Ana səhifə Gündəm |
Prezident İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Nəqliyyat naziri Ziya Məmmədov və "Azərbaycan Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov əvvəlcə
dövlətimizin başçısına Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda
həyata keçirilən yenidənqurma işləri barədə məlumat verdilər.
Qeyd edildi ki, uzunluğu 91 kilometr olan yolun ikixətli hissəsi
85, birxətli hissəsi isə 4,4 kilometrdir. Qalan 1,6 kilometrlik
birxətli yolun tikintisi nəzərdə tutulur. Bakı-Sumqayıt-Bakı
dairəvi dəmir yolu iki hissəyə bölünməklə yenidən qurulur. Birinci
hissəyə daxil olan Bakı-Biləcəri-Sumqayıt xətti 42, ikinci -
Bakı-Zabrat-Sumqayıt xətti isə 49 kilometrdir. Yolun 55 kilometrdən
çox hissəsində yenidənqurma işləri artıq başa çatdırılıb. İndiyədək
95 min kubmetr torpaq işləri görülüb, 28 dəst yoldəyişən qurğular
yeniləri ilə əvəzlənib. Bu yol üzərində 10 qatarın hərəkəti nəzərdə
tutulur.
Dövlətimizin başçısına Bakı şəhəri-Heydər Əliyev Beynəlxalq
Aeroportu dəmir yolu xəttinin layihəsi barədə də məlumat verildi.
Uzunluğu 25 kilometr olacaq bu dəmir yolu xətti şəhərdə sərnişin
sıxlığının aradan qaldırılmasında mühüm rol oynayacaq.
Sonra Prezident İlham Əliyev yeni elektrik qatarında yaradılan
şəraitlə tanış oldu.
"Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal
olunmuş "KISS" markalı elektrik qatarlarının hər birində 4 vaqon
var. Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi
sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki,
onlardan da 84-ü biznes-klasdır. İkimərtəbəli elektrik qatarları
birinci Avropa Oyunları zamanı Bakı sərnişin stansiyası ilə
metronun "Koroğlu" stansiyası arasında fəaliyyət göstərəcək,
sonralar isə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadəyə
buraxılacaq. Yeni dəmir yolu xəttində dayanacaqlar nəzərə alınmaqla
qatarların orta sürəti saatda 63 kilometr təşkil edəcək.
Qeyd edildi ki, Bakı-Biləcəri-Sumqayıt xəttində elektrik qatarları
əvvəllər mənzil başına 1 saat 22 dəqiqəyə çatırdısa, yenidənqurma
işlərindən sonra bu vaxt 40 dəqiqə olacaq. Bakı-Zabrat-Sumqayıt
xətti üzrə isə hazırda qatarlar mənzil başına 1 saat 29 dəqiqəyə
çatır. Lakin yenidənqurmadan sonra vaxt fərqi 52 dəqiqəyə enəcək.
Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra yolun
Bakı-Biləcəri-Sumqayıt hissəsində 3 - Keşlə, Biləcəri, Xırdalan və
Bakı-Zabrat-Sumqayıt hissəsində isə 5 - "Koroğlu", Bakıxanov,
Sabunçu, Zabrat, Pirşağı dayanacaqlarının olması nəzərdə
tutulur.
Prezident İlham Əliyev qatarı idarə etdi.
Bildirildi ki, sutka ərzində bu dəmir yolu ilə 30-35 min sərnişinin
daşınması proqnozlaşdırılır. Bütün bunlar son illərdə ölkəmizdə
nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət
siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda nəqliyyat
infrastrukturunun müasirləşdirilməsi, yeni növ texnikaların
alınması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü
iqtisadi inkişaf modelinin bəhrəsidir. Son illərdə Azərbaycanın
nəqliyyat infrastrukturu dinamik inkişaf edərək bu gün ölkəmizin
regionda bu sahədə şəksiz liderliyini təmin edib. Odur ki,
Azərbaycan hazırda Qərb ilə Şərq arasında ən mühüm nəqliyyat
dəhlizi rolunu oynayır.
Tarix
2015.06.03 / 19:51
|
Müəllif
Axar.az
|