Millət vəkili Qənirə Paşayeva və araşdırmaçı yazar
Mehmet Perinçək Almaniyanın Nürnberq şəhərində başda Atatürkçü
Düşüncə Dərnəyi olmaqla Türk və Azərbaycan diaspor təşkilatlarının
qondarma erməni soyqırımı yalanlarının Alman cəmiyyətinə daha geniş
tanıdılması ilə bağlı "Erməni soqırımı iddiaları və gerçəklər" adlı
konfransda geniş məruzə ilə çıxış ediblər.
Axar.az xəbər verir ki, millət vəkili geniş məruzəsində qondarma
erməni soyqırımı yalanlarının heç bir tarixi sübuta söykənmədiyi,
erməni diaspor və lobbisinin Türkiyə və Türk dünyası əleyhinə
apardığı məqsədyönlü iftira, böhtan siyasəti barədə geniş
məlumatlar verdikdən sonra Avropa Parlamentinin qondarma erməni
soyqırımını tanıyan qərarını qınayıb.
O, bəzi Avropa ölkələrinin də bununla bağlı aldığı qərarları
kəskin tənqid edərək onların bu məsələdən öz maraqları üçün
istifadə etdiyini bildirib:
"Ermənistanın apardığı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ
probleminin tarixi kökləri və bugünkü vəziyyət, Xocalı soyqırımı
ilə bağlı da geniş çıxış edən millət vəkili bildirib ki, 20 ildən
artıq vaxt keçməsinə baxmayaraq, bu günə qədər ATƏT-in Minsk Qrupu
həmsədrləri münaqişənin həlli istiqamətində heç bir ciddi addım
atmayıblar. İşğalçı Ermənistana bunun üçün heç bir təzyiq
göstərilmir. 22 ildən çoxdur ki, 100 minlərlə azərbaycanlı qaçqın
və məcburi köçkünlər öz evlərinə qayıda bilmirlər və bu, Avropa
məkanında davam edən ən böyük insan haqları pozuntusudur".
Millət vəkili Almaniya dövlətini və xalqını bu insanlıq əleyhinə
cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün səyləri
artırmağa və qondarma erməni soyqırımı yalanlarına dəstək verməməyə
çağırıb:
"Ermənistanın Xocalıda törətdiyi soyqırımın, qətliamın 23 ili
tamam olur. Yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla
qətlə yetirildi, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov
götürülərək işgəncələrə məruz qoyuldu, amma təəssüf ki, biz
avropalı siyasətçi həmkarlarımızın, liderlərinin bir çoxundan,
hətta bu gün də bunu pisləyən, etirazını bildirən açıqlamalar
eşitməmişik. Amma 100 il əvvəl olmayan hadisələri araşdıraraq
olmayan hadisələrə, yalanlara dəstək verirlər. Harada doğulmasından
və yaşamasından asılı olmayaraq hər bir türk insanı qondarma erməni
soyqırımı yalanlarına qarşı mübarizə, Xocalı soyqırımı, Qarabağ
həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında
törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması üçün
çalışmalıdır".
O bildirib ki, dünyanın bəzi ölkələri gerçəkləri görmək istəmir
və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər:
"Bu yalanların qarşısının alınmasının tək bir yolu var. Bu,
birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya
birlikdə daha da geniş yaymaqdır. İddiaların qarşısını almaq üçün
həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə
çatdırmalıyıq".
Qeyd edək ki, tədbirin sonunda millət vəkili tədbir
iştirakçılarına Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı
kitablar, materiallar hədiyyə edib. Eyni zamanda özünün həmmüəllifi
olduğu "Xocalı Soyqırımı şahidlərin dilindən" kitabını imzalayaraq
tədbir iştirakçılarına verib".