Azərbaycan Prezidenti İlham Əliyev Çexiya parlamenti
Deputatlar Palatasının sədrini qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci
Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə
səfərə gələn Çex Respublikası parlamentinin Deputatlar Palatasının
sədri Yan Hamaçeki iyunun 11-də qəbul edib.
Deputatlar Palatasının sədri Yan Hamaçek Çex Respublikasının
Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına
çatdırdı. O, Çex Respublikası Prezidentinin ölkələrimiz arasında
dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük maraq
göstərdiyini bildirdi. Çexiyanın böyük nümayəndə heyəti ilə birinci
Avropa Oyunlarında iştirak edəcəyini deyən Yan Hamaçek ölkəsinin
Milli Olimpiya Komitəsinin bu oyunlara ciddi hazırlaşdığını
vurğuladı.
Çex Respublikasının Prezidenti Miloş Zemanla görüşlərini
məmnunluqla xatırlayan dövlətimizin başçısı əlaqələrimizin
möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin
önəmini qeyd etdi. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan
Prezident İlham Əliyev yarışlarda böyük nümayəndə heyəti ilə
iştirak edən çex idmançılarına uğurlar arzuladı.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq
ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün
qarşılıqlı marağın və imkanların olduğu bildirildi.
Dövlətimizin başçısı Prezident Miloş Zemanın salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Çex Respublikasının
Prezidentinə çatdırmağı xahiş etdi.