Azərbaycan Respublikası
Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr
şöbəsinin müdiri, birinci dərəcəli Dövlət müşaviri Novruz Məmmədov
Prezident İlham Əliyevin Bolqarıstan səfəri və bu görüşün mühüm
perspektivləri barədə Axar.az-a danışır.
- Martın 4-5-də Azərbaycan Republikasının Prezidenti
İlham Əliyevin Bolqarıstana səfəri baş tutdu. Bu səfərin əsas
məqsədi nədən ibarət idi?
- Hər şeydən öncə bu səfər bir daha göstərdi ki, Avropa ölkələri
və ayrılıqda Avropa Birliyi Azərbaycanla əməkdaşlığı bütün
sahələrdə inkişaf etdirməyə çox mühüm əhəmiyyət verir. Belə
dövlətlərdən biri də Bolqarıstandır. Bolqarıstan prezidentinin
dəvəti ilə İlham Əliyev martın 4-5-də bu ölkədə səfərdə oldu. İki
ölkə arasındakı siyasi əlaqələr yüksək səviyyədədir. Bu səfərin
məqsədi münasibətlərə yenidən baxaraq inkişaf potensialının
nəzərdən keçirilməsi ilə münasibət və əməkdaşlıq əlaqələrinin bütün
sahələrdə daha da inkişaf etdirilməsidir. Hesab edirəm ki, səfər
çərçivəsində bu məqsədə nail olundu. Cənab Prezident səfər zamanı
Bolqarıstan prezidenti ilə həm təkbətək, həm də geniş tərkibdə
görüşlər keçirərək ikitərəfli münasibətlərin bütün aspektləri,
hazırkı vəziyyəti, gələcək perspektivlərinə toxundu və bununla
bağlı tərəflər öz mövqeyini ortaya qoyaraq geniş fikir mübadiləsi
apardı. Eyni zamanda, belə bir görüş Bolqarıstanın baş naziri ilə
baş tutdu.
Qeyd edim ki, hər iki görüşdə aparılan danışıqlar zamanı
Bolqarıstan prezidenti ilə baş nazirinin mövqeləri üst-üstə
düşürdü. Məlum olurdu ki, Bolqarıstan səmimi şəkildə Azərbaycanla
əlaqələrin bütün sahələrdə inkişafına böyük önəm verir. Bu ölkə ilə
tarixi yaxınlığımız var. Əlaqələr hələ 19-cu əsrdən formalaşıb.
Bolqarıstan tərəfi əlaqələri daha da inkişaf etdirməyi qəti şəkildə
qarşısına məqsəd qoyub. Aparılan danışıqlar zamanı siyasi,
iqtisadi, ticari əlaqələr, enerji, mədəni və sərmayə qoyuluşu
sahəsində, eyni zamanda, əczaçılıq sahəsində, ərzaq-yeyinti
məhsullarının idxal-ixracı, turizm sahəsində, bank sektorunda,
infrastruktur, nəqliyyat sahəsində əlaqələrin inkişaf perspekləri
ətrafında geniş fikir mübadiləsi aparıldı. Düşünürəm ki, səfərdən
gözləntilər böyük olduğu üçün bu, özlüyündə münasibətlərin
inkişafına mühüm təkan verəcək. Burada əsas müzakirə
istiqamətlərindən biri də Azərbaycanla Avropa Birliyi arasında
əlaqələr və bu əlaqələrdə Bolqarıstanın rolu məsələsi idi. Qarşı
tərəf bu məsələdə Azərbaycanı AB ilə əməkdaşlıqda dəstəkləyəcəyi
haqqında konkret müsbət mövqeyini bildirdi. Yekunda iki mühüm sənəd
imzalandı. Xüsusilə də prezidentlər arasında ərazi bütövlüyü,
suverenlik və sərhədlərin toxunulmazlığını özündə ehtiva edən
"Strateji tərəfdaşlıq haqqında" birgə bəyannamə qəbul edildi.
Starteji tərəfdaşlıq haqqında Avropa ölkələri ilə imzalanan
sənədlər içərisində bu, 7-ci belə sənəddir. Bu, Bolqarıstan
səfərinin böyük uğurudur. Hesab edirəm ki, bu səfərdən sonra iki
ölkə arasında əlaqələr daha da genişlənəcək.
- Novruz müəllim, səfər çərçivəsində Prezident İlham
Əliyevlə Bolqarıstanın Baş naziri Boyko Borisovun birgə mətbuat
konfransında enerji sahəsində bir çox məsələlərə toxunuldu. Ancaq
Bolqarıstan tərəfi xüsusilə "Nabukko Vest" layihəsinin üzərində
dayanaraq onun yenidən bərpasına xüsusi önəm verdiklərini qeyd
etdi. Məhz bu səfərdən sonra sözügedən layihə yenidən gündəmə
gəldi. Necə düşünürsüz, "Nabukko Vest" yenidən reallaşa
bilərmi?
