Muğam ifaçısı Elnarə Abdullayeva Qobustanın Çüxanlı
kəndinə çəkdirdiyi 12 bulağın açılışını edib. Mərasimdə Qobustan
Rayon İcra Hakimiyyəti başçısı, xalq artisti Alim Qasımov,
kinorejissor Əbdül Mahmudov, şairə Nazilə Səfərli və başqaları
iştirak ediblər.
Elnarə Abdullayeva Qobustanda çəkdirdiyi bulağa 200 min manat
xərcləyib.
O, həyata keçirdiyi bu xeyirxah addımı ilə bağlı Modern.az
saytının suallarını cavablandırıb.
- Elnarə xanım, xərclədiyiniz məbləğə başqa işlər də
görə bilərdiniz. Niyə məhz Çüxanlı kəndinə 12 bulaq çəkmək qərarına
gəldiniz?
- Su çəkdirmək qədər savab bir şey yoxdur. Mən bunu eləmədim.
Allah bunu mənə qismət elədi. Bu işi mən istəyə bilərdim, amma
alınmaya bilərdi. Yəqin ki, qazanılan ruzidə olan halallığı gördüyü
üçün bu savab işi görməyi mənə qismət elədi. Hər şeyi verən və
yazan Allahdır.
Anam rəhmətə gedəndən sonra bu qərara gəldim. Allah mənim balaca
fikirləşdiyim işi tamamilə həyata keçirməyimə kömək oldu. Bir
insanın gücünün çata bilməyəcəyi bir şey idi. Çox şükür ki, Allahın
köməkliyi ilə bu istəyim həyata keçdi.
- Bundan sonra da bu cür xeyirxah işlər kömək fikriniz
varmı?
- Allahdan çoxlu ruzi istəyirəm. Allah nəsib və qismət eləsin
ki, yenə xeyirxah işlər görə bilim. Allahın qismətində varsa,
deməli olacaq.
- Niyə görə məhz Qobustan rayonunun kəndinə bulaq
çəkdirdiniz?
- Mənim kəndim Qobustandadır. Əvvəla, öz camaatının, millətinin
qədrini bilməyən heç qıraq- bucağın da qədrini bilməz. Mən bu
kənddə böyüyüb başa çatmışam. Biz ömür boyu sudan əziyyət çəkmişik.
Heç mənim ağlıma gəlmirdi ki, mən böyüyəcəyəm, illərlə 5-10 manat
yığdığım pulları belə bir savab işə xərcləyəcəyəm. Mən bu işdən
ötrü evlərimi və qızıllarımı satmışam. Mən onları Allah rizası üçün
istifadə etmək üçün yavaş-yavaş yığmışdım. Bunu da sevə-sevə
elədim. Heç kimsə deyə bilməz ki, sən bunu elə. Çünki bu elə bir
işdir ki, qəlbində Allah eşqi olmasa, bunu eləyə bilməzsən.
- İmkanlı sənət nümayəndələri çoxdur, amma bu cür savab
işlər görmürlər. Sizin buna münasibətiniz?
- Mən özümə cavabdehəm. Amma gərək yaxşı işlər görək. Bu bir
dəvət və Allahın eşqidir. Əgər imkanları olan şəxslər niyyət
etsələr, hər şey alınar. Yenə deyirəm ki, Allah bir işi qismət
eləməsə, onu heç kim edə bilməz. Biz kimsəni qınaya bilmərik.
Deməli, Allahın qisməti yoxdur ki, bu cür işlər edə bilməyiblər.
Əvvəla, insanın özü istəməli, sonra Allah kömək etməlidir. Mən bu
xeyirxah işi hamı bilsin deyə eləmədim. Əgər Tahirə xanım
olmasaydı, bunu heç kim bilməyəcəkdi. Çünki bu 5-10 manatlıq iş
deyildi. Ona görə də mən bunu gizlədə bilməzdim. O vaxt öz
istəyimlə məscid tikdirdim, heç kim bilmədi. Amma bu elə də balaca
iş deyil ki, heç kim bilməsin.