I Avropa Oyunlarının başlanmasına bir ay yarımdan da az
vaxt qalır. Azərbaycan ümumavropa ailəsinin tarixində ilk dəfə
keçiriləcək bu möhtəşəm idman bayramına ciddi hazırlaşır. Qısa dövr
ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir
standartlara uyğunlaşdırılıb, yeni idman obyektləri, kompleksləri
yaradılıb, Azərbaycana səfər edəcək idmançıların, qonaqların
yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər
məsələlər uğurla həll edilib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa
Oyunları məşəlinin yandırılması mərasimində bildirib ki, "belə qısa
müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın
arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti
hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı". Bu ilin
yanvarında Davosda "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimatı
mərasimində çıxışı zamanı isə cənab Hikki demişdi ki, "Bakı-2015"
Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu,
həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi
hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola
bilər".
Patrik Hikkinin də fikrindən
görünür ki, Azərbaycan həm qısa müddət ərzində böyük idman
tədbirinə hazırlıq dövrünü başa çatdırmaqla rekorda imza atıb, həm
də Avropa olimpiya hərəkatının standartlarının formalaşdırıldığı
məkan kimi öz adını tarixə yazmağı bacarıb. Ən azından buna görə l
Avropa Oyunlarını qəbul etməyə, oyunların yüksək səviyyədə
keçirilməsi üçün genişmiqyaslı tədbirlər görməyə, bütün səyləri bu
işə səfərbər etməyə dəyərdi. Bu, ümumilikdə, Azərbaycan dövlətinin
və xalqının böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar
mərkəzə çevrilmiş müasir Azərbaycanı dünya ictimaiyyətinə olduğu
kimi tanıtmaq, müstəqillik illərində əldə edilmiş nailiyyətləri və
təcrübəni bölüşmək, ümummilli problemlərimizi Avropanın diqqətinə
daha yaxından çatdırmaq üçün əlverişli fürsətdir.
APA Analitik Mərkəzinin bununla bağlı apardığı araşdırmaya görə,
çox təəssüf ki, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi zamanı
olduğu kimi, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisi
səylərini birləşdirərək, mütəşəkkil qaydada, məqsədyönlü şəkildə
fəaliyyətə keçərək, növbəti dəfə bu fürsəti Azərbaycanın əlindən
almaq niyyətini açıq şəkildə ortaya qoyublar. Təsadüfi deyil ki,
hazırda insan hüquqları, media azadlığı, korrupsiya və digər
məsələlər süni və qərəzli şəkildə şişirdilir, l Avropa Oyunlarını
"boykot" çağırışları edilir, möhtəşəm idman yarışlarının
"əhəmiyyətsizliyi", Avropanın diqqətindən "kənarda qaldığı" rəyinin
formalaşdırılmasına cəhdlər olunur. Belə demək mümkündürsə, l
Avropa Oyunlarını siyasiləşdirmək, onun ətrafında birtərəfli
informasiya vakkuumu yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini
təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltmək
və son nəticədə artıq bəzi dövlətlərə qarşı istifadə olunmuş və
effekt vermiş təzyiq və təhdid metodları ilə Azərbaycanı öz
müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək planı həyata
keçirilir. Bu çirkin fəaliyyətin necə, hansı resurslarla, kimlər
tərəfindən gerçəkləşdirildiyi yaxşı məlumdur. Çünki yaxın keçmişdə
MDB məkanında digər ölkələr də Qərb dairələri tərəfindən təşkil
olunmuş belə kampaniyalara məruz qalıblar. Bu fəaliyyətin əsl
motivləri bəlli olsa da, həmin dairələr onu ciddi-cəhdlə
gizlətməyə, qondarma iddialarla öz niyyətlərini ört-basdır etməyə
çalışırlar. Konkret olaraq Azərbaycana gəldikdə, əsas motiv kimi
uzun illərdir Qərb və erməni mənbələrindən maliyyələşdirilərək və
təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma
kampaniyasında fəal iştirak edən, ölkə qanunlarını kobud şəkildə
pozan, konkret cinayət halları törətdiklərinə baxmayaraq, öz
himayədarlarının dəstəyi sayəsində cavabdehlikdən yayınan, lakin
sonda məsuliyyətə cəlb olunmuş "5-ci kolonu"n üzvlərini müdafiə
etmək məqsədi dayanır. Bir neçə gün əvvəl etibarlı mənbədən əldə
etdiyimiz sənədlər planlı, məqsədyönlü şəkildə həyata keçirilən
həmin fəaliyyətin əsas hədəflərini, miqyasını, konturlarını,
iştirakçılarını, istifadə olunan metod və resurslarını
müəyyənləşdirməyə imkan vermişdir. Azərbaycan ictimaiyyətinin də
böyük marağına səbəb olacağını nəzərə alaraq, həmin sənədlərin
təfsilatını açıqlamağı məqsədəuyğun hesab etdik.
