"Medi Sina" klinikasında əməliyyat zamanı həkim
məsuliyyətsizliyi və səhlənkarlığından dünyasını dəyişmiş Elnarə
Tofiqqızının həyat yoldaşı Anar Niftəliyev Azərbaycan
Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil
Usubova müraciət ünvanlayıb.
Müaraciətin tam mətnini təqdim edirik:
"Hörmətli cənab nazir!
Həyat yoldaşım, BSU-nun dekanı olmuş tənqidçi Elnarə
Tofiqqızının (Niftəliyeva) "Medi Sina" klinikasında əməliyyat
zamanı həkim məsuliyyətsizliyi və səhlənkarlığından dünyasını
dəyişməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda aparılan cinayət
işində əməliyyatda iştirak edən assistent, M.Topçubaşov adına Elmi
Cərrahiyyə Mərkəzinin Ümumi cərrahiyyə şöbəsinin həkimi Fərəculla
Sədulla oğlu İdrisovun əməlində dələduzluğa cəhd şübhəsi
olduğundan, araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinin
İstintaq şöbəsinə göndərildi.
Məlumat üçün deyim ki, F.İdrisov bu əməliyyata heç bir zəruri
ehtiyac olmadığı halda, bizi əməliyyata sövq etmiş və əməliyyatın
uğurlu keçəcəyinə tam təminat vermişdi. Bunun qarşılığında isə mən
ona əməliyyatda assistent kimi iştirak etməyi və beləliklə, bütün
məsuliyyəti üzərinə götürməsini təklif etmişdim. Ümumi cərrah olan
F.İdrisovun həyat yoldaşımın süd vəzi kanalının popilloması deyilən
onkoloji əməliyyatında iştirakının səbəbi yalnız budur. Başqa ümumi
cərrah hansı əsasla onkoloji əməliyyatda iştirak edə bilərdi?
Əməliyyatdan sonra isə məlum oldu ki, F.İdrisov ona olan
etibarımızdan sui-istifadə edərək, tamah məqsədi ilə bu əməliyyatın
keçirilməsinə bizi təhrik edib. Belə ki, məndən klinikaya
köçürülməsi üçün 1000 manat gərəkdiyini (bura müayinə, müalicə,
özünə aid olan zəhməthaqqı və s. xərclər aid deyil) desə və
razılaşsaq da, sonradan "Media Sina" klinikasının baş həkimi Abbas
Bağırov əməliyyat üçün klinikaya cəmi 150 manat pul köçürülməsi
barədə razılaşdıqlarını dedi. Beləliklə, F.İdrisov onkoloji
əməliyyat aparılması üçün Səhiyyə Nazirliyindən lisenziya almayan
bir xəstəxanada yalnız tamah məqsədi ilə bu əməliyyatın
keçirilməsini təşkil edib.
Ona görə də Bakı Şəhər Prokurorluğu ittiham elan olunan
anestezioloqun işini Nəsimi Rayon Məhkəməsinə göndərərkən,
dələduzluğa cəhddə şübhəli olan assistent Fərəculla İdrisovun
barəsində araşdırılma aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə
müraciət göndərdi.
Hörmətli cənab nazir!
Ölkəmizdə kifayət qədər səs-küylü cinayətlərdən sayılan və il
yarımdır ictimaiyyətin diqqətində olan bu cinayət işinin daha bir
istiqamət üzrə araşdırılması üçün polis orqanlarına göndərilməsinin
işin ədalətli həllinə böyük töhfə verəcəyinə qətiyyətlə əmin idim.
Cinayət işi başlayarkən həm Nəsimi Rayon Prokurorluğunda aparılan
istintaq, həm də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya
Birliyi bütün vasitələrlə anestezioloq istisna olmaqla, digər
həkimlərin məsuliyyətdən azad edilməsi üçün əllərindən gələni
etmişdilər. Halbuki Səhiyyə Nazirliyinin baş onkoloq və
anestezioloqunun bu əməliyyatın keçirilməsində bütün tibb
personalının ciddi məsuliyyətsizliyə və səhlənkarlığa yol verdiyi
barədə rəsmi məktubu həm cinayət işinin aparıldığı Nəsimi Rayon
Prokurorluğuna, həm də zərərçəkən kimi mənə göndərilmişdi. Nəhayət,
Baş Prokurorluğun, xüsusilə hörmətli Rüstəm Usubovun müdaxiləsindən
sonra işin ədalətli araşdırılması yönündə ciddi addımlar atıldı və
Bakı Şəhər Prokurorluğu (müstəntiq Vaqif Süleymanov) cinayət işinin
ədalətli araşdırılması üçün müsbət cəhdlər etdi.
Bu baxımdan F.İdrisov barədə araşdırılma aparılması üçün polis
orqanlarına göndərilən işin obyektiv araşdırılacağına və daha bir
prosesdə ədalətin bərpa ediləcəyinə şübhə etmirdim. Ən azı ona görə
ki, Sizin vətəndaş şikayətlərinə necə həssas yanaşdığınızı və
ictimai nüfuzunuzun miqyasını bilirəm. Dəfələrlə müşahidə etdiyim
üçün tam səmimi olaraq deyirəm ki, Siz hər hansı narahatlığa xüsusi
həssaslıqla yanaşan nazir olduğunuz üçün polis sistemindən
əminliyimiz var və hesab edirik ki, bu mürəkkəb, vətəndaşlarla daim
təmasda olduğundan, daim də diqqət mərkəzində olan qurumda Sizin
həssaslığınız və peşəkarlığınız sayəsində yaranan bu əminliyimizi
kimsə zədələməyə cəsarət etməz.
