Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 1-də -
Uşaqları Beynəlxalq Müdafiə Günündə Bakının Nizami rayonundakı 110
və 172 nömrəli uşaq tərbiyə müəssisələrində istifadəyə verilmiş
yeni korpuslarla tanış olub.
Axar.az xəbər verir ki, birinci xanım Mehriban Əliyeva əvvəlcə
110 nömrəli körpələr evi - uşaq bağçasının yeni korpusu ilə tanış
olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat
verilib ki, 110 nömrəli bağça 1965-ci ildən fəaliyyət göstərir.
Buradakı 12 qrupda 220 uşağa təlim-tərbiyə verilir. Bu uşaq
müəssisəsi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na
əsasən 2011-ci ildə əsaslı təmir olunub. 2012-ci ilin martında
Prezident İlham Əliyev bağçanın açılışında iştirak edib. Heydər
Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı"
Proqramına əsasən 2014-cü ilin avqust ayından bağçada ikimərtəbəli
əlavə korpusun inşasına başlanılıb. İndi bu yeni korpusda 4 qrupda
80 uşağa qayğı göstərilir. Burada balacaların təlim-tərbiyəsi ilə
peşəkar pedaqoji heyət məşğul olur. Bağça azyaşlı sakinlərinin
zövqünə uyğun qurulub. Uşaq müəssisəsində balacaların rahatlığı,
istirahəti və ilkin biliklərə yiyələnməsi tam təmin edilir.
Körpələr evi - uşaq bağçasında balacalarda olan bacarıq və
istedadları aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.
Uşaqları Beynəlxalq Müdafiə Günündə balacalarla görüşə gələn
Mehriban Əliyeva onlarla söhbət edib. Uşaqlar da hər dəfə olduğu
kimi, birinci xanım Mehriban Əliyevanın ətrafına toplaşıblar və öz
məharətlərini göstərməyə çalışıblar.
Heydər Əliyev Fondunun prezidenti uşaqlara və bağçanın
kollektivinə uğurlar arzulayıb.
Sonra Mehriban Əliyeva 172 nömrəli bağçaya gəldi. Azərbaycanın
birinci xanımına məlumat verildi ki, 1971-ci ildən fəaliyyət
göstərən bu uşaq tərbiyə müəssisəsi "2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı" çərçivəsində əsaslı təmir olunub. Heydər Əliyev
Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" Proqramına
əsasən isə 2014-cü ilin avqust ayından bağçada 4 qruplu, 80 yerlik,
ümumi sahəsi 1152 kvadratmetr olan ikimərtəbəli əlavə korpus inşa
olunmağa başlanılıb və hazırda tikintisi başa çatdırılıb. Bağçada
indi 12 qrupda 230 uşaq tərbiyə alır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif
layihələr reallaşdırır. Son illərdə Fondun təşəbbüsü və dəstəyi ilə
paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma
işləri aparılıb, məktəbəqədər təhsilin inkişafına nail olmaq
istiqamətində səmərəli tədbirlər görülüb. 2014-cü ilin fevralında
Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun
"Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" Proqramının
təqdimatı olub və bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib.
Bu gün Fondun fəaliyyətinin nəticələri isə onu göstərir ki, bu
qurum tərəfindən həyata keçirilən digər layihələr kimi,
"Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" Proqramı da uğurla
icra edilir.