Moldova Respublikasının
Prezidenti Nikolaye Timofti Azərbaycan Prezidenti İlham Əliyevə
təbrik məktubu ünvanlayıb.
Axar.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Milli bayramınız – Respublika Günü münasibətilə bütün Moldova
Respublikası xalqı adından və şəxsən öz adımdan Azərbaycan xalqına
sülh və daha da çiçəklənmək arzuları ilə Sizi səmimi qəlbdən təbrik
etməkdən xüsusi məmnunluq duyuram.
Qəti əminliyimi bildirirəm ki, dövlətlərimiz arasında dostluq və
qarşılıqlı anlaşma münasibətlərinin ənənəvi əsası olan ikitərəfli
dialoq Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında
əməkdaşlığın iki ölkənin və xalqın rifahı naminə daha da inkişaf
etməsinə və genişlənməsinə kömək edəcək.
Zati-aliləri, Bakıya qarşıdakı səfərim ilə əlaqədar Sizinlə
tezliklə görüşəcəyimə ümid bəsləyir, Sizə möhkəm cansağlığı və
məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edir, dərin
ehtiramımı bildirirəm".
***
Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan
Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
Sizi salamlayır, Ulu Tanrıdan Sizə xeyir və bərəkət
arzulayıram.
Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının
Hökumətinə və xalqına ən səmimi təbriklərimi göndərməkdən məmnunluq
duyuram.
Sizə və xalqınıza xoşbəxtlik və rifah arzulayıram. Ölkələrimiz
arasında ikitərəfli dostluğu, habelə beynəlxalq təşkilatlar
çərçivəsində, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı
əməkdaşlığın inkişaf etdirilməsinə olan marağı yüksək
qiymətləndirirəm.
Uca Allah Sizə və Azərbaycan xalqına tərəqqi və rifah bəxş
etsin".
***
Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Tani
Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə
Zati-alinizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Qətər
dövlətinin xalqı adından və şəxsən öz adımdan ən səmimi
təbriklərimi çatdırmaqdan məmnunam.
Bu xoş fürsətdən istifadə edərək Sizə ən səmimi salamlarımı
çatdırır, Zati-alinizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına
daha böyük uğurlar və tərəqqi, ölkələrimiz arasındakı dostluq və
əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənməsini arzu
edirəm".
***
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti
Mulatu Teşome Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti
adından və şəxsən öz adımdan Zati-alinizə və Sizin şəxsinizdə
Azərbaycan xalqına və hökumətinə ölkənizin milli bayramı –
Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.
Afrikanın diplomatik paytaxtı Əddis-Əbəbədə Azərbaycan
səfirliyinin açılması barədə qərarınıza görə Zati-alinizə
təşəkkürümü bildirirəm. Azərbaycan səfirliyinin tam şəkildə
fəaliyyətini həyata keçirməsindən məmnunluq hissi duyuruq. Əminik
ki, bu, qarşıdan gələn illər ərzində ikitərəfli münasibətlərimizin
daha da gücləndirilməsi istiqamətindəki səylərimizə yardım
edəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi
və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm".
***
Bəhreynin Kralı Həməd bin İsa Al-Xəlifə Azərbaycan
Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
Dost ölkənizin milli günü münasibətilə Zati-alinizə şəxsən öz
adımdan və Bəhreyn Krallığının xalqı adından səmimi təbriklərimi və
ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Fürsətdən istifadə edərək, şəxsən Zati-alinizə ən səmimi və xoş
arzularımı çatdırır, Sizə cansağlığı və xoşbəxtlik arzulayır,
xalqınıza isə müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və
firavanlıq diləyirəm".
***
Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul
Qəyyum Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
Maldiv Hökuməti, xalqı və öz adımdan Respublika Günü
münasibətilə Zati-alilərinizi, Azərbaycan Hökumətini və xalqını
səmimi qəlbdən salamlayır və xoş arzularımı bildirirəm.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı
inkişaf arzu edirəm".
***
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd
Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
28 May – Respublika Günü münasibətilə Sizə Əfqanıstan xalqı
adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Əminəm ki, Əfqanıstan ilə Azərbaycan arasında dərin tarixi,
mədəni və qarşılıqlı maraqlara əsaslanan əlaqələr gələcəkdə bütün
sahələrdə daha da möhkəmlənəcək və inkişaf edəcək.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm
cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə tərəqqi
arzu edirəm".
***
Fransa Respublikasının Prezidenti Fransua Olland
Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Məktubda deyilir:
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi
səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına sülh, tərəqqi və
əmin-amanlıq arzulayıram. Aprelin 25-də Bakıya səfərim zamanı
göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Son illər ölkələrimiz arasında etimad və dostluğa əsaslanan
əməkdaşlığın daha da möhkəmlənməsi məni çox sevindirir. Qarşılıqlı
tərəfdaşlığımızın daha da inkişaf etməsini və şaxələnməsini arzu
edirəm. Mənim ölkənizə son səfərim çərçivəsində əsas prinsiplərini
razılaşdırdığımız Azərbaycan-Fransız Universiteti hər iki ölkənin
gənclərinə verəcəyi bəhrəyə görə çox vacibdir.
Uzun müddətdir davam edən və Qafqaz regionunun inkişafına mane
olan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli
istiqamətində Minsk qrupunun həmsədri kimi Fransanın üzərinə
götürdüyü öhdəliyə bundan sonra da sadiq qalacağına əmin ola
bilərsiniz.
Şərq Tərəfdaşlığının Riqa Sammitində qeyd etdiyim kimi, Avropa
İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin hər bir tərəfdaşa
qarşılıqlı hörmət əsasında davam etdirilməsinin və
möhkəmləndirilməsinin tərəfdarıyam. Bu baxımdan strateji
tərəfdaşlığı modernləşdirmək məqsədi daşıyan danışıqlara tez bir
zamanda nail olunmasını arzu edirəm.
***
Çexiya Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan
Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü
münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi
çatdırıram.
Azərbaycan Respublikası və Çexiya Respublikası arasında
ikitərəfli münasibətlərin dinamik inkişafından şadam və bu müsbət
tendensiyanın cari ilin sentyabr ayında mənim Bakıya rəsmi
səfərimlə təsdiq olunacağına ümid edirəm.
Zati-aliləri, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər
diləyir və Azərbaycan xalqına əmin-amanlıq və rifah
arzulayıram".