Hörmətli cənab nazir!
Təəssüf ki, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin
müstəntiqi Elvin Əsgərov işdə adı keçən şahidlərin ifadəsini
almadan, üzləşdirmə aparmadan tələm-tələsik bu işə xitam verdi.
Həkim Fərəculla İdrisov istintaqa yalan ifadələr verdiyini Nəsimi
Rayon Məhkəməsində keçirilən prosesdə şahid kimi dindirilərkən özü
etiraf etdi və onun bu sözləri protokollaşdırıldı. Hazırda
istintaqı hansı səbəbdən aldatdığının araşdırılması üçün
vəsatətimizi Nəsimi Rayon Məhkəməsinə təqdim etmişik. İstintaqa,
polisə, məhkəməyə bir-birinin ardınca yalan ifadələr verdiyini özü
etiraf edən bir şəxsin işi yalnız onun ifadəsi əsas gətirilməklə,
əlavə şahidlərin ifadəsi alınmadan və araşdırılma aparılmadan niyə
xətm olunmalıdır?
Təbii ki, biz 22 yanvarda verilən bu xətm qərarından 02 fevral
2015-ci il tarixdə Nəsimi Rayon Prokurorluğu vasitəsilə şikayət
verdik və şikayətimiz rəsmi dərkənarla qəbul edildi. Elə bütün
şübhəli məqamlar da buradan başladı.
Nəsimi RPİ İstintaq şöbəsinin müdiri Oruc Əmiraslanov
müraciətimizə hər hansı cavab verməmək üçün müxtəlif bəhanələr
uydurmağa başladı: əvvəlcə Daxili İşlər Nazirliyinin Nəsimi Rayon
Polis İdarəsində yoxlamalar apardığı və bu səbəbdən də başının
qarışıq olduğu bildirildi. Bir neçə gündən sonra isə Daxili İşlər
Nazirliyinin Nəsimi RPİ-ni deyil, İstintaq şöbəsini yoxladığı qeyd
olundu. Həftələrlə davam edən bu "yoxlama" bəhanəsindən sonra isə
ümumiyyətlə şikayət məktubumuzla bağlı açıqlama verilmir:
O.Əmiraslanov bütün vasitələrlə müraciətlərdən yayınır.
Aldığım qeyri-rəsmi məlumata görə, O.Əmiraslanov bu müddət
ərzində xətm qərarını tez-tələsik Nəsimi Rayon Prokurorluğunda
təsdiqlədib, hazırda isə Bakı Şəhər Prokurorluğunda
təsdiqlətməkdədir. O.Əmiraslanovun iki körpə qız uşağını yetim
qoyan, bir gənc ananı qətlə yetirən, bir ocağı söndürən dələduz
həkimi niyə bu qədər həyəcanla müdafiə etməsi barədə yalnız bir
şübhəyə yer qalır.
Hörmətli cənab nazir!
Mən hüquqi məsələlərdən az məlumatlıyam və Sizə təkcə ölkəmizin
böyük nüfuza sahib nazirlərindən biri kimi deyil, həm də miqyaslı
həyat təcrübəsinə, erudisiyaya malik insan, bir böyük kimi müraciət
edirəm: 4 yaşlı bir körpə il yarımdır ana yolunu gözləyirsə, il
yarımdır hər gecə anasını soruşursa, il yarımdır – hər gün, hər
saat cəmi ikicə il gördüyü anası ilə bağlı bitib-tükənməyən
xatirələr danışırsa, bu dəhşəti ona və atasına yaşadan bir dələduz
necə cəzalanmaya bilər?
Mən başının üstündə Allahını görən və ədalətli olmağa çalışan
insanam, cənab nazir! Heç vaxt kiminsə layiq olmadan cəza almasını
istəmərəm; xüsusilə indi – bu yaşadıqlarımla ölümün çox yaxında
olduğunu bir an da olsun unutmayan mənim kimi adam günahla, kiməsə
şər atmaqla Allah dərgahına getməyi göz altına alarmı? Mən yalnız
bu qətlə tamahına görə bais olan bir şəxsin ölkəmin qanunları ilə
cəzalanmasını, həkimlik fəaliyyətindən uzaqlaşmasını və bir daha
belə cinayətlə başqalarını da bədbəxt etməməsini, daha bir neçə
körpəni anasız qoymamasını istəyirəm.
Hörmətli cənab nazir!
Bu cinayət işini nəzarətinizə götürməyi xahiş edirəm və əminəm
ki, Sizin nəzarətiniz ədalətin təmini üçün tamamilə kifayətdir.
Əgər məni qəbul edib, dərdimi dinləsəniz, mənə həm də mənəvi
baxımdan böyük təskinlik vermiş olarsınız".