
olsun ki, bu günə kimi Ermənistan bu hərbi cinayəti törətdiyini
etiraf etməyib. Onlar heç üzr də istəməyiblər. Onlar Xocalıda
törətdikləri ilə bağlı beynəlxalq ictimai rəyi səhv istiqamətə
yönəltmək istəyirlər. Avropa və ABŞ-dakı fəal erməni lobbisinin
fəaliyyəti nəticəsində onlar beynəlxalq ictimaiyyətin bu faciədən
diqqətini yayındırmağa nail olublar. Bu faciə ilə bağlı kifayət
qədər məlumat yayılmamışdır, baxmayaraq ki, hər şey
sənədləşdirilmişdi, lentə alınmışdı. Bu soyqırımından xilas olan
adamların şahid ifadələri var. Xüsusi amansızlıqla qətlə yetirilən
uşaq və qadınların lentə alınmış görüntüləri var. Ona görə də bu
cür halların təkrar baş verməməsi üçün bunu törətmiş insanlar öncə
ən azından üzr istəməli və bunun baş verməsini etiraf etməlidirlər.
Bu hərbi cinayəti etiraf etməlidirlər ki, o yenə də təkrarlanmasın.
Yalnız bundan sonra barışıq ola bilər. Belə olan təqdirdə barışmaq
daha asan olacaq. Düşünürəm ki, bu, mümkündür, çünki biz bir yerdə
yaşayırdıq. Biz ermənilərlə sülh şəraitində bir yerdə yaşayırdıq.
İndi də Bakının mərkəzində təmir olunmuş erməni kilsəsi var. Lakin
Şuşada, Ağdamda Azərbaycan məscidləri tamamilə dağıdılıb. İlk
növbədə onlar bu məscidləri dağıtmamalı idi, amma indi onlar bunun
yanlış olduğunu etiraf etməli və üzr istəməlidirlər. Sonra biz
onlarla əlbəttə ki, barışacağıq, çünki gec və ya tez sülh olacaq,
iki xalq yenə də birlikdə yaşayacaq.
Almaniya Bundestaqının üzvü: Mənim sualım ikili
standartlarla bağlıdır. Biz demək olar ki, Krım məsələsinin
müzakirəsinə bütün bir gün həsr etdik. Əgər biz Dağlıq Qarabağ
münaqişəsindən danışırıqsa bunu Krım məsələsi ilə müqayisə etmək
olar, ya yox?
Ermənistan nümayəndəsi: Mənim sualım cənab İlham
Əliyevədir. Bir neçə gün bundan əvvəl ATƏT-in Minsk qrupu
Azərbaycana müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu
ilə həll edilməsinə dair üzərinə götürdüyü öhdəliklərə əməl etməyə
çağırmışdı. Bu müraciətin ünvanlanması təsadüfi deyil, çünki
Azərbaycan tərəfi Dağlıq Qarabağla təmas xəttində və Ermənistanla
sərhəddə atəşkəs rejimini davamlı olaraq pozur. Yanvar ayından
etibarən atəşkəs ən azı 3 min dəfə pozulub və nəticədə hər iki
tərəfdən bir neçə nəfər həlak olub. Mənim cənab Əliyevə sualım
budur ki, Azərbaycan bu cür hərəkətlərlə münaqişəni kəskinləşdirmir
ki? Bu, yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həll olunması
ehtimalını azaltmırmı? Bayaq moderator belə bir sual verdi ki, bu
münaqişənin həlli üçün biz minimum olaraq nə etməliyik. Mən
Azərbaycanı atəşi dayandırmağa çağırıram.
