"Dağlıq Qarabağ ermənilərini Ermənistanın avantürasından
azad etməliyik. Bizim belə diferensial yanaşmamız ermənilərin
gücünü parçalayacaq".
Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc
Milli Məclisin plenar iclasında səsləndirib. Zahid Orub qeyd edib
ki, Azərbaycanın hər bir ailəsi üçün Qarabağ yaraları sağalmamış
birgə yaşayış platformasında fikir söyləməyin doğuracağı
reaksiyaları proqnozlaşdırmaq o qədər çətin deyil.
"Birinci Qarabağ müharibəsindən sonra cəbhə xəttində yaranan
hərbi-təhlükəsizlik şəraitindən, yaxud başqa səbəblərdən özünü
Azərbaycan tərəfinə təslim edən bir çox erməni olub. Lakin Andranik
Qriqoryanın ağ bayraq qaldıraraq mənsub olduğu silahlı qüvvələrə və
doğulduğu torpağa arxa çevirməsi, yaşadığı məhrumiyyətləri
Qarabağda hökm sürən şəraitin nümunəsi kimi təqdim etməsi yeni
hadisədir və Ermənistan-Azərbaycan münaqişəsinin gələcəyinə təsir
göstərəcək olaylara yol açacaqdır! Ərazilərimizin işğal altında
olması və verdiyimiz itikilər, xalqımıza qarşı aparılmış qətllər
hər bir erməniyə potensial düşmən kimi yanaşmağa əsas versə də,
nəzərə almalıyıq ki, bütün siyasi həll planları ermənilərlə
birgəyaşayışı tanımağa bizi vadar edəcək. Üstəlik, dəfələrlə
dövlətimiz tərəfindən Qarabağa Azərbaycan tərkibində ən yüksək
muxtariyyət verməyə hazırlığımızı dilə gətirməyimizi də unutmalı
deyilik. Yəni, urapatriotizmi bir kənara qoyaraq, "ermənisiz
Azərbaycan" ideologiyası üzərində maksimalist çağırışlara uymadan
qeyri-populyar addımlar atmağı bacarmalıyıq. Müharibənin yekunu
silahla deyil, qələmlə yazılır!
Andranik Qriqoryan gəncliyi təmsil edir. Ondan mələk düzəltmədən
bir gerçəkliyi nəzərə almalıyıq - müstəqillik dövrümüzdə Qarabağda
doğulan nəsil hələ savaşmayıb. Onlar hər gün ata-babalarının, yaxud
rəsmi təbliğat vasitələrinin əsarəti altındadılar. Lakin hələ
vuruşaraq qan tökməmiş ermənilərin mənəvi-psixoloji yaşantıları
bizim üçün istənilən hərbi kəşfiyyat məlumatı qədər önəmli
olmalıdır! Erməni əsgərinin son bir həftə ərzində verdiyi
bəyanatların təzyiq və ya diqtə altında yazılmadığına çoxları
əmindir. Elə isə diqqət edin, görün o, nə deyir: "Mənim kimi o
tərəfdə belə yaşamaqdan bezib bura keçmək istəyən çoxlu insan var.
Amma onları nə gözlədiyini bilmədikləri üçün ürək etmirlər".
Deməli, Qafqazın "jemçujinası", "dünyaya açılan yeni pəncərə"
vəsvəsəsi ilə təqdim olunan və erməni millətçilərinin eyforiya ilə
vəsf etdiyi bəlağətli gerçəkliyi erməni hərbçisinin açıqlamaları
inkar və ifşa edir. Bu,bizim üçün təkcə informasiya müharibəsi
baxımından deyil, həmçinin Qarabağ ermənilərinə qarşı yeni
siyasətimizin mühüm elementi baxımından önəmlidir. Biz üstümüzə
silahla gələnlərə qarşı hərbi zərbələrlə cavab verdiyimiz kimi, ağ
bayraq qaldıranlara da yol açmağı bacarmalıyıq. Azərbaycanın hər
bir ailəsi üçün Qarabağ yaraları sağalmamış birgə yaşayış
platformasında fikir söyləməyin doğuracağı reaksiyaları
proqnozlaşdırmaq o qədər çətin deyil. Lakin söhbət bütün ermənilərə
əfv və amnistiya tətbiq edərək onlara kriminal keçmişlərinə görə
məsuliyyəti ləğv etmək, yaxud bəraət vermək deyil, silahsız və
cinayət törətməmiş şəxsləri, o cümlədən, Azərbaycan
Konstitusiyasını tanıyan, qanunlarına tabe olacağı öhdəliyini bəyan
edən və xaqlımızdan sığınacaq istəyən insanlar, yaxud Qriqoryanın
mənsub olduğu hərbi taboru silahsızlaşdırmaya gedəcəyi və eyni
qayda ilə bizim tərəfə keçəcəkləri təqdirdə, onlardan imtina edə
bilməyəcəyik.
Rusiya Azərbaycandan daha üstün hərbi imkanlara malik olmasına
baxmayaraq, çeçenlərin içərisindən tərəfdarlarını tapdı. Azərbaycan
Qarabağda hakimiyyətə gətirməyə gücü çatacaq qədər ermənilərə
söykənə bilməsə də, bura gələrək Ermənistan əleyhinə kəskin
nifrətini yağdıran ermənilərlə işləməlidir. Onların siyasi
zərbələri səngərdəki əsgərimizin atdığı atəş qədər təsirlidir. Ona
görə Dağlıq Qarabağ ermənilərini də Ermənistanın avantürasından
azad etməliyik. Bizim belə diferensial yanaşmamız ermənilərin gücü
parçalayacaq.
Təslim olmuş ermənilərin cəmiyyətə adaptasiyası, pasport və
digər vətəndaş haqları ilə əhatə olunması dövlətin, parlamentin və
xalqın birgə qərarı ilə müəyyənləşməlidir. Əlbəttə, İshaq Rabinə
atılan güllələr həmişə və hər yerdə var. Özü də bunda müharibənin
keçmişindən ziyan görənlər deyil, iki milləti toqquşdurmaqdan fayda
götürənlərin əli olduğuna heç kəsin şübhəsi yoxdur. Lakin
Azərbaycan dünyaya dinc vətəndaşlarla deyil, hərbi və silahlı
qüvvələrlə vuruşduğunu təqdim etməyi bacarmalıdır. Tarixi təcrübə
sübut edir ki, hətta İkinci Dünya müharibəsi zamanı da hər iki
tərəf onun tərəfinə keçən xalqlardan istifadə etməyi savaşın ən
mühüm hərbi-siyasi taktikasına çevirmişdi. Biz də istisna olmalı
deyilik!"