Ana səhifə Gündəm |
Ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev və Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbs edilməsi cəmiyyətdə böyük rezonans doğursa da, əslində, bu proses gözlənilən idi.
Axar.az xəbər verir ki, prezident bu prosesi yeni icra başçılarını şəxsən qəbul edəndə artıq elan etmişdi.
O vurğulamışdı ki, icra başçıları vəziyyəti düzgün qiymətləndirməli, çox ciddi təhlil aparmalı, çatışmayan cəhətləri üzə çıxarmalı və mövcud olan problemlərin həlli üçün səy göstərməlidirlər:
“Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək”.
Prezidentin ötəngünkü həbslərlə paralel keçirdiyi müşavirdə vurğuladığı xüsusi bir məqam da diqqət çəkib:
“Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar”.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin həbsi ilə bağlı yayılan rəsmi açıqlama da Prezidentin dediyi fikrin necə dəqiq və sərrast olduğunu göstərir:
“Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib”.
Prezidentin dünənki müşavirədə icra başçıları ilə bağlı səsləndirdiyi bir fikir xüsusilə diqqəti cəlb edir: “Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq”.
Bu o deməkdir ki, icra başçıları ilə bağlı başladılan proses bununla bitməyəcək və vəzifə səlahiyyətlərindən sui-istifadə edən daha bir neçə şəxsin məsuliyyətə cəlb olunacağı istisna deyil.
Bütün bu proseslərin içində bir önəmli məqam da maraq doğurur: Prezident İlham Əliyev çıxışlarında heç bir sözü təsadüfən demir və səsləndirdiyi fikirlər ən qısa müddətdə öz təsdiqini tapır.
Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 31 oktyabr tarixində vəzifədən azad edilib.
Cəmi 50 gün əvvəl vəzifəsindən azad edilməsinə və hətta ordenlə təltif edilməsinə rəğmən, Q.Səmədovun həbsi sübut etdi ki, heç nə və heç kim müstəsna hüquqlara malik deyil, heç kəs vəzifəsinin onu qoruyacağını və ya vəzifədən azad olunmaqla məsuliyyətdən yaxa qurtacağını düşünməməlidir.
Tarix
2019.12.20 / 11:00
|
Müəllif
Axar.az
|