"Gülər Əhmədovanın səsləndirdiyi fikirləri haqlı saymaq olar.
Çünki o da bir vətəndaşdır və onun da konstitusion hüquqları var.
Heç kimin haqqı yoxdur ki, məhkəmə qərarı olmadan kimisə cinayətkar
elan etsin".
Bu sözləri "Axar.az"a açıqlamasında Yeni Azərbaycan
Partiyasından olan millət vəkili Siyavuş Novruzov dedi. O bildirdi
ki, beynəlxalq təşkilatların məhkum xanım haqqında səsləndirdiyi
fikirlər onun hüquqlarının pozulmasıdır:
"ATƏT"in Bakı ofisinin, ABŞ Dövlət Departamentinin, o cümlədən
digər beynəlxalq təşkilatların məhkəmə qərarı olmadan belə bir
fikir səsləndirmələri qeyri-obyektiv olmaqla yanaşı, həm də həbsdə
olan bir xanımın hüquqlarını kobud şəkildə pozmaqdır".
Siyavuş Novruzov keçmiş millət vəkilinin məhkəmə prosesində
iştirakın YAP üçün maraqlı olmadığını da dedi:
"Bizim YAP olaraq o məhkəmədə iştirak etməyimizin heç bir mənası
yoxdur. Çünki Gülər Əhmədova məhkəmə prosesində iştirak etmək üçün
onun hüquqlarını pozan tərəfləri dəvət edib. ABŞ Dövlət
Departamentinin, ATƏT-in Bakı ofisinin və Milli Şuranın seçkidəki
namizədi Cəmil Həsənlinin məhkəmədəki iştirakından söz gedə bilər.
Çünki məhz onlar Gülər Əhmədovanın "təqsirsizkik prizumpsiyası"
hüququnu pozub. Gülər Əhmədova da məhz onlara sözünü demək üçün
çağırır".
Məhkəmədə iştirak mümkündür
Gülər Əhmədovanın məhkəməsi barədə danışan millət vəkili Zahid
Oruc da onun hüquqlarının pozulduğu fikrində olduğunu dedi.
"Axar.az"a danışan millət vəkili onu da dedi ki, bu məsələni
siyasiləşdirməyə və iqtidarın üstünə hücum çəkməyə hazır olan
xüsusi dairələr var:
"Əgər sırf hüquqi müstəvidə qiymət verilməlidirsə, məhkəmə
qərarı olmayan bir insan haqqında cinayətkar demək qanunsuzdur. Bu,
insan hüquqlarının pozulmasıdır.
Zahid Oruc Gülər Əhmədovanın məhkəmə prosesinidə iştirak edə
biləcəyini də açıqladı:
"Əgər Gülər Əhmədova məhkəmə prosesində geniş ictimai dairələrin
iştirakını və bu prosesdə nəzarətin və izləyənlərin çoxalmasını
istəyirsə, niyə də olmasın. Məhkəmədə iştirak barədə düşünmək olar.
Bizim istəyimiz odur ki, məsələ məhkəmə və hüquq sistemi
çərçivəsində saxlanılsın. Bunu siyasiləşdirib və barıt çəlləyinə
çevirib, əllərini onun üzərində qızdırmaq istəyənlərin istəklərinin
baş tutmasına imkan vermək olmaz".