M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva
AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim
edirik:
- Mərkəzin rəsmi saytında qeyd olunub ki, Azərbaycan və
onun yerləşdiyi Qafqaz bölgəsinin zəngin mədəniyyətinin və
tarixinin araşdırılması beynəlxalq elm aləminin diqqətindən kənarda
qalıb. Sizcə, təşkil edilən elmi konfransın bu baxımdan əhəmiyyəti
nədən ibarətdir?
- Sabahkı konfrans Oksford Universitetində yaradılmış və onun
səlahiyyətli bir qurumuna çevrilmiş Nizami Gəncəvi adına Mərkəzin
ilk elmi konfransıdır. Şübhəsiz ki, belə bir tərkibdə və belə bir
çevrədə təqdim olunan konfrans özlüyündə ortaya bir çox mühüm
məsələləri qoyur.
Birinci mühüm məsələ odur ki, artıq deyildiyi kimi burada
səsləndirilən hər bir fikir, irəli sürülən hər bir elmi mülahizə
auditoriyada qalmır, dünyanın bütün elmi dairələrinə çatdırılır.
Çünki Oksfordun yürütdüyü mülahizələr, qəbul etdiyi dəlillər artıq
dünyada sınaqdan keçirilmiş elmi meyarlardır. Bu baxımdan əlbəttə
ki, bizim Mərkəzin keçirdiyi konfransın əhəmiyyəti çox böyükdür.
Konfransda iştirak edən alimlər bu gün öz sahələrində ən sanballı,
ən məşhur və nüfuzlu alimlərdir. Bu isə sözsüz ki, tədbirin
səviyyəsinin əsas göstəricisidir.
- Ötən il AZƏRTAC-a verdiyiniz müsahibədə Nizami Gəncəvi
adına Mərkəzin tezliklə fəaliyyətə başlayacağını qeyd etmişdiniz. O
vaxtdan çox keçməsə də mərkəzin fəaliyyəti və layihələri haqqında
nə deyə bilərsiniz?
- Layihələrin sadalanması doğrudan da sevindiricidir. Məsələn,
fərəhli hal odur ki, Bertelsin 1941-ci ildə nəşr olunmuş və təəssüf
ki, heç vaxt yenidən rus dilində dərc edilməmiş "Böyük Azərbaycan
şairi Nizami Gəncəvi" kitabını biz burada, Oksfordda ingilis dilinə
tərcümə edirik. Bu ilin sonuna qədər bu kitabın həm Oksfordda, həm
də Azərbaycanda təqdim olunması nəzərdə tutulur.
Alimlər və peşəkar dairələr, bu işin fərqində olanlar üçün bu,
çox böyük hadisədir. Çünki Bertelsin kitabının ingilis versiyasını
bu vaxta qədər heç kəs hazırlamamışdı. Əgər bunu Oksford kimi böyük
bir universitet, onun şərqşünaslıq fakültəsi tərcümə edib ortaya
qoyursa, artıq bu kitabı bütün dünya tanıyacaq.
Bundan başqa, biz 3 magistrant və 3 aspirant hazırlığı ilə
məşğuluq. Hazırlıq nədən ibarətdir? İmtahan vermək lazımdır.
Oksford müəllimlərinin və professorlarının sınağından keçmək
lazımdır. Sınaqdan keçən hər kəs bu uğuru qazanacaq. Əlbəttə ki,
biz bu imkanı layiq olana verəcəyik.
Bundan əlavə, biz təkcə şərqşünaslıq və ədəbiyyatşünaslıq deyil,
elmin hər hansı bir başqa sahəsi ilə də məşğul olan, Oksford
Universiteti ilə əlaqə yaratmaq istəyən hər bir kəsə universitetin
qaydaları çərçivəsində yardım etmək səlahiyyətinə malikik.
