Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi
şöbəsinin rəhbəri Əli Həsənov Bakıda "The Financial Times"
qəzetinin müxbirlərinə sensasion sayıla biləcək açıqlamalar
verib.
Musavat.com xəbər verir ki, qəzet az əvvəl bu açıqlamaları öz
saytında yayıb. Əli Həsənov jurnalistlərin suallarına cavabında
ABŞ-da Ukraynaya silah verilməsinə dair artan tələbləri
dəstəkləməyib. Eyni zamanda Bakının Ukraynadakı münaqişənin
Azərbaycanın milli təhlükəsizliyinə və daxili sabitliyinə mümkün
təsirindən narahatlığını ifadə edib.
"Ümumiyyətlə, Azərbaycan münaqişələrin hərbi yolla həllinə
qarşıdır. Biz hesab edirik ki, müasir dünyada münaqişələrin həlli
üçün daha güclü alətlər var", - deyə Ə.Həsənov bildirib.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan
Qərb hökumətlərinin Ermənistana qarşı Ukrayna məsələsində olduğu
kimi sərt mövqe tutmamasından məyusdur: "Bizim bu məsələdə Qərbə
etirazlarımız ikili standartlara görədir. Bir münaqişədə Qərb
tərəflərdən birini separatçılar adlandırır, digərində bunu
etmir".
Ə.Həsənovun bildirdiyinə görə, Qarabağ münaqişəsi zonasında son
vaxtlar gərginliyin artması Ermənistanda öz mövqelərini
möhkəmləndirmək istəyən daxili qüvvələrin işidir. O, ABŞ və
müttəfiqlərinin Ermənistanı beynəlxalq təşkilatlardan qovmaq üçün
tədbirlər görməli olduğunu deyib.
Ə.Həsənov Azərbaycanda radikal İslam təhlükəsi barədə də
danışıb. Deyib ki, bəzi qüvvələr Azərbaycanı radikal
fundamentalistlərin ölkəsi kimi görmək istəyir, bəzi qüvvələr
Azərbaycanın dünyəvi inkişaf yolunu dağıtmağa çalışır.
Qəzet qeyd edir ki, bununla belə cənab Həsənov ABŞ-la
münasibətlərə dair barışdırıcı ton seçib, Bakının Vaşinqtonla
terrorla mübarizədə və enerji sahəsində əməkdaşlığını qeyd edib,
insan haqları məsələsində fikir ayrılıqlarının yaranmasına görə
Amerika hökumətinin özünü deyil, ABŞ-dakı qeyri-hökumət
təşkilatlarını günahlandırıb.
"Təəssüf ki, bəzi qüvvələr bu insidentlərdən istifadə edərək
Amerika-Azərbaycan münasibətlərini pisləşdirməyə, Azərbaycanın
imicinə zərbə vurmağa çalışır. Lakin Azərbaycan Qərb ölkələri ilə
strateji tərəfdaşlığa sadiqdir" - deyə PA rəsmisi bildirib.
Ə.Həsənov Azərbaycanın Suriyaya döyüşməyə gedən radikallar
problemini Qərblə bölüşür. O, 300-ə yaxın azərbaycanlının döyüşmək
üçün Suriyaya getdiyini, onların evə qayıtdıqdan sonra
təhlükəsizliyə potensial təhlükə yaradacağını deyib.
"Hesab edirəm ki, Qərb ölkələrinin Suriyaya döyüşməyə gedən bir
neçə yüz vətəndaşı ora gedən bir neçə yüz azərbaycanlıdan daha az
təhlükəlidir" - deyə Əli Həsənov Azərbaycan əhalisinin nisbətən az
olduğuna eyhamla bildirib.
Prezident Administrasiyasının rəsmisi həmçinin deyib ki, neftin
ucuzlaşmasına baxmayaraq hökumtə büdcə və inkişaf planlarını yerinə
yetirə biləcək. Çünki hökumət bank depozitlərinə, daşınmaz əmlak
satışına və bahalı xarici maşınlar kimi dəbdəbə predmetlərinə
vergilər qoyub.
Bununla belə Ə.Həsənov özəl sektora əlavə vergi qoyulmayacağını
bildirib. O, manatın kəskin devalvasiyasını istisna edib. Amma
deyib ki, manatın avroya nisbətdə kursuna yenidən baxıla bilər.