AzərTac xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev "The Business Year" jurnalına müsahibə
verib.
Müsahibəni təqdim edirik:
- Cənab Prezident, Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsi sahəsində görülmüş işləri necə
qiymətləndirirsiniz? Sizin fikrinizcə, əldə olunmuş nəticələr
Azərbaycanda artıq liberal, rəqabətədavamlı iqtisadi sistemin
formalaşdığını deməyə əsas verirmi?
-Müstəqillik illərində qarşımızda duran ən vacib məsələlərdən
biri liberal, güclü, rəqabətədavamlı və modern iqtisadi sistemin
yaradılması olmuşdur. 1993-cü ildən sonrakı dövrdə ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilməyə başlanmış liberal
iqtisadi islahatların davam etdirilməsi, iqtisadiyyatın prioritet
sahələrinin müəyyənləşdirilməsi və onların inkişafının
stimullaşdırılması, investisiyaların təşviqi, məqsədli dövlət
proqramlarının reallaşdırılması nəticəsində qısa zamanda iqtisadi
sahədə strateji hədəflərə nail olunmuşdur. Son 10 ildə
iqtisadiyyatın 3 dəfədən çox artması, işsizlik və yoxsulluq
problemlərinin əsaslı şəkildə həlli, sosial və iqtisadi
infrastrukturun yenidən qurulması, əhalinin rifahının davamlı
yüksəlişi və əldə olunmuş digər uğurlu nəticələr hər bir dövlət
üçün inqilabi sıçrayış kimi səciyyələndirilə bilər.
Düzdür, hazırda da enerji sektoru Azərbaycan iqtisadiyyatının
aparıcı sahəsi olaraq qalır. Lakin karbohidrogen ehtiyatlarının
hasilatından və satışından əldə olunmuş gəlirlərin bir hissəsini
qeyri-neft sektorunun inkişafına yönəltməklə biz həm
iqtisadiyyatımızın ənənəvi sahələrini yenidən qurduq, həm də
informasiya-kommunikasiya texnologiyaları, turizm, kosmik sənaye,
müdafiə sənayesi və digər bu kimi yeni istiqamətlər yaratdıq və
inkişaf etdirdik. Son bir neçə ilin statistikasına əsasən, ümumi
daxili məhsulun (ÜDM) istehsalında qeyri-neft sektorunun çəkisi
ardıcıl olaraq yüksəlmiş və 2014-cü ildə 61 faizə çatmışdır. Bu isə
Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən
asılılığının azaldığını açıq şəkildə göstərir.
Dünyanın mötəbər iqtisadi və maliyyə qurumlarının hesabatlarında
da Azərbaycanın uğurları xüsusi qeyd olunur. Dünya İqtisadi
Forumunun qlobal rəqabətlilik indeksində Azərbaycan 144 ölkə
arasında 38-ci yerə yüksəlmiş və ardıcıl olaraq 5 ildir ki, MDB
ölkələri arasında birinciliyi əldə saxlayır.
-Siz 2014-cü ili "Sənaye ili" elan etmişdiniz.
Sənayeləşmənin stimullaşdırılmasına yönəldilmiş milli təşəbbüslərin
müvəffəqiyyətini necə qiymətləndirirsiniz?
-Müstəqilliyin ilk illərində Azərbaycan dərin sosial-iqtisadi
böhranla üzləşmişdi. Bütün sənaye sahələri, hətta
iqtisadiyyatımızın əsas lokomotivi olan neft sənayesi də tənəzzül
etmişdi. Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkədə mövcud
olan siyasi böhran iqtisadi durumu daha da ağırlaşdırmışdı. Bununla
belə, 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən
hakimiyyətə qayıtdıqdan sonra cəmiyyət həyatında stabilləşmə dövrü
başlanmış, ölkə iqtisadiyyatı bərpa edilmiş, sənayedə ciddi
geriləmə aradan qaldırılmışdır.
Sonrakı dövrdə, xüsusilə də son 10 ildə Azərbaycanda neft-qaz
istehsalından əldə olunmuş gəlirlərin bir hissəsi məqsədyönlü
şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun,
sənayenin inkişafına yönəldilmişdir. Məhz bunun nəticəsidir ki,
bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz
illik artım müşahidə olunmuş, ümumilikdə isə həmin illərdə
Azərbaycanda sənaye istehsalının həcmi 3 dəfə artmışdır.