ABŞ-da bu kampaniyanın təşkil olunması National Endowment for
Democracy təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın
Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən
maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda "5-ci kolon"un
formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal
iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə
Azərbaycandakı "tərəfdaş" QHT və media vasitələrinə ABŞ və Qərb
mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.
Bir müddət bundan öncə mərkəzi
fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb.
Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun
açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək
layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Sənədin preambula
hissəsində açıq şəkildə bildirilir ki, "Azərbaycana öz
davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir". Bu ayın
əvvəlində Freedom House təşkilatının sabiq rəhbəri Devid Kramer,
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, "5-ci kolon"un
parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar
Şahtaxtinski də daxil olmaqla bir qrup şəxsin ABŞ Dövlət katibi Con
Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları
ictimaiyyətə açıqlanıb. Onun qapalı hissəsinə gəldikdə, konqresmen
və senatorlar da daxil olmaqla 100 nəfər tanınmış ictimai-siyasi
xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə
yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın
səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının
dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması
təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə
dəstək verən təşkilat qismində "milli şura" adlandırılan qurumun
cəlb olunması planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı
məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi
rolunu ABŞ-ın Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır.
Con Kerrinin islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən,
ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən
şəxs kimi tanındığını və bir çox belə təşəbbüslərin müəllifi
olduğunu nəzərə alaraq, bu məlumat heç də təəccüblü görünməməlidir.
Bu fakt, sadəcə olaraq ABŞ-ın müstəqil dövlətlərin daxili işlərinə
qarışmadığı və hakimiyyət çevrilişi planları hazırlamadığı barədə
ən yüksək səviyyələrdə söylənilən fikirlərin üzərindən birmənalı
xətt çəkir.
"İnsan hüquqları naminə idman" kampaniyası adlandırılan ikinci
sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq
hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr,
Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq
təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni "qara piar"
layihəsinin icrasına başlanmışdır. Sənəddə açıq şəkildə bildirilir
ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda l Avropa
Oyunlarının, parlament seçkilərinin, "Formula 1" yarışmasının,
İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər
keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə
yönələcəkdir və bu fürtsətdən istifadə edilməklə Azərbaycana qarşı
məcburetmə tədbirləri həyata keçirilməlidir.
Qeyd edilməlidir ki, bu il yanvarın 15-16-da Polşanın paytaxtı
Varşavada beynəlxalq QHT-lərin görüşü keçirilib. Həmin görüşdə
ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda keçirdiyi
qalmaqallı tədbirlə yadda qalan Çexiyanın People in Need, həmçinin
Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan Human Rights Watch,
vaxtilə Azərbaycanda uğursuz fəaliyyət göstərmiş Danimarkanın
İnternational Media Support, həmçinin Platform London, Netherlands
Helsinki Committee, İndex on Gensorship, Article XlX, İnternational
Partnership for Human Rights, YouAid Foundation və digər
təşkilatların nümayəndələri iştirak ediblər. Layihənin icrasına
Sərhədsiz Reportyorlar, Avropada Stabillik Təşəbbüsü, İnsan
Hüquqları və Biznes üçün Polşa Təşkilatı, Belarus Məlumat Ofisi və
başqa qurumların cəlb olunmasının zəruriliyi rəyi ifadə edilib.
Görüşdə Azərbaycana qarşı
təşkil olunacaq kampaniyanın ilkin konturları müzakirə olunub.
Bildirilib ki, bu ilin iyununda Bakıda l Avropa Oyunlarının
keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana
yönəltmək və Xədicə İsmayılova, İntiqam Əliyev, Leyla və Arif
Yunuslar, Anar Məmmədli və digərlərinin azad edilməsinə nail olmaq
üçün əlverişli məqam yaradıb. Müzakirənin nəticəsi olaraq tərtib
olunmuş ilkin layihədə kampaniyanın əsas məqsədi, çağırışı,
kommunikasiya, Azərbaycanda, beynəlxalq miqyasda və internetdə
fəaliyyətin əsas istiqamətləri, lazım olan resurslar öz əksini
tapıb, habelə işçi qruplar müəyyənləşdirilib.
