"Hazırda baş verənlər
göstərir ki, Ermənistan həm Rusiyanın, həm də dünyanın müəyyən
dairələrinin köməyi sayəsində Qarabağ məsələsi ilə bağlı danışıqlar
prosesindən yayınır".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli
Ermənistanın təmas xəttində gərginliyi artırmasının ardından
hazırda Rusiyanın Gümrüdəki hərbi bazasının genişləndirilməsi
məsələsinin gündəmə gəlməsinə, eyni zamanda, ABŞ-da davam edən
Ermənistana maliyyə yardımı məsələsinin müzakirəsinə münasibət
bildirərkən deyib. O, bunun arxasında bəlli səbəblərin olduğunu
açıqlayıb:
"İndi əsas diqqəti qondarma soyqırıma yönəltməyə çalışırlar.
Ermənistan tərəfinin son hərəkətlərinin arxasında uydurma
soyqırımın qanunvericiliklə tanınması və BMT səviyyəsinə
çatdırılması ilə hətta Haaqa tribunasına çıxarılması durur. Onlar
hazırda bu planın üzərində çalışırlar. Təmas xəttindəki son yersiz
addımları da sırf bununla bağlıdır. Təbii ki, burada da əsas məqsəd
özlərinin mənfur təzminat tələblərinin yerinə yetirilməsinə nail
olmaqdır. Qarabağ məsələsində hazırkı məqamda əsas rıçaqlar
Rusiyanın əlindədir. Münaqişənin həlli konstruktiv zəmində ona görə
baş tutmur ki, Rusiya ermənilərə kartplanş vermir. Ona görə də belə
bir vəziyyətdə nəinki danışıqlar prosesi, həmsədrlər nə qədər
təzyiq irəli sürsələr də, heç bir nəticə yoxdur. Proses dalana
dirənib. Demək olar ki, Minsk Qrupu fəaliyyətini dayandırmış
durumdadır. Ancaq Azərbaycan bu məsələdə əsas həlledici tərəf
olaraq Minsk Qrupunun fəaliyyətinin dəyişdirilməsi istiqamətində
mühüm addımlar atıb. Xüsusilə də Türkiyə və Almaniyanın formata
üzvlük məsələsi barədə razılığın əldə olunması çox mühüm addımdır.
Ancaq Ermənistan tərəfi bu məsələdə də bütün işləri korlayır. Buna
heç cürə razılıq vermirlər, çünki bu, onların sonu ola bilər".
Politoloqun sözlərinə görə, ermənilər dalana dirənmiş bu oyunu
çox uzada bilməyəcəklər:
"Həmişə və indinin özündə də yaranmış bu vəziyyətdən həm öz
məqsədləri - lazım gəldikdə Rusiyanı şantaj edə bilmək üçün, eyni
zamanda da bölgədə Rusiya təsirini yaymaq üçün istifadə edirlər.
Düşmən tərəfi çox yaxşı bilir ki, Azərbaycan Avropa Oyunlarına
qədər hərbi yola əl ata bilməz. Görün indi bunlar nəyi hesablayıb
və necə şüursuz addım atırlar! Buna görə də hesab edirəm ki,
Qarabağ problemi ilə bağlı əsas hadisələr və irəliləyişlər üzü
payıza doğru baş tutacaq. Çünki bu ərəfədə ən azından dəqiq olan
bir şey var ki, əgər danışıqlar prosesi artıq istənilən nəticəni
verməsə, hərbi sahədə aktivliyin artacağı şübhəsizdir. Görək,
ermənilər bu zaman nə edəcəklər?"