2014-cü il "Sənaye ili" elan olunduqdan sonra "Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı" qəbul olunmuş, sənayenin modernləşdirilməsi və
strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac
potensialının artırılması, yüksək əlavə dəyər yaradan
rəqabətqabiliyyətli, elmtutumlu və innovativ istehsalın
genişləndirilməsi, yeni istehsal sahələri ilə bağlı ixtisaslı
kadrların hazırlanması üçün müvafiq tədbirlərin həyata
keçirilməsinə başlanmışdır.
"Sənaye ili" çərçivəsində 200-dək, o cümlədən 40-dan çox orta və
iri müəssisə açılmışdır. Bu gün ölkəmizdə İKT sektoru sürətlə
inkişaf edir. Ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində
saxlayırıq. 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan edilməsi də bunu bariz şəkildə təsdiq
edir. Təsadüfi deyil ki, həmin il fevralın 8-də ölkəmiz üçün tarixi
hadisə baş verdi -"Azərspace-1" ilk milli telekommunikasiya peyki
orbitə çıxarıldı. Bununla da Azərbaycan kosmik ölkələr sırasına
qoşuldu. Ötən il dekabrın əvvəlində isə sayca ikinci olan "Azersky"
müşahidə peykinin "Azərkosmos" ASC-yə təhvil verilməsi Azərbaycanda
elmtutumlu sənayenin inkişafına böyük diqqət göstərildiyinin əyani
təzahürüdür.
Sənayeləşmə siyasətində milli hərbi-sənaye kompleksinin inkişaf
etdirilməsi də prioritet vəzifələrdən biri kimi
müəyyənləşdirilmişdir. Artıq Milli Ordumuz bir sıra silah və hərbi
ləvazimatlarla yerli istehsal hesabına təmin olunur, hərbi sənaye
məhsullarımız beynəlxalq sərgilərdə nümayiş etdirilir, hətta ixrac
üçün ilkin satışlar da həyata keçirilmişdir.
Məlumdur ki, 2013-cü ilin sentyabrında Bakı gəmiqayırma zavodu
istifadəyə verilmiş, ölkəmiz həm neft-qaz əməliyyatları, həm də
hərbi məqsədlər üçün tankerlər və yük gəmilərinin istehsalına
başlamışdır. Bakı gəmiqayırma zavodu gələcəkdə həm də region
ölkələrinin bu sahədə ehtiyaclarını ödəyə biləcək nəhəng istehsal
müəssisəsidir.
Ümumən, biz qeyri-neft sektorunun inkişafına həm ölkənin daxili
tələbatını ödəmək, həm də ixrac potensialımızı genişləndirmək üçün
əlavə imkan kimi baxırıq. Azərbaycanın həm kənd təsərrüfatı, həm də
qida sənayesi məhsullarına bizim ənənəvi bazarlarda böyük tələbat
var. Bundan əlavə, yeni bazarlara çıxmaq üçün də yollar axtarırıq.
Eyni yanaşma inşaat materialları istehsalına da tətbiq olunur.
Biz ölkənin inşaat sektorunu sementlə artıq tam şəkildə təmin
edirik. Ötən il istifadəyə verilən ən böyük yeni sement zavodu bu
sahədə idxaldan asılılığımızı tam şəkildə aradan qaldırıb. Eyni
zamanda, sement istehsalında əlavə həcmlər var və ixrac
imkanlarımız da artacaq. Biz alüminium, poladtökmə, metallurgiya
sənayesini də inkişaf etdiririk. Sənaye klasterlərinin yaradılması
prosesi gələcəkdə davam etdiriləcək. Çünki Azərbaycanda həm kifayət
qədər xammal, həm də lazımi sənaye potensialı var.
Sənaye sahəsində zəngin təcrübəsi olan Sumqayıt, Mingəçevir və
Gəncədə müvafiq olaraq kimya, toxuculuq və metallurgiya sahələrinin
inkişafı üçün tədbirlər davam etdirilir. Bu gün Sumqayıt, sadəcə,
Azərbaycanın deyil, həm də Cənubi Qafqazın ikinci böyük sənaye
şəhərinə çevrilmişdir. Azərbaycanda yeni sənaye mərkəzlərinin
yaradılması prosesi davam etdirilir. Qarşıda duran işləri həyata
keçirmək üçün bizim potensialımız, maddi resurslarımız, ixtisaslı
kadrlarımız, işçi qüvvəmiz, ən əsası siyasi iradəmiz vardır.
