Martın 18-də Bakı Olimpiya
Stadionunun açılışı olub.
Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Bakı Olimpiya Stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub.
Mərasimdə Prezident İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və
UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol
ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri və
futbol veteranları iştirak etmişdilər. Ətrafında ümumilikdə 82 min
kvadratmetrlik yaşıllıq sahəsinin salındığı Bakı Olimpiya Stadionu
yüksək keyfiyyətlə inşa olunub və artıq istifadəyə hazırdır.
Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti
kəsib.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı
dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, təxminən 50
hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6
mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26
qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya
normativlərinə əsasən insanların daha çox piyada və ictimai
nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min
100 yerlik avtomobil parkı inşa edilib.
Sonra Prezident İlham Əliyevə və xanımına Bakı Olimpiya
Stadionunun interyerində həyata keçirilən işlərlə bağlı məlumat
verilib.
Bildirilib ki, burada işlər artıq başa çatdırılıb. Tikintidə ən
müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Bakı
Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə dəfələrlə tanış
olan, tikintinin keyfiyyətlə həyata keçirilməsini diqqət mərkəzində
saxlayan Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq
olaraq bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi
gözəlliyi ilə seçilir və şəhərimizdə aparılan quruculuq işlərinə
bir töhfədir. İlk Avropa Oyunlarına hazırlıq, o cümlədən Bakı
Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə bağlı birinci
Avropa Oyunları Təşkilat Komitəsi fəal iş aparır. Komitə tərəfindən
təşkilati işlər yüksək səviyyədə həyata keçirilir. İlk Avropa
Oyunlarına hazırlıqla bağlı işlərin beynəlxalq standartlara uyğun
şəkildə vaxtında və yüksək keyfiyyətlə aparılması birinci Avropa
Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Avropa Oyunlarının
Koordinasiya Komissiyasının müxtəlif vaxtlarda keçirilən iclasları
hazırlıq işlərinin yüksək səviyyədə aparılmasında xüsusi önəm
daşıyır. İlk Avropa Oyunlarının xaricdə təbliğ olunması işinə də
böyük əhəmiyyət verilir. Bununla bağlı Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra ölkələrində
keçirilən təntənəli tanıtım mərasimlərinin əhəmiyyəti xüsusi önəm
daşıyır.
Diqqətə çatdırılıb ki, beynəlxalq standartlara tam cavab verən
stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər
infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin
mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VİP,
CIP və media bölmələri inşa olunub. Burada qonaqların rahatlığı
üçün hər cür şərait yaradılıb. Bu stadionda yaradılan şərait
təsdiqləyir ki, dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya
hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri
seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası
ölkəmizin gücünü göstərir. İlk Avropa Oyunlarına hazırlığın mühüm
mərhələsi olan Bakı Olimpiya Stadionunun inşası bir daha bu mötəbər
beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş tutacağına əminlik
yaradır.
2015-ci ildə Odlar Yurdu Azərbaycandan start götürəcək Avropa
Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Avropa Olimpiya
Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında qəbul olunub.
Ölkəmizin namizədliyi 38 dövlət tərəfindən dəstəklənib. Bu
Oyunların Bakıda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin
beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imicdən
qaynaqlanır. Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxt
qalmasına baxmayaraq, Azərbaycanda bu mötəbər tədbirə hazırlıqla
bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Müxtəlif idman
yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya
Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir.
Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa
Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya
hərəkatına verilən dəyərin təzahürüdür. Bu hadisə həm də
Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə
beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Son dərəcə
maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın
Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi
etməsi təbii ki, həm də ölkəmizin son illərdə idman sahəsində
qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, 22 illik
müstəqilliyi dövründə Azərbaycan atletləri olimpiadalarda 26,
Avropa və dünya çempionatlarında isə 2 minə qədər medal qazanıblar.
2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında
isə 49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növü üzrə mübarizə
aparacaq. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. İlk
Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi
Bakı Olimpiya Stadionunda yaradılan şərait isə bir daha bu idman
tədbirinin yüksək səviyyədə təşkil olunacağına təminat verir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva martın 18-də Böyükşor gölünün və ətraf
ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən
işlərlə tanış olublar.
İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev görülən işlər
barədə dövlətimizin başçısına ətraflı məlumat verib. Bildirilib ki,
bu layihə Prezidentin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə
təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və
"Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması,
mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında"
Fərmanına uyğun olaraq həyata keçirilir. İlk Avropa Oyunlarına aid
tədbirlərin böyük əksəriyyəti Böyükşor gölünün şərq sahilində
yerləşən Bakı Olimpiya Stadionu kompleksində keçiriləcək. Burada
çoxsaylı qonaqların, idmançıların və turistlərin qəbul edilməsi
gözlənilir. Bu baxımdan gölün və ətraf ərazilərin ekoloji
vəziyyətinin kompleks bərpası və Böyükşor bulvarının yaradılması
xüsusi əhəmiyyət kəsb edir.
Bildirilib ki, gölün birinci mərhələsi üzrə əsaslı tikinti
işləri başa çatdırılıb. Layihə ərazisinin şərq və cənub sahilində
bulvar və park salınır. Ümumi abadlıq işlərinin sahəsi 15 hektara
yaxındır. Gölün dibinin xüsusi qurğular vasitəsilə təmizlənməsi
işləri qrafik üzrə icra olunur və artıq layihə ərazisinin dibinin
92 faizi təmizlənib. Park-bulvarın bu ilin mayında paytaxt
sakinlərinin və qonaqların istifadəsinə verilməsi
planlaşdırılır.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi,
müvafiq tapşırıq və tövsiyələrini verib.
Böyükşor gölünün kompleks bərpası iki mərhələdə həyata
keçirilir. Birinci mərhələ bu ilin mayınadək başa çatdırılacaq. Bu
mərhələdə işlərin sürətlə aparılması üçün layihə ərazisində 1570
metr uzunluğunda müvəqqəti bənd çəkilərək göl iki hissəyə ayrılıb.
Bu bənd gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şossesini
birləşdirəcək magistral yolun özülü olacaq. Layihənin növbəti
mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata
keçiriləcək. Sovet dövründən etibarən Böyükşor gölünə sənaye və
məişət tullantı sularının və neft qalıqlarının axıdılmasının
qarşısı artıq böyük həcmdə alınıb. Layihənin icrasına başlamazdan
əvvəl gölə 76 mənbədən sənaye və məişət tullantı suları axıdılırdı.
İndi bu mənbələr layihə ərazisində tamamilə ləğv edilib, qalan
sahədə isə 36-ya endirilib və bu göstərici azalmaqdadır. Gölün
dibinin təmizlənmiş ərazilərində neftlə çirklənmənin səviyyəsi 120
min mq/kiloqramdan 86-ya enib ki, bu da gölün dibinin artıq ekoloji
normalar çərçivəsində olması deməkdir. Layihə ərazisinin cənub
sahili boyunca çirkab suların qarşısının alınması üçün kanalizasiya
xətti çəkilib və bu hissədə çirklənmə mənbələrinin qarşısı tamamilə
alınıb. Gölə axıdılan bütün mənbələrin qarşısının alınması suyun
keyfiyyətini yaxşılaşdırır. Neftlə çirklənmiş əsas ərazi - layihə
ərazisinin Balaxanı qəsəbəsi tərəfindədir. Qədim Balaxanı neft
yataqlarının gölün bu hissəsini çirkləndirən neft tullantılarının
qarşısının alınması üçün Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi
məcrasının sərhədləri boyunca 1850 metr uzunluğunda bənd inşa
edilib.
Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci
illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına
qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa
olunacaq. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən
Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab
edilir. Qısa müddətdə görülmüş işlər nəticəsində suyun keyfiyyət
göstəricilərinin dinamikası müsbətə doğru dəyişib.
***
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən
yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış
olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat
verdi ki, Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya
Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik
üzrə davam etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi
görülüb. Çəkilən ikinci yolun ümumi uzunluğu 1 kilometrdir və onun
hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 3 körpü inşa olunub.
Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu 176 metr,
piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 143
metrdir. Bundan başqa, uzunluğu 900 metrə yaxın olan piyada keçidi
də inşa edilib, iki tunel tikilib.
Azərbaycan Prezidentinə Həsən Əliyev küçəsi-Ziya Bünyadov
prospekti-Olimpiya Stadionu avtomobil yolunun ikinci hissəsində
görülən işlərlə də bağlı məlumat verilib.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində ümumi uzunluğu 5
kilometrə yaxın yol çəkilib. Bu yol boyunca da bir körpü və iki
tunel tikilib. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə
Olimpiya şəhərciyini birləşdirib.
Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə
aparılması ilə bağlı tapşırıqlarını verib.