FNKA "AzərRos"da aparılan
fikir ayrılıqları təkcə Rusiyadakı azərbaycanlıları deyil, həm də
öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları da narahat
edir.
Axar.az xəbər verir ki, Abbas Abbasov və onun əhatəsindəki
insanların fəaliyyəti nəticəsində yaranan konfliktli situasiya
ümumrusiya səviyyəsində münaqişə yaradıb. Yaranmış vəziyyətə təkcə
Azərbaycanın regional təşkilatları deyil, Ümumrusiya Azərbaycan
Konqresinin Sankt-Peterburq, Moskva, Volqoqrad, Murmansk,
Stavropol, Perm və Ulyanovsk regional şöbəsindən də reaksiya
gəlib.
Qurultay öz açıq bəyanatlarında ictimai federal təşkilatların
özəlləşdirmə cəhdlərini kəskin şəkildə tənqid edib və vurğulayıb
ki, şəxsi maraqların güdülməsi yolverilməzdir. Həmçinin, qeyd
olunub ki, bəzi birmənalı qəbul edilməyən məqamlar, FNKA rəhbərliyi
adından atılan addımlar şübhə doğurur. Qurultay Abbas Abbasovu və
himayəsində olanları bu provokasiyaları sonlandırmağa çağırır. Bu
gün URO VAK-ın mövqeyini daha açıq şəkildə İslam Hüseynov ortaya
qoyur:
– İslam Hüseynov, Ulyanovsk Moskvadan kifayət qədər
uzaqda yerləşir. Niyə sizi və sizin komandanızı paytaxtda baş
verənlər narahat edir?
– Müasir dünyada məsafələr praktiki heç bir əhəmiyyət kəsb
etmir. Paytaxtda baş verən hər bir hadisə regionlara öz təsirini
göstərir, biz Azərbaycanın Rusiyadakı milli icmasının bir
hissəsiyik. Bəzən isə bu proses əksinə baş verir: regional
hadisələr ümumi ictimaiyyətin diqqət mərkəzinə çevrilir.
– Sizcə, "AzərRos"dakı parçalanmanın əsas səbəbi
nədir?
– Əslində, hər şey göz qabağındadır. Yaradıldığı gündən 2013-cü
ilə qədər hər şey stabil idi – ictimai fəaliyyət göstərilirdi,
genişmiqyaslı tədbirlər keçirilirdi, kitablar, jurnallar nəşr
olunurdu, "AzərRos" və "Mən Vətəndaşam" qəzetləri buraxılırdı.
Təşkilat layiqli sosial və siyasi imic formalaşdırmağa müvəffəq
olmuşdu. Onun keçmiş rəhbəri Söyün Sadıqov Azərbaycan rəhbərliyi
tərəfindən "Tərəqqi" mükafatına boş yerə layiq görülməyib.
Həmçinin, qeyd etmək lazımdır ki, o, 2011-ci ildə – seçkilər
ərəfəsində Vladimir Putinin etibar etdiyi əsas şəxslərdən biri idi.
Sonra nə baş verdi? Rəhbərlik dəyişdi, Söyün Sadıqov təəssüf ki,
sədrlik vəzifəsindən getdi və öz yerini Abbas Abbasovun köməkçisi
Asif Məhərrəmova verdi. Abbasov özü isə FNKA-nın Ağsaqqallar
Şurasının rəhbərliyini əlinə aldı.
Bundan sonra daxildə problemlər, ziddiyyətlər, anlaşılmazlıq,
konfliktlər meydana gəlməyə başladı. Burda isə artıq kimin haqlı,
kimin haqsız olması qətiyyən önəmli deyil. Fakt faktlığında qalır
ki, yeni rəhbərlik təşkilatın adından istifadə edərək onu öz çirkli
əməllərinin vasitəsinə çevirib. Bu isə öz növbəsində təşkilatın
işinə və ümumi imicinə təsirini göstərdi.
Tədricən təşkilatın üzvləri Abbasovdan və onun yaxın ətrafından
narazı olduqlarını bildirməyə başladılar. Yaranmış çətin vəziyyət
Məhərrəmovu istefa verməyə məcbur etdi. Amma nəyə görəsə Azərbaycan
vətəndaşı, keçmiş vitse-prezident Abbas Abbasov təkidlə geri addım
atmamağa çalışır və hansı məqsədləri güddüyü bizə aydın deyil. O,
hüquqdankənar hərəkətləri ilə bizi və təşkilatı süquta
sürükləyir.