- Azərbaycanda biznes və investisiya fəaliyyətinin daha
da asanlaşdırılması üçün əlavə hansı addımlar
atılmışdır?
-Son 11 il ərzində Azərbaycan iqtisadiyyatına 180 milyard
dollardan artıq investisiya qoyulmuşdur. Bu, ölkədə yaradılmış
sabitliyin, normal biznes mühitinin nəticəsidir. Ötən il ölkə
iqtisadiyyatına 27 milyard dollar investisiya yatırılmışdır ki,
bunun da 11 milyardı xarici sərmayədir. Bu da bir daha göstərir ki,
Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Çünki
indiki şəraitdə 11 milyard dollar xarici investisiya cəlb etmək
istənilən ölkə üçün böyük uğur hesab oluna bilər.
Keçən il martın 3-də sahibkarlıq fəaliyyətinin dövlət
tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin
formalaşdırılması məqsədilə "Sahibkarlığın inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında" Fərman imzalanmışdır. Biz Azərbaycanda biznes
mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabət mühitinin təmin
edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, korporativ
idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının
qorunması sahəsində məqsədyönlü tədbirləri davam etdiririk.
Təsadüfi deyil ki, biznes mühitinin inkişaf etdirilməsi
sahəsində atılan addımlar nüfuzlu beynəlxalq iqtisadi və maliyyə
qurumlarının da diqqətini cəlb edir. 2015-ci ilin "Doing Business"
hesabatına görə, Azərbaycan ən çox islahat aparan 10 ölkədən
biridir. Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə
dünyada 10-cu, biznesə başlamağa görə isə 11-ci yerdədir.
"Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə
hazırladığı "İqtisadi Azadlıq İndeksi 2014" hesabatında isə
respublikamız 186 ölkə arasında 81-ci yeri tutaraq iqtisadi
cəhətdən azad ölkələr sırasına daxil olmuşdur.
Azərbaycanda makroiqtisadi vəziyyətin sabitliyi, qeyri-neft
sektorunun davamlı inkişafı, böyük maliyyə potensialının
mövcudluğu, həmçinin sağlam rəqabət və investisiya mühitinin təmin
edilməsi həm xarici sərmayəçilərə, həm də yerli iş adamlarına əlavə
nikbinlik verir.
- Davos şəhərində keçirilmiş Ümumdünya İqtisadi
Forumunda dünya liderləri "Yeni qlobal kontekst"i müzakirə
etmişlər. Siz, həmçinin "Enerji geosiyasəti üzrə yeni qlobal
kontekst" mövzusunda keçirilmiş sessiyada çıxış etdiniz. "Yeni
kontekst" Azərbaycan üçün nədir?
-2008-ci ildən etibarən Davos Ümumdünya İqtisadi Forumunda
əsasən iqtisadi və maliyyə sistemində böhrandan çıxış yolları
müzakirə olunur. Bu il "Yeni qlobal kontekst" adlandırılan yubiley
forumunun iştirakçıları inkişaf və sabitlik, böhranlar və onların
aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və təhlükəsizlik,
innovasiyalar və digər məsələlər ətrafında fikir mübadiləsi
aparmışlar. Bütün bu müzakirə və fikir mübadilələrinin başlıca
məqsədi dünyada siyasi və iqtisadi kataklizmlər fonunda inkişafa,
tərəqqiyə, qarşılıqlı faydalı əməkdaşlığa yol aça biləcək yeni
birgəyaşayış modelinin müəyyənləşdirilməsi və təşviqidir. Biz
müstəqillikdən sonra nəinki mənfidən müsbətə doğru dəyişən, həm də
vəziyyətin gərginləşdiyi, get-gedə daha çox münaqişə, hədələr,
terrorizm təhlükəsinin mövcud olduğu regionda yaşayırıq. Lakin
qarşılıqlı faydalı əməkdaşlıq eləcə də ölkə hüdudlarından kənarda
müəyyən dərəcədə proqnozlaşdırılan vəziyyət olduğu təqdirdə
mümkündür. Buna görə də Azərbaycanın həyata keçirdiyi siyasət,
reallaşdırdığı nəhəng transmilli layihələr regionda və daha geniş
arealda proqnozlaşdırıla bilən mühitin yaradılmasına
yönəlmişdir.
Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir
nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır.
Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan
keçir. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi
nəticəsində Azərbaycan həm də Avropanı Asiya ilə birləşdirən ölkəyə
çevriləcəkdir.
Xəzər dənizi hövzəsində ən böyük dəniz ticarət limanı
Azərbaycanda tikilir. Artıq ötən il Ələtdə Yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə
terminalı istifadəyə verilmişdir. Ticarət limanının tam şəkildə
yaxın iki il ərzində istifadəyə veriləcəyini gözləyirik. Bu limanın
yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner
olacaq. Bununla da Xəzərdə yük daşımalarının həcminin artırılması
gözlənilir.
Hava nəqliyyatının inkişaf etdirilməsinə də xüsusi diqqət
yetirilir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminal
binası tikilmişdir. Bölgələrdə isə 6 aeroport inşa edilmişdir ki,
onlardan 4-ü beynəlxalq aeroportdur. Beləliklə, bu gün ölkəmizdə 5
beynəlxalq aeroport vardır. Artıq Azərbaycan bu sahədə həm yük, həm
sərnişin daşımaları ilə bir regional mərkəzə çevrilibdir.
Azərbaycanın liderliyi ilə həyata keçirilən enerji layihələri
Azərbaycan xalqının rifahı ilə yanaşı, eyni zamanda, Avropanın
enerji təhlükəsizliyinə xidmət göstərir. Hazırda reallaşdırılan
"Cənub" qaz dəhlizi layihəsi də Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayacaq.
Göründüyü kimi, bizim nəqliyyat və enerji layihələrimiz Avropa
ilə Asiyanı birləşdirən körpü rolunu oynayır və mürəkkəb geosiyasi
proseslər fonunda qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin
inkişafına xidmət edir.
Azərbaycan həm də qlobal təhdidlərə, o cümlədən terrorizmə qarşı
mübarizənin fəal iştirakçısıdır və beynəlxalq antiterror
koalisiyasının üzvlərindən biridir. Azərbaycan BMT Təhlükəsizlik
Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən
biri terrorizmə qarşı mübarizəyə həsr olunmuşdur. Çünki terrorizmin
müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycan kifayət qədər
problemlərlə üzləşmişdir. Ermənistan tərəfindən müxtəlif dövrlərdə
ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirilmiş, nəticədə
2000-dən artıq soydaşımız qətlə yetirilmişdir.
Azərbaycan üçün çağırış həm də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi başda olmaqla bu tipli problemlərin beynəlxalq
hüquq normaları əsasında həll edilməsidir. Biz 20 ildən artıqdır
ki, Ermənistanın işğalından əziyyət çəkirik. Təəssüf ki, bu gün
dünyada mövcud olan ikili standartlar, bəzi hallarda işğalçı ilə
işğala məruz qalan tərəflərin eyniləşdirilməsi münaqişənin həllini
ləngidir. Hesab edirəm ki, keçmiş sovet məkanındakı və ümumiyyətlə,
dünyadakı bütün münaqişələrə eyni beynəlxalq hüquq normaları
prizmasından baxılmalı, onların həlli üçün eyni yanaşma tətbiq
edilməlidir. Çünki hər hansı münaqişə həll olunmursa və ya
dondurulursa, onda digər münaqişələr üçün zəmin yaranır.
Forumda da qeyd edildiyi kimi, 2015-ci ildə biz yolayrıcındayıq:
bir tərəfdə ayrı-seçkilik, fundamentalizmə, nifrətə, qarşılıqlı
ittihamlara şərait yaradan meyillər, digər tərəfdə isə həmrəylik və
əməkdaşlığa aparan yol var. Azərbaycanın inkişaf, əməkdaşlıq və
inteqrasiya modeli siyasi və iqtisadi proseslərin
proqnozlaşdırılması, ümumi maraqların təmin edilməsi üçün etibarlı
zəmin yarada bilər.
- Xəzər dənizindən "Cənub" qaz dəhlizi vasitəsilə
Avropaya ilk qazın 2019-cu ildən etibarən nəql ediləcəyi
gözlənilir. Bu baxımdan, gələcəkdə qlobal enerji təhlükəsizliyinə
münasibətdə Azərbaycanın necə rol oynayacağını
düşünürsünüz?
