"Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin
çəkisi təkcə onun böyüklüyü, gücü ilə deyil, həm də həyata
keçirdiyi siyasətin xarakteri, qlobal məsələlərin həllində iştirak
dərəcəsi, ümumbəşəri dəyərlər məcmusuna təqdim etdiyi yeniliklər,
dəyərli nümunələrlə ölçülür". Trend-in məlumatına görə, bunu "The
Business Year: Azerbaijan - 2015" xüsusi buraxılışının təqdimat
mərasimində çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
deyib.
Ə.Həsənov bildirib ki, dünyanın gündəminin formalaşmasında
bilavasitə iştirak edən müasir informasiya resursları da bu
nümunəni göstərmək, onu beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırmaq, bölüşmək missiyasını prioritet vəzifələrdən biri hesab
edirlər: "Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin, dünya
iqtisadiyyatının təhlili göstərir ki, əksər ölkələr çox ciddi
çətinliklərlə üzləşərək daim mürəkkəb vəziyyətdən çıxış yolları
axtarmaq məcburiyyətində qalırlar. Siyasi gərginlik, regional
münaqişələr, dərin iqtisadi böhran və sosial kataklizmlər dövrümüzü
xarakterizə edən əsas faktorlar sırasına daxil olmuşlar. Lakin bu
bədbin mənzərə fonunda Azərbaycan kimi azsaylı ölkələr də vardır
ki, dinamik və hərtərəfli inkişaf göstəriciləri, daxili və xarici
siyasətdə böyük uğurları ilə dünyaya yeni inkişaf nümunəsi, modeli
təqdim edərək beynəlxalq ictimaiyyətin, aparıcı medianın diqqətini
özlərinə cəlb edirlər. Konkret olaraq Azərbaycan haqqında
danışarkən, fəxrlə demək olar ki, ölkəmiz özünün yeni inkişaf
modelini yaratmış və mütərəqqi, rasional təcrübə kimi onu bütün
dünyaya təqdim etmişdir".
Prezidentin köməkçisinin sözlərinə görə, cəmi 10 il ərzində
iqtisadi potensialın 3 dəfədən çox artması, yoxsulluq və işsizlik
kimi problemlərin əsaslı şəkildə həlli, sosial-iqtisadi
infrastrukturun ən qabaqcıl standartlara uyğun yenidən qurulması,
davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının
formalaşdırılması əsl fenomen kimi xarakterizə oluna bilər:
"Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham
Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti
sayəsində mümkün olmuşdur.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş
Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli
yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır.
Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və
dünya səviyyəli tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Bu
günlərdə III Qlobal Bakı Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər
Şurasının illik toplantısında, III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə
fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu
ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya
mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak etmişlər.
Bu, Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində artan
rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının
əyani təsdiqidir".
Ə.Həsənov çıxışında vurğulayıb ki, artıq bir neçə həftədən sonra
Azərbaycan tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşır:
"Əminik ki, bu idman bayramı Avropanın idman tarixində layiqli yer
tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq, xalqlar arasında
mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevriləcəkdir. I Avropa
Oyunlarına hazırlıq mərhələsində Təşkilat və Əməliyyat
komitələrinin, ayrı-ayrı dövlət orqanlarının gərgin fəaliyyəti,
ictimaiyyətimizin güclü dəstəyi sayəsində nəhəng işlər görülmüş və
bütün işlər vaxtında başa çatdırılmışdır. Azərbaycan istənilən
səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək
imkanı əldə etmişdir. Bu Oyunlar Azərbaycanın zəngin potensialının,
mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyətə malik
olacaqdır.
Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi edəcək. İki il ərzində hər iki idman
bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi
hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü
rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası
dialoqun inkişafına verdiyi böyük töhfədir".
Ə.Həsənov hesab edir ki, bütün bunlar beynəlxalq ictimaiyyətin,
dünyanın nüfuzlu media qurumlarının, o cümlədən Böyük Britaniyanın
tanınmış "The Business Year" nəşrinin Azərbaycana yüksək diqqətini
şərtləndirən mühüm amillərdir: "Qeyd etmək istərdim ki, "The
Business Year" dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri
yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və
müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir.
2011-ci ildən Azərbaycanla yaxından əməkdaşlıq etməyə başlamış "The
Busines Year" nəşri ötən beş ildə ölkəmizə həsr etdiyi xüsusi
buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti,
iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət,
idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks
etdirmişdir. Məlumat üçün bildirmək istərdim ki, 2013-cü ildə "The
Business Year" şirkəti Azərbaycan Prezidenti cənab İlham Əliyevi
dünyada "İlin Prezidenti" elan etmişdir. Bunun əsas səbəbləri
dövlət başçısının Azərbaycanın dinamik inkişafında, dünyanın
geosiyasi məkanında fəal iştirakında, ölkənin mühüm beynəlxalq
tədbirlərin keçirildiyi mərkəzə çevrilməsində xidmətləri olmuşdur.
Jurnal yüksək tirajla nəşr olunaraq dünyanın ayrı-ayrı ölkələrində,
aparıcı siyasi, maliyyə-iqtisadi mərkəzlərində yayılmış və bununla
da beynəlxalq aləmdə Azərbaycan haqqında dolğun, obyektiv
təsəvvürün formalaşmasına öz əməli töhfəsini vermişdir".
Prezidentin köməkçisi qeyd edib ki, nəşrin builki layihəsi olan
"The Business Year: Azerbaijan - 2015" xüsusi buraxılışı I Avropa
Oyunlarına həsr edilib: "Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin müsahibəsində ölkəmizin dinamik
sosial-iqtisadi inkişafı, enerji siyasəti, I Avropa Oyunları və
digər məsələlər hərtərəfli şəkildə əhatə olunmuş və təhlil
edilmişdir. Eyni zamanda, I Avropa Oyunlarının Təşkilat Komitəsinin
və onun sədri Mehriban xanım Əliyevanın fəaliyyəti, Oyunların
təşkilinə məsul Əməliyyat Komitəsinin gördüyü işlər, bu sahədə
həyata keçirilən tədbirlər geniş işıqlandırılıb. Xüsusi buraxılışda
Monako Şahzadəsi II Albertin, Çexiya Prezidenti Miloş Zemanın,
Pakistan Prezidenti Məmnun Hüseynin müsahibələrində ölkələrarası
münasibətlərin inkişafına dair dəyərli fikirlər öz əksini tapıb.
Nəşrin əhəmiyyətli hissəsini təşkil edən dövlət orqanları
rəhbərlərinin, biznes nümayəndələrinin müsahibələrində Azərbaycan
iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı, biznes və
investisiya mühiti, sahibkarlıq subyektlərinin fəaliyyəti barədə
geniş məlumat verilib.
Hesab edirəm ki, "The Business Year: Azerbaijan - 2015" nəşri
Azərbaycanda cəmiyyət həyatının bütün sahələri, ölkəmizin daxili və
xarici siyasəti, mühüm hadisələrlə bağlı dolğun və obyektiv məlumat
mənbəyidir. Əsasən xarici auditoriyaya təqdim olunacaq bu nəşr
Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
ölkəmizin nailiyyətləri barədə beynəlxalq ictimaiyyətin
məlumatlandırılması işinə əhəmiyyətli töhfə olacaq".