"Rusiya bu gün" Beynəlxalq Agentliyinin rəhbəri Dmitri
Kiselyov "Qafqazın səsi"nə Rusiya-Azərbaycan münasibətlərinin
indiki vəziyyətindən danışıb və ölkəyə olan son səfəri haqqında
təəssüratlarını bölüşüb.
Axar.az xəbər verir ki, o,
iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının bu gün
Azərbaycanın bütün sferalarda məqsədyönlü inkişafını nümayiş
etdirdiyini qeyd edib:
"Mənim Avropa Oyunlarına
dəvətnaməm var və hətta bu yaxınlarda Azərbaycana olan səfərim
zamanı oyunlara yüksək səviyyədə hazırlığın şahidi oldum. Müşahidə
etdiyim bu hazırlıqlar məndə çox gözəl təəssürat oyatdı. Doğrusu,
mən Azərbaycanda hökm sürən inkişaf və xoşməramlı mühitə heyranam.
Mənimlə birgə respublikaya səfər edən həyat yoldaşım Maşa da
ölkədən çox xoş təəssüratlarla ayrılıb. Təəssüf ki, biz yalnız
Bakıda olduq, ancaq Azərbaycanın başqa şəhərləri də Avropanın bir
çox şəhərlərindən daha yaxşı təsir bağışlayır", – Kiselyov
vurğulayıb.
Onun fikrincə, Azərbaycanla Rusiya arasında olan münasibətlər
nəinki gələcək inkişaf üçün potensial, həmçinin, bu gün üçün də
optimaldır. Kiselev bu istiqamətdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin səylərini də vurğulayıb: "Bu yaxınlarda
baş tutan Xəzər forumunda Rusiyayla Azərbaycanın həmfikir mövqedən
çıxış etməsini xatırlamaq kifayətdir ki, bu iki ölkənin yekdil
tərəfdaş olduğunu dərk edək. İlk dəfə olaraq Xəzər forumunda əldə
olunan sövdələşmələr Azərbaycanla Rusiya arasında heç bir problemin
olmadığını sübut etdi".
Dmitriy Kiselev Azərbaycan prezidentini sözünün üstündə duran bir
şəxs kimi xarakterizə edib:
"Burda mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rolunu xüsusilə qeyd etmək istəyirəm. Onun sözünün
arxasında durmaq kimi bir xüsusiyyəti var. Hazırki dövrdə hətta
böyük dünya liderləri də bu xüsusiyyətə malik deyil, amma cənab
Əliyev başqalarına ibrət olacaq keyfiyyətləri nümayiş etdirir.
Düşünürəm ki, məhz bu, Putinlə cənab Əliyev arasında mövcud olan
etimad və dostluq münasibətlərini şərtləndirir. Onlar hər iksi
əmindir ki, lazım olduğu məqamda dövlətlər bir-birini anlayacaq və
bir-birinə köməklik göstərəcək.
Cənab Əliyevin sərtliyi və hətta deyərdim ki, strateji
müdrikliyi ölkənin və xalqın gələcəyi üçün böyük perspektivlər vəd
edir"