Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin komandiri
general-leytenant Rövşən Əkbərov Müdafiə Nazirliyi rəhbərliyinə
yeni təyinatla bağlı "Media forum" saytının suallarını
cavablandırıb.
Oktyabrın 22-də hökumətin yeni tərkibini formalaşdıran prezident
İlham Əliyev general-polkovnik Səfər Əbiyevi müdafiə naziri postuna
təsdiqləməyib, bu vəzifəyə daxili işlər nazirinin müavini, Daxili
Qoşunların komandanı Zakir Həsənovu təyin edib. Dövlət başçısı
həmin gün Zakir Həsənova general-polkovnik hərbi rütbəsi də
verib.
General-leytenant Rövşən Əkbərovla müsahibə zamanı "Media forum"
saytının ona ünvanladığı ilk sual bu haqda olub. Rövşən Əkbərov
deyib:
- Prezident, ali baş komandan İlham Əliyev həmişə olduğu kimi
yenə də çox düzgün qərarlar qəbul edib. Biz yeni müdafiə naziri
Zakir Həsənovu peşəkar, düzgün, təmiz, intizamlı və yaxşı bir zabit
kimi tanıyırıq. Hesab edirəm ki, dövlətimiz və ordumuz üçün gözəl
işləyəcək. Vətəninə, prezidentinə, ali baş komandanına canla-başla
xidmət etmək istəyən hər bir generalın əl-qolu yenidən açıldı,
imkanlar yarandı. Yeni nazirə uğurlar arzulayıram.
- Zakir Həsənovu çoxdan tanıyırsınız?
- Zakir Həsənov da, mən də Cəmşid Naxçıvanski adına Hərbi
Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi
bitirmişik, oranın məzunuyuq. Bu təhsil ocaqlarını bitirənlərin
hamısı bir-birini tanıyır. Təbii ki, Zakir Həsənovu çoxdan
tanıyıram.
- Sizcə, yeni müdafiə nazirinin qarşısında duran əsas
vəzifələr hansılardır? Orduda nə dəyişməlidir?
- Hesab edirəm ki, əsas vəzifələr ali baş komandanın
tapşırıqlarını vaxtında, düzgün yerinə yetirmək, təmiz işləmək,
ordunun döyüş hazırlığını yüksək səviyyəyə çatdırmaqdır. Eyni
zamanda ali baş komandan əmr verdiyi an torpaqlarımızı işğaldan
azad etməyə hazır olmaqdır. Biz zabitlər, əsgərlər, bütün ordu hər
an buna hazır olmalıyıq.
Vacib işlərdən biri də zabitlərin, əsgərlərin şəraitinin
yaxşılaşdırılmasıdır. Biz yeni nazirdən şəraitimizin
yaxşılaşdırılmasını gözləyirik. Elə etməliyik ki, hər bir valideyn
uşağını əsgərliyə göndərəndə arxayın olsun, narahatlıq keçirməsin
və bilsin ki, övladı yaxşı şəraitdə qulluq edir və sağ-salamat
evinə qayıdacaq.
- Yəqin ki, yeni nazirin Müdafiə Nazirliyinin
kollektivinə və ordu rəhbərliyinə təqdim olunması mərasimində
iştirak etmisiniz. Ordu rəhbərliyi bu təyinatı necə qarşıladı?
Əhval-ruhiyyə necədir?
- Bəli, həmin mərasimdə iştirak etdim. Gözəl mərasim keçdi. Yeni
nazirin təyin və təqdim olunmasından hamı çox razı qaldı, şad oldu.
Çox gözəl əhval-ruhiyyə var, hamı çox şaddır. Bütün zabitlər
tapşırıqları canla-başla yerinə yetirəcəklər. Generallarımız
məmnundur. Başqa cür ola da bilməz, çünki yeni nazirin təyin
olunması ali baş komandanın qərarıdır.
- Ordu rəhbərliyində başqa dəyişiklik var?
- Hamı yerindədir, başqa dəyişiklik yoxdur.
- Rövşən müəllim, Səfər Əbiyevlə sizin münasibətləriniz
yaxşı deyil. Vida mərasiminiz necə keçdi?
- Hamı necə görüşüb vidalaşdısa, mən də elə. Salam, sağ ol.
- Sizinlə Səfər Əbiyevin münasibətlərinin yaxşı
olmamasının əsas səbəbi nədir, aranızda problem ilk növbədə nədən
yaranmışdı?
- Bunu onun özündən soruşarsınız.
- 2013-cü ilin yanvar ayında Səfər Əbiyev sizə töhmət
verib. Həmin töhmət üzərinizdə qalıb, yoxsa götürülüb?
- Mən ona və onun töhmətlərinə fikir, əhəmiyyət vermirəm. Heç
bilmirəm töhmət qalır, yoxsa götürülüb.
- Avqust ayında prezident İlham Əliyev Şəmkirə səfər
edəndə Şəmkir hərbi birləşməsinin qərargahına baş çəkdi, yaradılan
şəraitlə tanış oldu. Amma Səfər Əbiyev Şəmkirə getməmişdi. Bu nəylə
bağlı idi?
- Bunun səbəbini onun özündən soruşarsınız.
- Sizin Daxili Qoşunların komandanı vəzifəsinə təyin
olunacağınıza dair məlumatlar yayılıb. Belə bir təyinat
gözlənilirmi?
- Mənə dedilər ki, kimsə belə bir məlumat yayıb. Mənim heç nədən
xəbərim yoxdur. Yeni nazirin təqdimat mərasimində iştirak etmək
üçün Bakıya gəlmişəm. İndi də Şəmkirə - iş yerimə qayıdıram.