Konfransdan bir gün əvvəl universitetin rəhbərliyi ilə görüşdə
mənə dedilər ki, gələcəkdə bizi yalnız Qafqaz regionu deyil,
həmçinin Orta Asiya bölgəsində təmsil edən bir mərkəz olaraq görmək
istəyirlər. Artıq iki ildir ki, birgə çalışırıq. Burada etimad
qazanmışıq və bu müddət ərzində onlar bizim elmi biliyimizi,
bacarığımızı, tərəfdaşlıq qabiliyyətimizi qiymətləndiriblər və bu
qiymət yüksəkdir.
- Bu layihəyə təbii ki, Azərbaycanda böyük maraq
göstərilir. Belə ki, Nizami Gəncəvi adına Mərkəz Oksford
Universitetinin bir hissəsi kimi fəaliyyət göstərir. Bu, böyük
nailiyyətdir. Siz bunu necə izah edərdiniz və maraqlananlar
Mərkəzin fəaliyyətində necə iştirak edə bilərlər?
- Bilirsiniz, ən əsası odur ki, bacarıqlı, əməksevər gənclər
olsunlar. Doğrudur, XIII əsrdən fəaliyyət göstərən Oksford
Universiteti ödənişli əsaslarla təhsil verir. Amma bu, o demək
deyil ki, maliyyə imkanı olan hər bir kəs buraya daxil ola bilər.
Bu nüfuzlu təhsil ocağına yaxınlaşmaq, burada təhsil almaq üçün
maddi vəsait demək olar ki, ən axırıncı şərtdir. Vacib olan bacarıq
və bilik, çalışqanlıq, səbir və təmkindir. Tədricən kamilləşərək
irəli getmək arzusu olmalıdır. Elm biznes sahəsi deyil, bura
addım-addım, özündən əvvəlkiləri yaddan çıxarmayaraq, üstündən xətt
çəkməyərək gəlirsən. Sən özündən qabaq olanları və çox işlər
görənləri unutmayaraq irəli gedə bilərsən.
Ən əsası odur ki, biz burada heç də formal, müvəqqəti funksiya
daşımırıq. Bu gün fəaliyyət göstərən və Azərbaycanı təmsil edən
Nizami Gəncəvi adına Elmi Mərkəz Oksfordda daimi olmalıdır və
olacaq. Çünki məhz belə olduğu halda ölkənin də, vətənin də,
vətəndaşın da nüfuzu, dəyəri artır.
- 800 illik tarixə malik və bir çox dünya şöhrətli alim
və ictimai xadim yetişdirən məşhur Oksford Universitetində təmsil
olunan ilk azərbaycanlı alim olaraq hisslərinizi necə ifadə
edərdiniz?
- Mənə elə gəlir ki, bu həm reallıq, həm də əfsanədir. Mən bu
gün Oksforda gələndə məni ən istəkli və fəxri qonaq kimi
qarşıladılar. Mənə dedilər ki, bu, bütün fəaliyyətini universitetə
və tələbələrə həsr etmiş, universiteti təmsil edən adamların
görüşüdür: "Biz belə insanları həmişə qorumağa, onlara dəstək
olmağa hazırıq". Bu sözlər yüksək etimadın ifadəsidir, insan üçün
böyük sevincdir. Belə məqamda fikirləşirsən, nə yaxşı ki, 33 ildir
öz peşənlə, fikrimcə, ən yaxşı peşə ilə - müəllimlik və elmlə
məşğulsan. Oksford Universitetinin qapısını açmaq, onun
kollektivinə qovuşmaq mənim üçün çox böyük qürurdur.
Azərbaycanda məşhur alimlər olub, burada böyük elmi potensial
formalaşıb. Dünya Azərbaycan elmi ilə hələ kifayət qədər tanış
deyil. Biz istəyirik ki, Azərbaycan elmi dünyada layiq olduğu yeri
tutsun. Bu isə bir günün, bir saatın ərzində, ani istəklə ərsəyə
gələn bir iş deyil. Bu, böyük əmək, zəhmət və ürək yanğısı tələb
edir. Burada - Oksfordda heç kim heç kimdən asılı deyil, lakin hamı
həqiqətdən asılıdır və ona xidmət edir.