Enerji artıq sadəcə bir resurs deyil, həm də regional sərhədləri dəyişdirən geosiyasi rıçaqdır.
Axar.az Avropa.info-ya istinadla xəbər verir ki, bunun ən bariz nümunəsi iyulun 12-də Bakıda Azərbaycanın dövlət enerji şirkəti SOCAR-la Suriyanın müvəqqəti administrasiyası arasında imzalanmış sazişdir.
İlkin mərhələdə Azərbaycanın Türkiyə vasitəsilə Suriyaya təbii qaz satmasını nəzərdə tutan bu saziş ənənəvi investisiya addımlarından çox kənara çıxır. Bu, Yaxın Şərqdə qüvvələr balansının yenidən şəkillənməsi və Türkiyə ilə Azərbaycanın enerji diplomatiyasında mərkəzi rolunun yenidən müəyyənləşdirilməsi istiqamətində strateji addımdır.
Azərbaycan-Suriya sazişi üç əsas sahəni ehtiva edir:
Birincisi, Azərbaycan hazırda PKK/YPG/SDQ-nin nəzarəti altında olan, Suriyanın şimal-şərqindəki iki böyük yataqda neft və qaz kəşfiyyatına investisiya yatıracaq.
İkincisi, Suriyanın savaş səbəbi ilə məhv edilmiş enerji infrastrukturunun modernləşdirilməsinə Azərbaycanın texniki dəstəyi olacaq.
Üçüncüsü, hasilatın artmasına qədər TANAP vasitəsilə Suriyaya müvəqqəti təbii qaz nəql ediləcək. Təxminən 400-600 milyon dollar həcmində ilkin investisiya gözlənilir. Lakin Azərbaycanın real qazancı SOCAR-ın təsir dairəsinin genişlənməsi və Türkiyə ilə birlikdə regional diplomatik səhnənin oyunçusuna çevrilməsidir.
Əhməd əş-Şaranın Bakıya səfəri təkcə simvolik deyildi, həm də diplomatik baxımdan yüksək strateji addım idi. Belə bir açılış üçün Prezident İlham Əliyevlə yaradılmış şəxsi etimad münasibətləri mühüm əhəmiyyət kəsb edirdi.
Xatırladaq ki, Əliyevlə Şara daha öncə Antaliyada da görüşmüşdülər.
Xəzərdən Aralıq dənizinə enerji koridoru!
Hazırda Suriya üçbəndli keçid mərhələsindədir: İranın təsir gücü hər keçən gün azalır; Körfəz kapitalı ehtiyatlı olmaqla yanaşı, tətikdədir; İsrailin Suriyaya nəzarət etmə refleksi azalmır.
Belə bir şəraitdə Türkiyə-Azərbaycan xətti yeni regional magistral kimi meydana çıxır. Son nümunə kimi, Azərbaycan-Suriya müqaviləsi Türkiyənin artıq sadəcə tranzit ölkə olmadığını, regionun yenidən formalaşmasının memarlarından biri olduğunu nümayiş etdirir.
Türkiyə Azərbaycanla birlikdə Suriyada investisiya tərəfdaşlığı vasitəsilə geoiqtisadi təsirini artırır. İranın təsirinin azaldığı bir şəraitdə Bakı və Ankara sabitləşdirici rol oynayır. Bu çoxşaxəli enerji diplomatiyası eyni zamanda Türkiyənin yeni regional nizamı formalaşdıran əsas aktor olmaq məqsədini dəstəkləyir. Türkiyənin müttəfiqi Azərbaycan isə Xəzərdən Aralıq dənizinə gedəcək enerji koridorunun əsas memarlarından biri olaraq önə çıxır.
Beləliklə, yeni geosoyasi paradiqma Türkiyəni yalnız enerji tranziti ölkəsi deyil, həm də sülh oxunun təməl daşı mövqeyinə gətirə bilər. Azərbaycan isə tarixində ilk dəfə olaraq Şərqi Aralıq dənizinə birbaşa enerji çıxışı əldə edə bilər.
Bütün risklərlə yanaşı, Azərbaycan-Suriya enerji sazişi uzun illər savaşdan əziyyət çəkən regionda yenidənqurma və sülhə böyük təkan verə bilər. Bu eyni zamanda enerji mərkəzli yeni ittifaqların təsis edilməsi və əməkdaşlığa əsaslanan rəqabətədavamlı regional arxitekturanın təməli daşı ola bilər.
Bəlkə də bu dəfə enerji müharibələr üçün deyil, sülh üçün önə çıxacaq və bu yeni hekayənin ilk sətrləri artıq Bakıda yazıldı.