"Avropa Olimpiya Komitəsi Azərbaycanda l Avropa
Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra ötən
dövr ərzində Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin
yüksək səviyyədə təşkili üçün mühüm işlər görmüşdür. Yeni idman
qurğularının tikintisi, artıq mövcud olan qurğuların yenidən bərpa
olunması, sosial və nəqliyyat infrastrukturunun dünyada mövcud olan
qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi, qonaqların
yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlər uğurla
həll olunur və artıq başa çatmaq üzrədir".
Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Respublikası
Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident
Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Avropa Olimpiya Komitəsi öz
açıqlamalarında görülən işləri yüksək qiymətləndirmişdir. Bütün
bunlar əminliklə onu deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək
I Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaqdır:
"Təəssüf ki, davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi,
humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa
çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən
vermək istəmir və I Avropa Oyunlarını ölkəmizə qarşı həyata
keçirilən "qara piar" kampaniyasının baş mövzusuna çevirməyə
çalışırlar. "Amnesty İnternational" təşkilatının I Avropa
Oyunlarını boykot çağırışı, Oyunlara hazırlıqla bağlı həyata
keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə
buraxılması, xarici KİV-lərdə sifarişlə yerləşdirilən qərəzli,
qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz
nümunələridir".
PA rəsmisinin sözlərinə görə, təsadüfi deyil ki, "Azadlıq"
radiosu başda olmaqla bəzi maraqlı qüvvələr sosial şəbəkələrdə guya
Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar
davranıldığını əks etdirən video yayır və paylaşırlar: "Halbuki,
həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən
heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi
"faktları" ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın
imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq
təxribat törətməyə çalışırlar. Biz belə təxribatlarla əvvəllər də,
2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi keçiriləndə də
rastlaşmışıq. Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki,
bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə
öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli
oyundan başqa bir şey deyil.
Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün
istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə
verməyəcək və nə qədər ki gec deyil, həmin qüvvələri öz məkrli
niyyətlərindən geri çəkilməyə dəvət edirik".