Fevralın 9-da BAXCP-nin mərkəzi qərargahında BAXCP
sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının nəzdində yaradılan İşçi Qrupunun üzvləri – Niyaməddin
Orduxanlı, Azər Həsrət, Mayis Əliyev, Məhluqə Qaramanlı, Çingiz
Bayramov, Mehriban Abdullayeva və Xanım Əhmədzadə ilə görüş
keçirib.
Axar.az xəbər verir ki, BAXCP sədrilə görüşün məqsədi BMT
Təhlükəsizlik Şurasına müraciət üçün "Sarkisyanın hərbi cinayətkar
kimi tanınması" və 20 Yanvar hadisəsinə dünya ictimaiyyəti
tərəfindən siyasi qiymət verilməsi təşəbbüsü ilə yaradılan
petisiyadır.
QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, İşçi Qrupu millət
vəkili və partiya sədri kimi Q.Həsənquliyevin dəstəyini almaq
istəyir.
Qüdrət Həsənquliyev bu işin əhəmiyyətini vurğulayıb və dəstəyə
hazır olduğunu bildirib:
"Təşəbbüsünüzü çox yüksək qiymətləndirirəm. Bu işin hansısa
nəticə verəcəyini təbii ki, gözləmirik. Çünki əvvəllər də belə
təşəbbüslər olub. Ancaq buna baxmayaraq, hər birimiz əlimizdən nə
gəlirsə, onu ortaya qoymalıyıq".
Qüdrət Həsənquliyev deyib ki, 10 ildir NATO Parlament
Assambleyasında Azərbaycanı təmsil edir:
"Assambleyanın iclaslarından kənarda - kluarlarda həm
Amerikanın, həm Avropanın parlamentarilərilə söhbət etmişik. Onlar
fasilələrdə daha səmimi olurlar. Çünki yanlarında jurnalist olmur
və dedikləri rəsmi stenoqrama düşmür. Həmin görüşlərdə
parlamentarilər dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ
probleminin həlli Rusiyadan asılıdır. Deyiblər ki, problemi Rusiya
ilə danışıb həll edin. Bəziləri hətta açıq formada vurğulayıb ki,
onların ermənilərlə kültrəl yaxınlığı var.
Sonuncu dəfə Vilnüsdə NATO Parlament Assambleyasının iclasında
rusların tədbirə dəvət olunmamasının səbəbini soruşdum və həm də
bildirdim ki, düz eləmisiniz, çünki Rusiya işğalçı dövlətdir və
Ukraynanın ərazilərini zəbt edib. Eyni zamanda, söylədim ki, BMT
Baş Məclisində, Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində NATO
ilə əməkdaşlıq edən və NATO Parlament Assambleyasının assosiativ
üzvü olan Ermənistan yeganə ölkədir ki, başqa bir assosiativ üzvün
ərazi bütövlüyünə səs vermir. Siz isə sanki heç nə baş verməmiş
kimi bu fakta etinasız yanaşırsınız. Bildirdim ki, bu qədər
haqsızlıq, ədalətsizlik olmaz. Ən dəhşətlisi o idi ki, mənim
çıxışımdan sonra Ukraynadan olan nümayəndələr özlərində cəsarət
tapıb fikrimi təsdiqləmədilər ki, Azərbaycan nümayəndə heyəti düz
deyir, ermənilər bizim ərazi bütövlüyümüzə səs verməyiblər. Çünki
bilirdilər ki, ümumi vəziyyət ermənilərin xeyrinədir. Və əsas
aparıcı dövlətlər bu məsələdə maraqlı deyillər ki, Ermənistanın
belə addımı hansısa formada pislənilsin. Və yaxud hansısa bir
qətnaməyə salınsın.
Bunları deməkdə məqsədim odur ki, biləsiniz - Qərbdə
açıq-açığına bizə qarşı ədalətsiz münasibət var. Bəzən olur ki,
Qərb və Avropa mətbuatında tək-tük halda yazılar verilir. Bunu da
ədalətli olduqlarına görə deyil, təmənna güddükləri üçün edirlər.
Ancaq buna baxmayaraq, o fikrdəyəm ki, hər zaman biz onları
vicdanlarıyla üz-üzə qoymalıyıq. Eyni zamanda, öz ictimaiyyətlərinə
göstərməliyik ki, budur, sizin siyasətçilərinizin ədaləti,
prinsipiallığı!"