Prezident İlham ƏLİYEV: Mən əvvəlcə Almaniya
parlamentinin üzvünün sualına cavab vermək istəyirəm. Əlbəttə ki,
Ermənistan-Azərbaycan münaqişəsinin lap əvvəlində üzləşdiyimiz
problemlərdən biri də ikili standartlar siyasəti idi. Mən çıxışımın
əvvəlində qeyd etdim ki, postsovet məkanındakı bütün münaqişələrə
eyni mövqedən yanaşılmalıdır. Azərbaycanın ərazi bütövlüyü
Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Əgər
Ukraynanın ərazi bütövlüyü möhkəm dəstəklənirsə, Azərbaycan da onun
ərazi bütövlüyünü çox güclü şəkildə dəstəkləyir. Ermənistandan
fərqli olaraq biz BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyünün
lehinə səs verdik. Ermənistan isə Ukraynanın ərazi bütövlüyünün
əleyhinə səs verdi. Bu da Ermənistanın ərazi bütövlüyü prinsipinə
nə dərəcədə əməl etməsi ilə bağlı bu ölkənin buradakı digər
nümayəndəsinin sualına cavabdır. Onlar hətta Ukraynanın ərazi
bütövlüyünün əleyhinə səs veriblər. Bu da onların yürütdüyü
siyasətin nəticəsidir. Çünki bu ölkə müstəqil deyil. Onlar özləri
qərar qəbul edə bilmirlər və həmişə başqalarının arxasınca
gedirlər. Lakin ikili standartlar reallıqdır. Xüsusilə
sanksiyaların tətbiq olunduğunu gördüyümüzdə biz özümüzə sual
veririk: Nəyə görə bu sanksiyalar Ermənistana qarşı tətbiq olunmur?
Axı onlar da eyni əməli törədiblər. Niyə onların üzərinə
sanksiyalar qoyulmur? Şübhəsiz cavab budur ki, dünyada Ermənistanı
bütün potensial və adekvat məsələlərdən qoruyan çox güclü erməni
diasporu var. Buna görə də ikili standartlar siyasəti beynəlxalq
gündəlikdən çıxarılan kimi Dağlıq Qarabağ münaqişəsi də tez bir
zamanda öz həllini tapacaq.
Ermənistan nümayəndəsinin atəş açılması ilə bağlı sualına cavab
olaraq bildirim ki, əslində, həmişə günahı bizim üstümüzə atmaq
Ermənistan tərəfinin taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal
ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı
törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi
günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş
ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin
Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama
getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində
qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var.
Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə
nə işiniz var? Gərginliyin kimin tərəfindən artırılması ilə bağlı
suala cavab olaraq mən keçən ildən bir nümunə gətirə bilərəm. Keçən
il beynəlxalq vasitəçilərin fəallığı nöqteyi-nəzərindən əlamətdar
bir il olmuşdur. Ötən ilin avqust ayında Prezident Putin mənimlə
prezident Sarkisyan arasında bir görüş təşkil etdi. Sentyabr ayında
NATO sammiti zamanı ABŞ dövlət katibi Kerri üçümüzün iştirakı ilə
belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident Olland məni və
prezident Sarkisyanı Parisə dəvət etdi. Bizim çox yaxşı və
konstruktiv görüşümüz oldu. Hər iki tərəf – həm Azərbaycan, həm
Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və
təmas xəttində gərginlikləri azaltmağa çalışacağını bəyan etdi.
Bundan sonra nə baş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal
olunmuş ərazilərdə, xüsusilə Ağdamda genişmiqyaslı hərbi təlimlər
təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal olunmuş
ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir.
Aviasiyadan, helikopterlərdən istifadə olunmuşdur. Üç gün ərzində
bizim ordumuz səbir edərək heç bir reaksiya göstərməmişdir. Sonra
onlar "Mİ-24" hərbi helikopterlərini bizim mövqelərimizə
istiqamətləndirərək hücuma keçdilər. Bizim ordumuz helikopterləri
vurmaq məcburiyyətində qaldı və onlardan biri vuruldu. Onlar
Azərbaycanı günahlandırmaq üçün bundan bəhanə kimi istifadə
etdilər. Onlar təxribatlar törədir, bizi təhrik edir, bizi
gərginliyi azaltmağa sövq etmək üçün çoxlu səylər göstərən Fransa,
Rusiya və ABŞ-ın dövlət başçılarına hörmətsizlik edirlər, heç bir
məhəl qoymurlar. Onlar hesab edirlər ki, istədikləri hər şeyi edə
bilərlər və buna görə cəzalandırılmayacaqlar. Bu, əsas səbəbdir.
İndi isə onlar bizi günahlandırırlar və bizə deyirlər ki, atəş
açmayaq. Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın.
İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də,
barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni
əsgəri Ağdamda, Füzulidədir.
Panel müzakirəsində Serbiyanın Baş naziri Aleksandr Vuçiç,
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Xorvatiya Baş nazirinin
birinci müavini, xarici və Avropa işləri üzrə nazir Vesna Pusiç də
iştirak ediblər.
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Almaniya Federativ Respublikasına işgüzar səfəri başa çatıb.