"Səlahəddin Dəmirdaş və onun partiyası parlamentdə yer
aldıqdan sonra Türkiyəyə Abdullah Öcalanın rəhbəri olduğu PKK-nın
yaşatdığı dövrdən daha acı bir zaman yaşadacaq".
Bu sözləri Axar.az-a şərhində politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, HDP tezliklə Türkiyədən federasiya tələb
edəcək:
"Bu partiya parlamenti bir növ döyüş meydanına çevirəcək. Bu
partiya Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığı
dəyərləndirə bilmir. Azlıqda olan bir xalqın nümayəndəsi olsa da o,
Türkiyə vətəndaşıdır. O, Türkiyə əvəzinə Ermənistanı müdafiə etməli
deyil. Belə hesab edirəm ki, Dəmirdaşın Qarabağın Türkiyənin
məsələsi olmaması, ermənilərdən və Ermənistandan "soyqırım"a görə
üzr istənilməsi ilə bağlı çıxışlarına görə, partiyanın bağlanması
haqqında məsələ qaldırılmalıdır. Çünki bu, konstitusiyaya ziddir və
Türkiyənin milli, strateji maraqlarına qarşı yönəlib. Mən güman
edirəm ki, bu iqtidarın içindən bir nəfər çıxıb, Dəmirdaşın
cavabını verəcək. Əks təqdirdə Dəmirdaş daha uzağa gedəcək və
Ankaradan federasiya istəyəcək, kürd dilinə dövlət dili statusu
qazandırmağa çalışacaq. Bu, partiyanın proqramında da var. Onun
qarşısının alınması üçün indidən tədbir görülməlidir".
Q.Hüseynli Qərbin indiyə qədər kürdlərdən Türkiyəyə qarşı
istifadə etməyə çalışdığını bildirib:
"İndiyə qədər ermənilərlə bərabər hər zaman bu coğrafiyada
kürdlərin hislərindən yararlanaraq, onlardan istifadə etməyə
çalışıblar. Bu dəqiqə Qərbin çox ölkəsi bundan istifadə etməkdədir.
HDP-nin baryeri aşıb parlamentə girməsini zəfər kimi
dəyərləndirirlər. Halbuki kürdlərin qələbəsində Atatürkün partiyası
olan CHP-nin rəhbəri Kamal Kılıçdaroğlunun da böyük rolu olub.
Kılıçdaroğlunun özü də kürddür. Öz məmləkəti Tuncelidə o ən azı iki
yeri HDP-yə güzəştə getdi ki, baryeri keçə bilsin. Başqa yerlərdə
də məhz onun partiyasının səyləri nəticəsində səslər HDP-yə axdı.
Türkiyədə solçuluğa gəlincə isə burada heç vaxt prinsipial solçuluq
olmayıb. PKK burada millətçi partiyadır. Onun ideologiyasının böyük
hissəsi solçuluq yox, sağçılıqla yoğrulub. Məsələn, dənizdən dənizə
kürd dövləti yaratmaq, kürdləri türklərdən üstün saymaq, terroru öz
mübarizələrində əsas vasitəyə çevirmək PKK-nın əsas ideyası olub.
Onlar İran, İraq, Suriya, Türkiyədəki kürdləri birləşdirib "Böyük
Kürdüstan" yaratmaq istəyirlərsə, burada hansı solçuluqdan danışmaq
olar. PKK sırf millətçilik ideyalarını yayır. Bu ideya təəssüf ki,
Ərdoğanın "kürd açılımı" siyasəti sayəsində qol-qanad açdı və
qeyri-stabillik yaradan əsas vasitəyə çevirdi".