Sənəddə qeyd olunub ki, kampaniyanın məqsədi – "hakimiyyət
tərəfindən Azərbaycanın müsbət imicini yaratmaq üçün həyata
keçirilən piar cəhdlərini məhv etməkdir". Təkliflərə əsasən,
sənəddə "siyasi məhbus" kimi təqdim olunan şəxslərin həyat
hekayələrinin təbliği, Azərbaycanın mənfi imicinin yaradılması,
hakimiyyətdə təmsil olunan şəxslər haqqında qarayaxma
kampaniyasının təşkili, Azərbaycanın müasir mənzərəsinin təhrif
olunması, insan hüquq və azadlıqlarının vəziyyətinə dair qərəzli və
qeyri-obyektiv məlumatların dövriyyəyə buraxılması, ölkəmizdə
iqtisadi, regional inkişafının təkzib edilməsi və alternativ mənfi
xarakterli məlumatların ictimailəşdirilməsi, idman obyektlərinin
müasir standartlara cavab verməməsi, l Avropa Oyunlarına çəkilən
xərcin fantastik dərəcədə şişirdilərək dünya ictimaiyyətinə
çatdırılması ilə bağlı qərəzli məlumatların yayılması və digər
tədbirlər daxil edilib. Məsələn, hazırda Praqada olan "Azad
İqtisadiyyata Yardım" İB-nin sədri Zöhrab İsmayıla iqtisadiyyat və
idman qurğularının tikintisində guya korrupsiya hallarının olduğuna
dair materialların hazırlanması həvalə olunub. İnternetdə isə
kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə ciddi
təbliğat qurulması, hakimiyyətə petisiyalar təşkil olunması, mobil
telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi,
məşhur səyahət portallarında siyasi məzmunlu materialların
yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks
olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi
qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində
kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan
haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə
yerləşdirilməsi təmin edilməlidir. Məsələn, karikaturaların
hazırlanması Emin adlı şəxsə tapşırılır, Atilla adlı digər şəxs isə
məhbusların həyat hekayəsini yazmalıdır. İnfoqrafikanı Zöhrab
İsmayıl, Anar, Melodi və Emin adlı şəxslər həyata keçirir, layihə
əlaqələndiricisi Domi Gulya isə işə cəlb olunacaq jurnalistlərin
siyahısının hazırlanmasına rəhbərlik edir. Beynəlxalq səviyyədə
aparıcı idman təşkilatlarına müraciətlərin göndərilməsi, beynəlxalq
medianın diqqətini idman yarışlarından ayıraraq başqa istiqamətə
yönəldilməsi, Avropa Oyunlarında iştirak edən ölkələrdə aksiyalar
təşkil edilməsi, xüsusi sənədli filmlərin hazırlanması, onların BBC
və Al-Jazeera telekanalları vasitəsilə yayılması, Avropa
siyasətçilərinə təzyiq məqsədilə mesajlar göndərilməsi, tanınmış
idmançıların Azərbaycana qarşı fəaliyyətə cəlb edilməsi
planlaşdırılır. Həmçinin bu işləri həyata keçirəcək məsul şəxslərin
siyahısı tərtib olunur.
İlkin müzakirələrdən bir ay sonra, yəni fevralın 15-də "İnsan
hüquqları naminə idman" kampaniyası layihəsi tam hazırlanaraq
maliyyələşmə üçün aidiyyəti qurumlara təqdim edilib. Məlumata görə,
bəzi təkmilləşdirmələrdən sonra, martın 31-də layihə təsdiq olunub
və onun icrasına külli-miqdarda vəsait ayrılıb. Kampaniya 10 ay
ərzində - martın 1-dən dekabrın 31-nə kimi icra olunacaq. Bununla
yanaşı, sənəddə qeyd olunur ki, 2016 və 2017-ci illərdə
Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyi nəzərə
alınaraq layihə daha da təkmilləşdirilərək və tamamlanaraq davam
etdirilə bilər. Kampaniyaya İnternational Media Support (İMS) və
Polşada yerləşən Helsinki İnsan Haqları Fondu rəhbərlik edəcəklər.
Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki qurum və
Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət göstərəcəyi qeyd
olunub. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və İMS
həyata keçirirlər. Onu da qeyd edək ki, layihənin əlaqələndiricisi
qismində Rebekka Vinsent təyin olunub. R.Vinsent vaxtilə ABŞ-ın
Azərbaycandakı səfirliyində çalışıb, sonra isə Article XlX
təşkilatının koordinatoru olub. Bu vəzifədə, o, Azərbaycanla bağlı
xüsusi yaradılmış və 10-dan artıq təşkilatın qoşulduğu Beynəlxalq
Müşahidə Qrupunun fəaliyyətini əlaqələndirib. Həyat yoldaşı
Azərbaycandakı xarici neft şirkətlərindən birində çalışdığına görə,
R.Vinsent öz fəaliyyətini də ölkəmizə keçirib və Emin Hüseynov,
Rəsul Cəfərovla birlikdə dövlətə qarşı müxtəlif kampaniyalar təşkil
edib. Məsələn, 2012-ci ildə "Avroviziya" mahnı müsabiqəsi zamanı bu
trio "Demokratiya naminə oxu" kampaniyasını reallaşdırıb. Daha
sonra isə "Demokratiya naminə incəsənət" kampaniyasına start
verilib. Bundan başqa, R.Vinsent davamlı şəkildə xarici mediada
Azərbaycan haqqında əsassız, qeyri-obyektiv və qərəzli
materiallarla çıxış edib. Yəqin ki, bu "xidmətlərin" müqabilində
R.Vinsent yeni anti-Azərbaycan kampaniyasının əsas fiqurlarından
biri seçilib.
Layihənin preambulasında bildirilir ki, Azərbaycan beynəlxalq
ictimaiyyətin (ABŞ-ın və Avropanın bəzi dairələrinin) çağırışlarına
biganə yanaşdığına görə "cəzalandırılmalıdır", ona qarşı
koordinasiya olunmuş və əsaslı surətdə düşünülmüş təbliğat
kampaniyası keçirmək üçün böyük beynəlxalq tədbirlərdən istifadə
edilməlidir. l Avropa Oyunları həmin kampaniyanın pik zirvəsi kimi
müəyyən edilib. Yaxınmüddətli perspektivdə məqsəd Azərbaycanı insan
hüquqlarının pozulması xəritəsində möhkəm yerləşdirilmək, konkret
cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və "siyasi məhbus"
kimi təqdim edilən "5-ci kolon" nümayəndələrinin azadlığa çıxmasına
nail olmaq, bunun üçün Azərbaycan QHT-lərini və mediasını
fəallaşdırmaq və ictimai qınağı stimullaşdırmaq, Avropa
institutlarını, siyasətçiləri, idmançıları Azərbaycana qarşı
yönəltməkdir. Uzunmüddətli perspektivdə isə cəmiyyətdə "5-ci kolon"
stereotipini dağıtmaq, Azərbaycan ictimaiyyətinin biganəliyini və
passivliyini aradan qaldırmaq, vətəndaşlarda ölkədə baş verən
müsbət dəyişikliklərin imitasiya xarakterli olduğu, əslində isə
vəziyyətin dözülməzliyi barədə ümumi rəy formalaşdırmaq, QHT-lərin,
medianın hökumət əleyhinə fəallığını təmin etmək və son nəticədə
"cəmiyyəti dəyişiklik üçün istifadə etməyə ilhamlandırmaq və
səfərbər etmək" məqsədi güdülür. Beləliklə, layihə sonda
Azərbaycanda ictimai-siyasi proseslərə təsir imkanlarını bərpa
etməklə ictimai-siyasi sabitliyin pozulmasına və hakimiyyət
dəyişikliyi ssenarisini reallaşdırmasına hesablanıbdır.