- Heç kimə sirr deyil ki, Azərbaycan enerji sahəsində Avropa
ölkələrinin böyük və etibarlı starteji tərəfdaşıdır. Bu istiqamətdə
Azərbaycanın əldə etdiyi uğurlar göz qabağındadır. Son illərdəki
planlarda Trans Anadolu - TANAP və Cənub Qafqaz dəhlizi də daxil
olmaqla bu layihələrin həyata keçirilməsi yer alır. TANAP-dan sonra
isə Azərbaycanın böyük rolu və payı olan TAP layihəsi cənab
prezidentin də dəfələrlə qeyd etdiyi kimi Azərbaycanın enerji
sahəsində AB səviyyəsində həyata keçiriləcək ən böyük
layihələrindən biridir. Bolqarıstan tərəfi bununla çox maraqlandı.
Məsələn, Yunansıtanda TAP layihəsi həyata keçirilərkən bir qolun da
ayrıca Bolqarıstandan keçməsi əsas müzakirə mövzusu oldu.
Bolqarıstan rəhbərləri belə olacağı təqdirdə Rumınya və Macarıstana
qədər davam edən qolun bu ölkələrin qazla təchizatında da böyük rol
oynayacağını qeyd etdi. Bu fikirlər bir növ "Nabukko" layihəsinin
bərpasına bənzəyir. Bununla bağlı tərəflər arasında hələlik fikir
mübadiləsi aparılıb. Proseslərin bundan sonrakı davamı, Bolqarıstan
və AB-nin məsələyə olan mövqeyi və maliyyə dəstəyi ilə bağlı işlər
barədə hələlik dəqiq fikir söyləmək çətin olsa da, bu barədə
danışıqların baş tutması danılmazdır. Azərbaycan heç kimlə
rəqabətlə aparmadan enerji sahəsində dəstəyə ehtiyacı olan ölkələrə
qarşlıqlı, etibarlı əməkdaşlıqla iş görməyə hazırdır.
- Artıq Avropanın enerji təhlükəsizliyində mühüm bir
faktora çevrilən Azərbaycanın bu sahədəki əlaqələri durmadan
genişlənir. Bu gün ölkəmiz bir çox qabaqcıl Avropa dövlətləri ilə
starteji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq edir. Bütün bu
faktorlar yaxın gələcəkdə Azərbaycanın Avropa Birliyinə üzvlük
məsələsini də gündəmə gətirə bilərmi?
- Azərbaycanın həyata keçirdiyi əsas siyasət real siyasi
prinsiplər üzərində qurulub. Biz o məsələlər haqqında fikir
mübadiləsi aparırıq ki, onların həyata keçirilməsində tam real
imkanların olduğunu görürük. Son 10-15 ildə gedən prosesləri təhlil
etsəniz, görərsiniz ki, Avropa Birliyinə üzvlükdə heç də həmişə
bütün faktorların ədalətlə nəzərə alınmasını müşahidə etmirik.
Bəzən geosiyasi iddialar ortaya çıxır. Buna görə də Avropa ölkələri
ilə çox yaxşı əlaqələr və əməkdaşlıq həyata keçiririk. Ancaq
Azərbaycanın hələ ki, Avropa Birliyinə üzvlüklə bağlı heç bir
mövqeyi yoxdur. Əsas mövqeyimiz AB ilə strateji tərəfdaşlıq sənədi
əsasında bərabərhüquqlu əməkdaşlığımızı davam etdirməkdir.
Düşünürəm ki, Avropa ölkələrinin və AB-nin buna çox böyük ehtiyacı
var. Əgər Avropanın və digər ölkələrin enerji təhlükəsizliyinə öz
töhfəvimizi verə biləriksə, bunu da etməyə hazırıq.
- Boqlarıstan səfərinin ardından ölkə başçısı İtaliyaya
- Vatikana səfər etdi. Siz də bu səfərdə yaxından iştirak
etmisiniz. Vatikanda Roma Papası ilə Prezident İlham Əliyevin
görüşü barədə nə deyə bilərsiz?
- Vatikanda Roma Papası və Vatikanın baş naziri ilə görüşlər
oldu. Cənab Prezident bu görüşləri Mehriban xanımla bilrlikdə
keçirdi. Ölkə başçısının Vatikanın dəvəti ilə bu ölkəyə səfər
etməsi Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verilməsinin bariz
nümunəsidir. Müəyyən məsələlər ətrafında geniş fikir mübadiləsi
aparıldı. Səfər çərçivəsində Roma Papası və Vatikan baş nazirinin
Azərbaycanla əlaqələrə çox böyük əhəmiyyət verdiklərinin şahidi
oldum. Vatikan Azərbaycanda dini icmalar arasındakı anlaşma,
qarşılıqlı əməkdaşlıq və pozitiv münasibətlərə çox yüksək qiymət
verir. Digər tərəfdən isə Vatikan Azərbaycanın dinlərararsı
əməkdaşlıq və əlaqələrə çox böyük töhfə verməsini yüksək
qiymətləndirir. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli, hazırkı proses və bunun gələcək perspektivləri
hərtərəfli müzakirə olundu. Prezident Roma Papasını və baş naziri
Qarabağ məsələsi ilə bağlı ətraflı şəkildə məlumatlandırdı. Çünki
bu məsələdə Ermənistan tərəfinin vaxtı hər zaman uzatması və
münaqişənin həllinə meylli olmaması ilə bağlı ətraflı məlumatın
Vatikanın nəzərinə çatdırılmasının çox böyük əhəmiyyəti var. Hesab
edirəm ki, bu, özlüyündə gələcək danışıqlar prosesinə müəyyən
təsirlərini göstərəcək.