Prezident İlham Əliyev "Bələdiyyə qulluğu haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD
nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Fərmanda qeyd edilir ki, "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci
il 13 fevral tarixli 1196-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Bələdiyyə qulluğu haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikası
Qanununun 5-1-ci maddəsinin səkkizinci hissəsinə uyğun olaraq,
müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin
keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydasını
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay
müddətində müəyyən etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Bələdiyyə qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, "Bələdiyyə qulluğu haqqında" Azərbaycan
Respublikası Qanununun 5-1-ci maddəsinin səkkizinci hissəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti
həyata keçirir".