"Proses ən yaxşı halda
dondurula bilər".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli
deyib. Ekspertin sözlərinə görə, Minsk görüşü gözləntiləri
doğrultmayacaq:
"Nikbin deyiləm. Fransa Prezidenti Fransua Olland və Almaniya
Kansleri Angela Merkelin Moskvaya səfərindən sonra xüsusən
ikincinin pessimist bəyanatlar verməsi, vəziyyətin heç də yaxşılığa
doğru getmədiyini göstərir. Üstəlik, liderlər Moskvadan getdikdən
sonra Rusiya prezidenti öz ölkəsinin qubernatorlarını, bir növ
aktivini toplayaraq bildirdi ki, biz birqütblü dünyanı heç vaxt
qəbul etməyəcəyik. Rusiya qarşısına bir məqsəd qoyub. Məqsəd odur
ki, Rusiya ABŞ-ın hökmran olduğu dünyanı heç vaxt qəbul etməyəcək.
Putin ölkəsinin ABŞ kimi dünyanın taleyini həll edən bir ölkə
olmasını istəyir. Bu da onu göstərir ki, Ollandın, Merkelin üzünə
diplomatik "gülümsəmək" olar. Minskdə dörd liderin iştirakı ilə
görüş olacaq. Həmin görüşdə təmas nöqtələrinin dəqiq
müəyyənləşdirilməsi və eyni zamanda sülh prosesinin yaradılması və
inkişafı ilə bağlı məsələlər müzakirə ediləcək. Bu da o deməkdir
ki, proses ən yaxşı halda dondurula bilər. İndiki şəraitdə
separatçılar nəzarət altında saxladıqları ərazilərdə həmişə üstün
olacaq. Onlar mərkəzi hakimiyyətə tabe olmayacaq. Sülh danışıqları
adı altında Kiyevin silahlı qüvvələri 50 kilometr geriyə çəkiləcək
və nəticə etibarı ilə separatçılar üçün bölgədə münbit şərait
yaranacaq. Sərhəddə Ukraynanın mövqeyi zəif olduğundan Rusiya da
daima separatçılarla təmasda olacaq. Bir sözlə, ən yaxşı halda
proses dondurulmuş münaqişəyə çevrilə bilər. Necə ki Dağlıq Qarabağ
problemi dondurulmuş münaqişə kimi uzun illərdir öz həllini tapmır.
Problemin həlli istiqamətinə heç bir addım atılmayacaq".
Petro Poroşenkonun federativ dövlət quruluşuna isti baxdığını
deyən Q.Hüseynli bunun heç də mənfi fəsadlara gətirib çıxaracağını
düşünmür:
"Poroşenko müəyyən bir keçid dövrü üçün Rusiyanı
neytrallaşdırmağa çalışır. Əgər həqiqi federativ quruluş olarsa,
federasiyanın qanunlarına riayət edilərsə, bu, Ukraynaya o qədər də
ziyan gətirməz. Rusiya da federasiyadır. Amma Putinin hər sözü
federasiya subyektlərində canla-başla yerinə yetirilir. Məsələn,
Rusiyanın ən böyük muxtariyyət səlahiyyətlərinə malik iki
respublikası var – Tatarıstan və Çeçenistan. Onların prezidentləri
Putinin hər bir əmrinə hazırdır. Federallaşma elə də təhlükəli
deyil. Amma ərazi bütövlüyü sual altındadır. Federativ quruluş
yaradılarsa, separatçılara müəyyən muxtariyyət veriləcək. Amma
onlar tabe olmalıdır. Onların mərkəzi Kiyevə vertikal surətdə tabe
olmalarının qanuni yolla təşviq edilməsi, məncə, münaqişənin
həllinə töhfə verə bilər".