Göründüyü kimi sənəddə əks olunmuş Azərbaycanda, Avropada və
internetdə həyata keçiriləcək tədbirlərin miqyası həqiqətən də
heyrət doğurmaya bilməz:
Hələ başlamamış Avropa Oyunları ilə bağlı korrupsiya və
qanunsuzluqlara dair hesabatların hazırlanması;
Azərbaycanda idmançılar və məşhur şəxslərlə əlaqə saxlamaqla
kampaniya üçün səfirlər təyin edilməsi;
Həbsdə olan şəxslərin hal anketlərinin, onların infoqrafika və
şəkillərinin, media üçün informasiya paketlərinin hazırlanması
ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə davamlı təbliğat
işlərinin aparılması;
İnternet səhifələrinin, bülletenlərin, bəyanatların, məktub və
müraciətlərin hazırlanması;
Əl-Cəzirə, BBC və Nordic Broadcastes mərkəz KİV-lər olmaqla
kampaniyaya beynəlxalq media yardımının təşkil edilməsi;
Azərbaycanda baş verən hər bir neqativ hadisədən öz məqsədləri
üçün istifadə edilməsi;
Avropa Oyunlarını boykot etmək üçün siyasətçilərdən, xüsusilə
xarici işlər nazirlərindən xahiş edilməsi;
İdmançıların bu kampaniyanın "xoşməramlı səfiri" olmağa cəlb
edilməsi;
Beynəlxalq Olimpiya Komitəsi, milli olimpiya komitələrinə
müraciətlər hazırlanması və göndərilməsi;
Xüsusi filmlərin hazırlanması və Avropa ölkələrində nümayiş
etdirilməklə onların müzakirəsinin təşkili;
Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz
aksiyalarının keçirilməsi;
Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq
institutların bu qara kampaniyanın məqsəd və məramının həyata
keçirilməsinə cəlb olunması;
Jurnalistlər, yazıçılar və digər yaradıcı insanlarla
işbirliyinin qurulması və s.
Bütün bunların həyata keçirilməsi ilə paralel olaraq müxtəlif
müraciətlər, bəyanatlar, on-line ərizələr, multi-media vasitələri
və internetdə infoqrafika, parodiya xarakterli cizgi filmləri,
satira və karikaturalar, dezinformasiya xarakterli məlumatlar
yayılacaq, Twitter sosial şəbəkəsində gulaggames haştaqı ilə bağlı
kampaniya aparılacaq, Trip Advisor da daxil olmaqla nüfuzlu turizm
saytlarının imkanlarından istifadə ediləcək və s.
Onu da əlavə etmək zəruridir ki, kampaniya çərçivəsində 2015-ci
ilin sonuna kimi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq,
Azərbaycanda keçiriləcək və ya Azərbaycanın iştirakı ilə xaricdə
təşkil olunacaq bütün beynəlxalq tədbirlərin, Azərbaycana yüksək
vəzifəli qonaqların səfərinin təqvimi hazırlanıb. Kampaniya
müddətində hər bir tədbir və səfərdən Azərbaycanın əleyhinə
istifadə etmək qarşıya məqsəd kimi qoyulub.
Xüsusi olaraq qeyd edilməlidir ki, bütün bu kampaniyalar bir
çətir altında birləşdirilir və mərkəzləşdirilmiş qaydada həyata
keçirilir. ABŞ-da NED-in vasitəsilə reallaşdırılan kampaniya ilə
Avropada start verilmiş layihənin koordinasiyasına dair
razılaşmanın olduğu və ümumi nəzarətin Vaşinqton və Londondan
həyata keçirildiyinə dair faktlar mövcuddur. Təsadüfi deyil ki, bu
kampaniyaya məhz aprelin 20-də Londonda keçirilmiş tədbir zamanı
start verilib. Daha sonra onun əsas hərəkətverici qüvvəsi olan İMS
təşkilatının mərkəzi ofisinin yerləşdiyi Kopenhagendə geniş
təqdimat nəzərdə tutulsa da, sonradan həmin tədbirin Article XlX-un
təşkilatçılığı ilə bu gün - aprelin 28-də Londonda keçirilməsi
qərara alınıb. Həmçinin, əlavə sənədlərə əsasən demək olar ki,
Azərbaycanla bağlı tədbirlər əsasən Gürcüstan vasitəsilə
reasllaşdırılacaq və Tbilisinin Azərbaycana qarşı qarayaxma
kampaniyasında plasdarm rolu bir az da genişləndiriləcək.
Bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyətimiz ABŞ və
Avropanın bəzi dairələrinin, erməni lobbisinin təşəbbüsü və maliyyə
dəstəyi ilə beynəlxalq QHT-lərin Azərbaycana və l Avropa Oyunlarına
qarşı həyata keçirdiyi geniş kampaniya ilə üz-üzədir. Bu
kampaniyanın uzunmüddətli xarakter daşıdığı, ölkəmizin dünyada
mənfi imicinin formalaşdırılmasına və daxildə ictimai-siyasi
sabitliyin pozulmasına yönəldiyi şübhəsizdir. Təbii ki, bu qüvvələr
öz istəklərinə nail olmayacaqlar və layiqli cavablarını alacaqlar.
Amma ən azından bu gündən sonra biz onların əsl simasını açıq
şəkildə görə və ittihamlarımızı da konkret ünvanlara yönəldə
biləcəyik.
APA Analitik Mərkəzi