Yay mövsümünü çimərliksiz təsəvvür etmək qeyri-mümkündür. Lakin təhlükəsiz istirahət üçün çimərliklərin heç də hamısı uyğun olmur.
Dəniz suyunun təmizliyi, sahilin sanitariya vəziyyəti, xilasedici xidmətinin mövcudluğu və ümumi təhlükəsizlik tədbirləri istirahət edənlərin axtardığı əsas keyfiyyətlərdir. Hər il vətəndaşlar ən təmiz çimərlik axtarışında olurlar. Amma bu fakt ilbəil dəyişə bilər, çünki suyun keyfiyyəti hər mövsüm yenidən yoxlanılır.
Sözügedən mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Axar.az-a açıqlamasında bildirib ki, bəzən insanlar qeyri-rəsmi çimərliklərə də gedirlər, orada dənizə girirlər:
“Amma problem tək burada deyil. Problem Sanitariya-Epidemioloji İdarəsinin il boyu sakitcə gözləməsidir. Sonra sezon açılanda insanlara deyirlər ki, filan çimərlik bakteriya daşıyıcısıdır və yaxud da su mikrobludur. Halbuki, məsələn, Abşeron yarımadasında bir çox çimərliklər təmizlənir, nəzarət olunur. Necə ola bilər ki, o xalq çimərlikləri deyilən, özəl olmayan çimərliklər təmizlənməsin?
Bəli, hansısa çimərliklərə kanalizasiya suları yaxından axırsa, o mütləq bəzi bakteriyaları suya buraxa bilər. Amma bunların olmaması üçün öncədən tədbir görülməlidir, o kanalizasiyaların qarşısı alınmalıdır.
Hesab edirəm ki, insanlar harada rəsmi qeydiyyatlı çimərliklər varsa, bu bələdiyyə və yaxud özəl çimərlik ola bilər, hamısında çimə bilərlər. Mütləq getsinlər, çimsinlər. İcazəsiz çimərliklər xilasetmə xidmətləri olmadığına görə təhlükəlidir. Amma mən hesab edirəm ki, insanlar övladlarına üzməyi öyrətməlidirlər. Hər kəs üzməyi bilməlidir ki, suda boğulma halları baş verməsin”.
Ekoloq qorxulu bakteriya daşıyan çimərliklərin olmadığını və Xəzər dənizi suyunun tam olmasa belə, təmiz olduğunu, insan sağlamlığına zərər vermədiyini, dəri xəstəlikləri yaratmadığını hesab edir:
“Mən hər gün saatlarla dənizdə üzən adam olaraq deyirəm ki, dəniz sağlamlıqdır, insanlara sağlamlıq verir. Ürək-damar sisteminə, bronxial nəfəs borusu sistemlərinə, bronxlara faydalıdır. Görməyə faydalıdır, əsəb sakitləşdiricidir. Ürəyə böyük faydası var, yod qaynağıdır və s. Yəni dənizdən qorxmaq lazım deyil. Dənizi, çimərlikləri təmiz saxlamalı və onun faydalarından yararlanmaq lazımdır”.
Dermatoloq Pərviz Dadaşov da saytımıza açıqlamasında vurğulayıb ki, ilk növbədə günəşdən qorunmaq lazımdır:
“Daha sonra isə çimərliklərin və suyun çirkliliyi dərəcəsinə fikir vermək lazımdır. Bir çox dəri xəstəlikləri var ki, çirklənmiş sulardan yoluxa bilərik. Bunlardan ən başlıcası göbələk xəstəlikləridir. Dərimizdə müxtəlif səpkilər yarada, qaşınmalar verə bilər.
Bundan başqa, ümumi çimərliklərdə, natəmiz yerlər olduqda, bir çox insanların ümumi istifadə etdiyi məkanlarda müxtəlif dəri xəstəlikləri var. Bu xəstəliklərin arasında xüsusilə “ziyil” kimi tanınan dəri xəstəlikləri daha məşhurdur. Bunların qarşısını almaq üçün getdiyimiz yerlərə diqqət etməliyik, antiseptik vasitələrdən istifadə etməliyik. Hər hansı bir şübhəli vəziyyət olduqda isə dermatoloqa müraciət etməliyik”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti üzrə hazırlanıb.