- 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara
veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmin
olunması istiqamətində mühüm bir addım atmışdıq. Bu gün
Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji
balansında 30-40 faiz təşkil edir.
Uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş
layihələr həm də "Cənub" qaz dəhlizinin reallaşmasına xidmət
göstərmişdir. İyirmi ildir ki, Azərbaycan öz enerji resurslarının
dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə bağlı gərgin iş
aparır və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna
malikdir. "Cənub" qaz dəhlizi bu gün Avropada ən böyük
infrastruktur layihəsidir. Azərbaycan isə Avropaya yaxın zamanlarda
nəql edilə biləcək qazın yeganə yeni mənbəyidir. Bu layihə bir neçə
komponentdən ibarətdir. İlk növbədə, "Şahdəniz" qaz yatağının
işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz
kəmərinin genişləndirilməsi, Trans-Anadolu – TANAP layihəsinin icra
edilməsi və Trans-Adriatik- TAP layihəsinin tikintisi "Cənub" qaz
dəhlizini formalaşdıran seqmentlərdir.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon
kubmetrdir, proqnozlaşdırılan ehtiyatların həcmi isə bundan iki
dəfə artıqdır. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki,
biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Hazırda
"Cənub" qaz dəhlizinin tikintisi ilə bağlı bütün istiqamətlər üzrə
ardıcıl iş aparılır. Keçən il sentyabrın 20-də Bakıda "Cənub" qaz
dəhlizinin təməli qoyulmuşdur. Bu tarixin çox böyük rəmzi mənası
var idi. Çünki bölgənin enerji xəritəsini dəyişmiş "Əsrin
müqaviləsi" məhz 20 il əvvəl bu tarixdə imzalanmışdır. Bu ilin
fevralında Bakıda "Cənub" qaz dəhlizi ölkələrini təmsil edən
nazirlərin Məşvərət Şurasının iclası keçirilmişdir ki, bu da
görüləcək işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur.
Cari il martın 17-də isə Türkiyənin Qars vilayətində Azərbaycan,
Türkiyə və Gürcüstan prezidentlərinin, həmçinin Avropa İttifaqı və
ABŞ-ın nümayəndələrinin iştirakı ilə TANAP-ın təməlqoyma
mərasiminin keçirilməsi "Cənub" qaz dəhlizinin reallaşdırılması
baxımından olduqca əlamətdar hadisədir.
"Şahdəniz-2" və "Cənub" qaz dəhlizi layihələri Azərbaycanın neft
strategiyasına yeni nəfəs verməklə yanaşı, həm də dünyanın enerji
xəritəsini dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında yeni vəziyyətin yaranmasına səbəb olacaq. Çünki "Cənub"
qaz dəhlizi enerji təhlükəsizliyi layihəsi kimi Avrasiyada yeni
əməkdaşlıq formatının əsasını qoyur. Biz ilk mərhələdə üçtərəfli
formatı yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat,
siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir
regional amil kimi özünü göstərir. İndi isə Yunanıstan, Albaniya və
İtaliyanın bu prosesə qoşulması həmin formatı daha da
genişləndirir. Eyni zamanda, "Nabukko" layihəsinin üzvü -
Bolqarıstan artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan
da bu layihələrə qoşula bilər. Biz digər Balkan ölkələrinə də
Azərbaycan qazının çatdırılmasını istəyirik. Hesab edirik ki, bu
ölkələrlə həm istehlakçı, həm tranzit ölkələr kimi tərəfdaşlıq edə
bilərik. Beləliklə, yeni əməkdaşlıq formatında iştirak edən
dövlətlər həm də təbii müttəfiqlərə çevrilirlər və nəticə etibarilə
Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı
yaranır. Bunun həm siyasi, həm iqtisadi təsiri çox böyük olacaqdır.
Buna görə də "Cənub" qaz dəhlizi sadəcə olaraq enerji layihəsi,
boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür.
- Bu ilin iyununda Azərbaycanda l Avropa Oyunları
keçiriləcək. İlk oyunlara ev sahibliyi edən bir şəhər olaraq Bakıda
hansı nadir cəhətlər nəzərdə tutulur? Eyni zamanda, Oyunlar
Azərbaycanın idman həyatında hansı izlər qoyacaq?
- Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük
etimad, həm də böyük məsuliyyətdir. Eyni zamanda, biz bunu
Azərbaycana beynəlxalq miqyasda göstərilən marağın təzahürü kimi
dəyərləndiririk. Son 10 ildə Azərbaycanın dinamik inkişafı,
cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş mühüm uğurlar,
beynəlxalq arenada yürütdüyümüz müstəqil, fəal siyasət ölkəmizin
nüfuzunu daha da yüksəltmişdir. Həmçinin həyata keçirilmiş nəhəng
quruculuq və abadlıq işləri nəticəsində Bakı dünyanın ən gözəl, ən
müasir şəhərlərindən birinə çevrilmişdir. Ümid edirəm ki, Bakı
qonaqlar və idmançılar üçün gözəl məkan olacaqdır.
Azərbaycan həm də beynəlxalq Olimpiya hərəkatının fəal
üzvlərindəndir, idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə
qazandığı uğurların sayı ildən-ilə artır. Azərbaycanın əksər
bölgələrində müasir standartlara uyğun Olimpiya kompleksləri, digər
idman qurğuları yaradılmışdır. Bu, həm də Azərbaycanda idmanın
kütləviliyini şərtləndirən mühüm amillərdən biridir.
Azərbaycan çoxsaylı beynəlxalq və regional səviyyəli tədbirlərə
ev sahibliyi etməkdə böyük təcrübə qazanmışdır. Bu günədək Bakıda
siyasi, iqtisadi, humanitar, idman və digər sahələrdə mühüm
beynəlxalq tədbirlər uğurla keçirilmişdir.
Bu il iyunun 12-dən 28-dək baş tutacaq ilk Avropa Oyunlarında 49
ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.
Biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik.
Avropa Olimpiya Komitəsinin dəstəyi ilə 40-dan artıq ölkənin
nümayəndələrinin çalışdığı güclü beynəlxalq komanda
formalaşdırılmış və artıq hazırlıq işləri yekunlaşmaq üzrədir.
Müasir idman infrastrukturunun yaradılması sahəsində genişmiqyaslı
iş aparılmışdır. Tədbirlərin keçiriləcəyi idman obyektlərinin böyük
əksəriyyətinin tikintisi başa çatmışdır və ya son tamamlanma işləri
görülür. Ümumilikdə, ilk Avropa Oyunları Bakıda 21 idman obyektində
keçiriləcək. Açılış mərasiminin baş tutacağı 68 min nəfərlik Bakı
Olimpiya Stadionundan əlavə, 7300 nəfərlik Olimpiya Şəhərciyi də
oyunlara hazırlanır. Paytaxtın nəqliyyat infrastrukturu
təkmilləşdirilmiş, müvafiq təhlükəsizlik tədbirləri görülmüş,
qonaqların, idmançıların qarşılanması, yerləşməsi, məşqlərin
keçirilməsi və digər təfərrüatlar tam nəzərə alınmışdır.
Hesab edirəm ki, Avropa Oyunları müxtəlif idman növlərinin
ölkəmizdə təbliği, yeni nəsil idman mütəxəssislərinin formalaşması
baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin Oyunlar Azərbaycan
üçün gözəl sosial təbliğat vasitəsi olacaqdır. Ölkə əhalisinin üçdə
ikisinin yaşı 35-dən aşağıdır və bu böyük təbəqə idmanın təşviq
etdiyi amallar haqqında məlumatlar alacaqdır. Avropa Oyunlarının
keçirilməsi üçün yaradılmış infrastruktur şəhərimizin və ölkəmizin
gələcəkdə digər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsini
də asanlaşdıracaq. 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını
keçirəcəyik, eyni zamanda, ilk dəfə olaraq "Formula-1" yarışları
regionumuza gələcəkdir. 2017-ci ildə isə Bakı müsəlman dünyasını
bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi
edəcək.
İki il ərzində bir ölkədə, bir şəhərdə həm Avropa Olimpiya, həm
də İslam Həmrəyliyi oyunlarının keçirilməsinin rəmzi mənası vardır.
Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq
şəraitində yaşadığı çoxmillətli, çoxkonfessiyalı və çoxmədəniyyətli
ölkədir. Bu gün Azərbaycan daha çox aktuallaşan
sivilizasiyalararası dialoqa öz dəyərli töhfəsini verir.
Düşünürəm ki, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin
multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin
Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox
faydalı olacaqdır.
Bir sözlə, bizim güclü potensialımız, mükəmməl idman
infrastrukturumuz, böyük beynəlxalq tədbirləri təşkil etmək
sahəsində yaxşı təcrübəmiz vardır və əminəm ki, bu Oyunları ən
yüksək səviyyədə keçirəcəyik. "Bakı-2015" idman tarixində yeni
maraqlı səhifə olacaq. Bu, həmçinin dörd ildən sonra keçiriləcək
növbəti Oyunlara bələdçi hadisədir və Avropa Oyunlarının
standartları məhz Bakıda müəyyənləşdiriləcək.
- Dünya arenasında Azərbaycanın əhəmiyyətinin artmasını
şərtləndirən amillərdən biri də ölkənizin fəal xarici siyasətidir.
2014-cü ildə Azərbaycanın xarici siyasətində hansı məqamları xüsusi
qeyd etmək istərdiniz və 2015-ci il üçün prioritet sahələr
hansılardır?
- Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət
kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş,
region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və
əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur.
Güclü potensialımız bizə imkan verir ki, beynəlxalq arenada tam
müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürüdək.
Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi
nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb
olunur.
Ötən il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata
keçirilməsi baxımından kifayət qədər uğurlu dövr olmuşdur. Ölkəmiz
beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş,
üzv və tərəfdaş olduğu təşkilatlarla, ayrı-ayrı dövlətlərlə
əlaqələrini daha da dərinləşdirmişdir. Avropa Şurası Nazirlər
Komitəsinə sədrlik etdiyi 6 ay müddətində Azərbaycan korrupsiya ilə
mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti seçməklə yanaşı,
demokratiya, insan hüquqları, təhlükəsizlik, dinlərarası dialoq
məsələlərinə də geniş diqqət ayırmış, bir sıra səmərəli
təşəbbüslərlə çıxış etmişdir.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə məqsədilə həyata
keçirdiyi institusional islahatlara nümunə olaraq "ASAN xidmət"
mərkəzlərini göstərə bilərik. Hazırda "ASAN xidmət" mərkəzlərində
30 növ hüquqi, 32 növ funksional yardımçı xidmətlər təşkil edilib.
Ümumilikdə fəaliyyətə başladığı 2012-ci il dekabrın 29-dan bu
günədək "ASAN xidmət"lərə 4 milyon 120 mindən çox müraciət daxil
olub. Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq
vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə
gələrək "ASAN xidmət"lərin fəaliyyəti ilə yaxından tanış
olurlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə
məruzəçinin təyin olunması, Azərbaycanın haqq səsinin Avropa
ictimaiyyətinə daha dolğun çatdırılması ölkəmizin bu nüfuzlu
qurumun ali orqanına rəhbərliyi dövründə əldə edilmiş uğurlardır.
2014-cü ilin iyununda ATƏT Parlament Assambleyasının Bakıda
keçirilmiş sessiyasında qəbul olunmuş Bəyannamədə ölkələrin
sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi bir daha
vurğulanmışdır.
Azərbaycan tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq
aləmdə böyük nüfuz və hörmət qazanmışdır. 2012-ci ildə Azərbaycan
Meksikada "Böyük iyirmiliyin" sammitinə dəvət edilən 10 ölkədən
biri və MDB məkanından yeganə dövlət olmuşdur. 2011-ci ildə
seçkilərdə 155 dövlətin dəstəyini qazanmış ölkəmiz iki il müddətinə
BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş və iki ay həmin ali quruma
sədrlik etmişdir. Azərbaycan 2015-ci ildə Türkiyədə keçiriləcək
"Böyük iyirmilik" sammitinə də dəvət almışdır.
Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında
həyata keçirilir. Qarşıdan gələn dövrdə biz düşünülmüş xarici
siyasət kursumuzu davam etdirəcəyik, Azərbaycanın suveren
hüquqlarının, milli maraqlarının təmin edilməsi, ölkənin ikitərəfli
və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsi,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında, Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınan ərazi bütövlüyü çərçivəsində həlli, bütün regionumuz,
Avropa üçün mühüm əhəmiyyət kəsb edən nəhəng transmilli enerji
layihələrinin davam etdirilməsi və digər əhəmiyyətli məsələlər
qarşıdan gələn dövrdə də diqqət mərkəzində olacaqdır.