– Regionlarda Ümumrusiya Azərbaycan Konqresi ilə FNKA
"AzərRos" arasında mövcud olan münasibətlər necə
səciyyələnir?
– Ümumilikdə dostluq, əməkdaşlıq münasibətləri və sağlam rəqabət
müşahidə olunmaqdadır. Ancaq təəssüf ki, bəzi regionlarda –
Tatarıstan Respublikası, Çelyabinsk və Ulyanovskiy daxil olmaqla,
Abbas Abbasovun bilavasitə müdaxiləsi bu günə qədər həllini
tapmamış konfliktli situasiyalar yaradıb. Regionlarda Ümumrusiya
Azərbaycan Konqresi və FNKA "AzərRos"un rəhbərliyini eyni adam icra
edirsə, o şəxslər Abbasovla əməkdaşlıqdan imtina etdiklərinə görə
böyük təzyiqlərə məruz qalırlar. Bu onları təşkilatdan uzaqlaşmağa
vadar etdi, onların yerini isə Abbasovun sadiq tərəfdarları aldı.
Abbasovla əməkdaşlıqdan imtina edən regionlarda alternativ
təşkilatlar yaradılır. Bu da öz növbəsində parçalanmaya gətirib
çıxarır. Bu cür hal Ulyanovskda müşahidə olunur. Sual olunur ki,
yerlərdə və regionlarda stabilliyi pozmaqla Abbas Abbasov hansı
mənsəbə qulluq edir?
– Bu çətinləşən situasiyadan çıxış yolu necədir?
FNKA-nın gələcəyi varmı?
– Çox istəyirəm ki, FNKA-nın gələcəyi olsun. FNKA böyük və güclü
təşkilatdır. O, Rusiya-Azərbaycan münasibətlərində açar rolunu
oynayır. Buna görə də parçalanmanın qarşısını mütləq almaq
lazımdır. Bunun üçün vahid FNKA "AzərRos" qurultayı yaratmaq və
bütün regional nümayəndəliklərin bu qurultayda iştirakına nail
olmaq lazımdır. Və bu qurultayda nizamnaməyə müvafiq demokratik
səsvermə yolu ilə gündəmdə olan bütün sualların həllini tapmaq
vacibdir. Mən şəxsən yanvarın 17-də Söyün Sadıqovun rəhbərliyi ilə
keçirilən qurultayda iştirak etmişəm. İştirakçılar çıxışlarında çox
müdrik qərara gəldilər ki, tərəf-müqabillərinin iştirakı olmadan
heç bir məsələ müzakirə olunmasın, onların iştirakı təmin olunsun
və fikirləri dinlənilsin. Qurultayın işində müvəqqəti fasilə elan
olundu. Növbəti birləşdirici qurultay aprel ayının 14-nə təyin
olunub. Öz həmvətənlərinin fikirlərini dinləmək əvəzinə Abbasov və
onun tərəfdarları fevral ayının 20-də öz qurultaylarını keçirdilər.
Kvorumun yığılmaması azmış kimi yeni qalmaqal da meydana gəldi.
Abbas Abbasovun muzdlu dağıstanlı xuliqanları onu qane etməyən
təşkilat üzvlərini zala buraxmayıblar. Bu və ya digər şəkildə
qanunsuz çağırılmış qurultay fiaskoya uğradı. Aprel ayının 14-nə
qədər vaxtımız var. Mən bütün şöbə və regional təşkilat
rəhbərlərini şəxsi maraqlarından asılı olmayaraq bir araya
toplaşmağa, diskussiyalar aparmağa və bütün problemləri çözməyə
çağırıram. Fikrimcə bu, yeganə mümkün çıxış yoludur.
Əgər Mehriban Sadıqova, Rüstəm Arifcanov, Cəmil Sadıqbəyov,
Vaqif Adgözəlov, Vidadi Abbasov, Ağadadaş Kərimov, Şirvan Kərimov,
Rövşən Əliyev, Fayaz Paşayev və Sərdar qurultayda iştirak
etməsələr, bu göstərəcək ki, onlar konfliktlərin konstruktiv
şəkildə həll olunmasında maraqlı deyillər, Azərbaycan-Rusiya
münasibətlərinin pisləşməsinə çalışan qüvvələrin maraqlarına qulluq
edirlər. Azərbaycan xalqının maraqlarına zidd fəaliyyət göstərərək
Abbasovun maraqlarının təminatçısı kimi çıxış edirlər.
Sonda bütün "AzərRos" həmkarlarıma müdriklik, cəsarət və
qətiyyətli olmağı arzulayıram. Qoy hər şey yaxşı olsun!