Yuxarı

Seçkilərin maksimum dürüst və şəffaf olması üçün... - Savelyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər istər respublika seçicilərinin, istərsə də dünya birliyinin böyük marağına səbəb olub. Seçkiləri rusiyalı müşahidəçilər qrupunun tərkibində izləmiş Rusiya Dövlət Dumasının deputatı və Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanda seçki prosesinin təşkili haqqında şəxsi təəssüratlarını Azərtac-a müsahibəsində bölüşüb.

Axar.az müsahibəni təqdim edir:

- Dmitri İvanoviç, müasir Azərbaycanın inkişafını necə qiymətləndirərdiniz?

- Mən Azərbaycana tez-tez gəlirəm və respublikada gedən dəyişiklikləri şəxsən görürəm. Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxplanlı islahatlar nəticəsində siyasi sabitlik təmin edilib, iqtisadi inkişaf sürəti və vətəndaşların sosial rifahı artıb. Fəal tikinti gedir, yeni sənaye müəssisələri yaradılır, bir-birinin ardınca texnoparklar açılır. İnkişafın bu cür yüksək dinamikası göstərir ki, Azərbaycan rəhbərliyi ölkənin və xalqın maraqlarını hər şeydən üstün tutur.

- Bəs Azərbaycan parlamentinə növbədənkənar seçkilərin elan edilməsinə münasibətiniz necə oldu?

- Düşünürəm ki, hər bir dövlət öz inkişafının müəyyən mərhələsində idarəçilik metodlarını təzələmək barədə düşünür. Bu, həm hakimiyyət strukturlarına yeni qüvvələrin axını, həm də səmərəli işlədiklərini sübut etmiş kadrların rotasiyası üçün lazım olan obyektiv prosesdir. İslahatların hərəkətverici qüvvəsi də elə budur. Sizə İlham Heydər oğlunun Davosda dediyi sözləri xatırladım: “Dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, XXI əsrdə XX əsrin baxışı ilə uğur qazanmaq olmaz”. Respublika rəhbərliyində kadrların əsaslı yerdəyişməsi 2018-ci ildən başlayıb, bir sıra mühüm vəzifələrdə əvəzləmələr baş verib, Azərbaycan cari ilə yeni Nazirlər Kabineti və Administrasiya ilə daxil olub. Kadr dəyişikliyi ilə üzləşməyən sonuncu mərkəzi hakimiyyət Milli Məclis idi, lakin yeniliklər bura da gəldi, əvvəlki dövrə özünəməxsus yekun vurulması ilə əlamətdar oldu.

- Əgər islahatların hərəkətverici qüvvəsi kimi gənclərdən danışsaq, sizcə, seçkilərdə gənc namizədlər nə dərəcədə təmsil olunub?

- Azərbaycan postsovet məkanının inamlı demoqrafiya artımı nümayiş etdirən azsaylı ölkələrindən biridir. Bu isə o deməkdir ki, onun gələcəyi, əsasən, gənclərdən asılı olacaq. Milli Məclisə növbədənkənar seçkilər iddialı cavanların həyata keçirilən islahatlara öz töhfələrini vermələri və özlərini ictimai-siyasi həyatda təsdiq etmələri üçün əla fürsətdir. Qeyd edim ki, seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan Partiyası parlamentin gəncləşməsinin vacibliyini başa düşür və onun irəli sürdüyü namizədlərin çoxu da elə gənclərin təmsilçiləridir.

- Siz Azərbaycan parlamentinə seçki kampaniyasında Rusiyada analoji seçkilərlə müqayisədə ən çox nəzərə çarpan hansı fərqləri görürsünüz?

- Əvvəlki çağırış Milli Məclisin buraxılması ilə yeni seçkilərin tarixi arasında vaxtın cəmi iki ayla məhdudlaşmasına baxmayaraq, cəmiyyətdə seçki kampaniyasına maraq çox yüksək olub. Görünməmiş sayda namizəd irəli sürülüb, özü də onların dörddəbir hissəsi qadınlar olub. Ən fəal təşviqatın sosial şəbəkələrdə və digər internet məkanlarında aparılması mənə olduqca maraqlı gəldi. Özü də namizədlər özlərini mümkün qədər qeyri-standart təqdim etməyə çalışırdılar. Seçkilərin maksimum dürüst və şəffaf olması üçün Azərbaycan hökumətinin gördüyü qabaqlayıcı tədbirlər də güclü təəssürat oyadır.

- Bütövlükdə bu seçkilər bir müşahidəçi kimi şəxsən sizdə hansı təəssüratı yaratdı?

- Qeyd edim ki, 2015-ci ildə, Milli Məclisə əvvəlki seçkilərdə də mən rusiyalı müşahidəçilərin qrupunda təmsil olunmuşdum. Deyə bilərəm ki, Azərbaycanda seçki prosesinin təşkilatçılıq səviyyəsi sabit olaraq çox yüksəkdir. Ənənəvi olaraq bütün proses dəqiq, keyfiyyətli və seçicilər üçün maksimum rahatlıq yaradılmaqla keçirilir. Bizdən, Rusiya Dövlət Dumasının nümayəndələrindən başqa prosesi 800 beynəlxalq və təqribən 78000 yerli müşahidəçi izləyib. Onlar Azərbaycanın həm beynəlxalq hüquq normalarına, həm də respublikanın seçki qanunvericiliyinə qeyd-şərtsiz əməl etdiyini təsdiq ediblər. Mən iş prosesində seçki komissiyalarının üzvləri və seçicilərlə görüşdüm, Mingəçevirdəki dörd seçki məntəqəsində şəxsən oldum. Soyuq, yağışlı və küləkli hava olmasına baxmayaraq, insanlar seçki məntəqələrinə axışırdılar. Səsvermədə iştirak (47,81 faiz) Milli Məclisə əvvəlki üç seçkinin göstəriciləri ilə, bütövlükdə, üst-üstə düşür. Məncə, seçicilərin belə fəallığı göstərir ki, ölkə rəhbərliyi xalqın arzularını bilir və başa düşür, vətəndaşlar isə onlara göstərilən diqqət və qayğını qiymətləndirir və dəstəkləyirlər. Əminəm ki, biz daim islahatlar yolu ilə irəliləyən Azərbaycanın yaxın vaxtlarda növbəti nailiyyətlərinin şahidi olacağıq.

Tarix
2020.02.10 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla