İsveçrənin xarici işlər naziri və 2014-cü ildə ATƏT-ə
sədrlik edəcək Didye Burkhalterin müsahibəsi
- İsveçrənin ATƏT-ə sədrliyi çərçivəsində prioritetləri
nələr olacaq? Ölkəniz Avropada sülh və tərəqqinin bərqərar olması
üçün hansı səyləri göstərəcək?
- İsveçrə "hər kəs naminə təhlükəsiz cəmiyyət yaratmaq"
leytmotivi altında təşkilata sədrliyi dövründə üç əsas məqsədə
töhfə vermək niyyətindədir: Biz təhlükəsizlik və sabitliyi təşviq
etmək, insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq və ATƏT-in
fəaliyyət potensialını gücləndirmək niyyətindəyik.
Biz bu məqsədləri konkret həyata keçirmək üçün transmilli
təhdidlərə qarşı mübarizə, təbii fəlakətlərin idarə olunması üçün
ATƏT məkanında potensialın artırılması, həmçinin təhlükəsizlik
sektoru idarəçiliyinin gücləndirilməsi, insan ölçüsü sahəsində
öhdəliklərin icrası, eləcə də ATƏT-in vasitəçilik imkanları kimi
bəzi prioritet tədbirlər müəyyən etmişik. İsveçrə həmçinin vətəndaş
cəmiyyətinin ATƏT-ə cəlb olunmasına xüsusi diqqət yetirəcək və
gənclərin səsinin eşidilməsi üçün ATƏT modelinə uyğun silsilə
tədbirlər keçirmək niyyətindədir.
- ATƏT Avropa ölkələrində insan hüquqlarının müdafiəsi
sahəsində mühüm təşkilatdır. Bu sahədə İsveçrə hansı addımları
atmaq niyyətindədir?
- Təşkilata sədrliyimiz çərçivəsində biz insan ölçüsü sahəsinə
dair mövcud öhdəliklərin həyata keçirilməsinin fəaliyyətimizin
diqqət mərkəzində olmasını istəyirik.
İsveçrə müsbət təcrübələrin mübadiləsinin təşviqi vasitəsilə
bütün üzv dövlətləri işgəncələrlə mübarizə, milli azlıqların
hüquqlarının qorunmasının təmin edilməsi və demokratik seçkilərin
təşviqi kimi sahələrdə son 40 il ərzində götürdükləri öhdəlikləri
tam yerinə yetirməyə çağırır. Biz təşkilata sədrliyimiz
çərçivəsində 2014-cü ilin iyun ayının ortalarında İsveçrədə insan
hüquqlarına dair konfrans da təşkil edəcəyik. Bundan əlavə, biz
insan hüquqları sahəsində ATƏT institutlarının və sahə
missiyalarının mandatlarına uyğun fəaliyyətini dəstəkləyəcəyik.
- ATƏT məkanında enerji təhlükəsizliyinin təmin
edilməsində Azərbaycanın artan rolunu necə
qiymətləndirirsiniz?
- Bir neçə həftə öncə ATƏT-in Nazirlər Şurası enerji sahəsinə
dair iki qərar qəbul etdi. Onlardan biri enerji sahəsi ilə bağlı
fəaliyyətin ekoloji izinin təkmilləşdirilməsi, ikincisi isə mühüm
enerji şəbəkələrinin təbii və texnogen fəlakətlərdən qorunması idi.
Bu onu göstərir ki, enerji təhlükəsizliyi ATƏT-ə üzv dövlətlər
arasında mühüm mövzuya çevrilir və Azərbaycan kimi ölkələr bu ATƏT
dialoqunda həlledici rol oynayır. Bundan sonra da daha əlverişli və
çoxşaxəli enerji təchizatının təşviqi yolları barədə düşünmək
vacibdir. Həmçinin unutmamalıyıq ki, enerji resursları məsuliyyətli
və şəffaf şəkildə idarə edildiyi təqdirdə, iqtisadi artıma
əhəmiyyətli dərəcədə töhfə verə bilər.
- ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə fəal
şəkildə cəlb olunub. Lakin təəssüf ki, bu hələ də öz səmərəsini
vermir. Gələn il ATƏT-ə sədrlik edəcək İsveçrə bu münaqişənin həlli
üçün hansı təşəbbüsləri göstərməyi planlaşdırır?
- Biz ABŞ, Rusiya və Fransanın başçılıq etdiyi ATƏT-in Minsk
prosesi kimi mövcud vasitəçilik mexanizmlərinin fəal şəkildə
dəstəklənməsi və gücləndirilməsi vasitəsilə dialoq və etimadın
formalaşdırılması tədbirlərinin təşviqi imkanlarını nəzərdən
keçiririk. Bundan əlavə, İsveçrə xalqlar arasında əlaqələri
asanlaşdırmaq və regionda vətəndaş cəmiyyəti layihələrinə dəstək
verməyə çalışacaq.
2014-cü il yanvarın 1-də İsveçrə ATƏT-ə sədrliyə başladıqdan
sonra səfir Angelo Qnadinger Cənubi Qafqaz üzrə xüsusi nümayəndə
kimi fəaliyyətə başlayacaq. O, həmçinin Cənubi Qafqazda
təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində ATƏT
həmsədri kimi fəaliyyət göstərəcək. Cənubi Qafqaz üzrə digər xüsusi
nümayəndələr kimi, Angelo Qnadinger də ATƏT-in vasitəçilik
səylərini dəstəkləyəcək və ATƏT-in regiondakı nümayəndəliklərinin
fəaliyyətini müşayiət edəcək (Trend).