Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə
orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı"
işi üzrə qərarını şərh edib.
Prezident Administrasiyası rəsmisinin Azərtac-a müsahibəsini təqdim edirik:
- İnsan
hüquqları üzrə Avropa Məhkəməsində "Çıraqov və digərlərinin
Ermənistana qarşı" iş üzrə qərar elan edildi. Bu işə baxılması,
Azərbaycan hökumətinin prosedurda iştirak etməsi barədə məlumat
verməyinizi xahiş edirik.
- 2005-ci ilin aprel
ayında Laçın rayonundan olan məcburi köçkünlər Elxan və Adışirin
Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca
Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək
Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna
qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq
imkanından məhrum olunmaları barədə şikayət ediblər.
Qeyd etmək istərdim ki,
Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiyanı təsdiq etdiyi və Avropa
Məhkəməsinin yurisdiksiyasına daxil olduğu gündən, yəni göstərilən
ərizə ilə bağlı icraat başlananadək həmin məhkəmədə məcburi
köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi məqsədilə biz
zəruri tədbirləri görməyə başladıq. Ermənistanın işğalçı
siyasətini, Dağlıq Qarabağda cinayətkar rejiminə hərbi, iqtisadi,
siyasi, inzibati və digər dəstəyi barədə kifayət qədər sübutlar
tərəfimizdən toplanılmışdır. Avropa Məhkəməsində mövqeyimizin artıq
dərəcədə dürüst və mötəbər şəkildə bildirilməsini təmin etmək üçün
dünya miqyasında tanınmış beynəlxalq hüquq üzrə mütəxəssislər Böyük
britaniyalı İan Braunli, Malkolm Şou və avstriyalı vəkil Qabriel
Lanski ilə əməkdaşlıq yaradılmışdır.
Bu, heç də Azərbaycanda
belə səviyyəli hüquqşünasların olmaması demək deyil. Sadəcə, Avropa
Məhkəməsində çıxış etmək təcrübəsinə malik olan, beynəlxalq hüquq
aləmində tanınmış və nüfuzlu vəkillərin bizimlə əməkdaşlığa cəlb
edilməsi qələbəmizdə əminliyi daha gücləndirdi.
Azərbaycan və xarici
hüquqşünasların birgə gördüyü iş nəticəsində Azərbaycan Hökuməti
tərəfindən Avropa Məhkəməsinə müvafiq sənədlər və materiallar
təqdim edilmişdir.
- Avropa
Məhkəməsinin bu qərarında hansı məsələlər həll olunur?
-
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, yəni beynəlxalq
münaqişə ilə bağlı bu işin xüsusiyyətlərindən biri ondan ibarətdir
ki, ərizəçilərin hüquqlarının pozulması Azərbaycan Respublikasının
suveren ərazisində baş verir. Lakin bu pozuntulara görə məsuliyyəti
həmin ərazinin bir qismini işğal etmiş Ermənistan Respublikası
daşıyır. Buna görə, ərizəçilərin hüquqlarının pozulması faktının
Avropa Məhkəməsi tərəfindən müəyyən edilməsi üçün ilk növbədə işğal
altında olan ərazilərin faktiki olaraq Ermənistanın nəzarətində
olmasını sübut etmək zəruri idi.
Avropa Məhkəməsinin son
qərarında da göstərilir ki, nəinki Laçın rayonu, keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayəti və ətrafında olan 7 rayon Ermənistan
Respublikasının səmərəli nəzarəti altındadır. "Quruda aparılan
müharibənin qanunları və adətlərinə dair" 1907-ci il tarixli
Əsasnaməyə istinadən bildirilir ki, səmərəli nəzarət anlayışı
faktiki olaraq hərbi işğal anlayışına aiddir. Yəni, Avropa
Məhkəməsinin qərarında Azərbaycan ərazisinin Ermənistan tərəfindən
işğal olunması təsdiq edilir.
Bu nəticəyə gəlmək üçün
Avropa Məhkəməsi əvvəlcədən müəyyən etdi ki, Dağlıq Qarabağda olan
qanunsuz rejim məhz və yalnız Ermənistan Respublikasının hərbi,
siyasi, iqtisadi, maliyyə, inzibati və digər yardımına görə
mövcuddur. Ermənistan Dağlıq Qarabağın öz ordusuna malik olmasını
göstərsə də, Avropa Məhkəməsi vurğuladı ki, işğal olunmuş
ərazilərdə əsasən Ermənistan ordusu fəaliyyət göstərir. Bundan
əlavə, qərarda həmin ərazilərdə Ermənistan Respublikasının
məhkəmələrinin fəaliyyət göstərməsi sübuta yetirilmişdir. Yəni,
Ermənistan işğal altında olan ərazilərdə baş verənlərə görə tam
məsuliyyət daşıyır.
Ermənistanın məsuliyyət
məsələsi həll olunduqdan sonra qərarda Azərbaycan məcburi
köçkünlərinin mülkiyyət hüququnun və öz evlərində yaşamaq hüququnun
pozulması müəyyən edilmişdir. Avropa Məhkəməsi Azərbaycan
vətəndaşlarının öz evlərinə qayıtmaq, mülkiyyətlərindən və torpaq
sahələrindən istifadə etmək hüququnu təsdiq etmişdir.
Bundan əlavə, Avropa
Məhkəməsi müəyyən etmişdir ki, ərizəçilərin qeyd edilən
hüquqlarının pozulması işğal edilmiş ərazilərdən bütün
azərbaycanlıların köçürülməsi və öz evlərinə qayıtmaq imkanından
məhrum edilməsi səbəbindən baş vermişdir. Konvensiyanın 14-cü
maddəsinə əsasən şikayətlərə ayrıca baxmasa da, Avropa Məhkəməsi
etiraf etmişdir ki, Azərbaycan məcburi köçkünlərinin hüquqlarının
pozulması ayrı-seçkilik nəticəsində baş vermişdir.
- Bu qərarın
Azərbaycan, ümumiyyətlə münaqişənin həlli üçün hansı nəticələri ola
bilər?
- Avropa Məhkəməsi
ərizəçilərin şikayətlərinin mahiyyəti üzrə qərar çıxararaq onlara
ödəniləcək kompensasiyanın məbləği məsələsinin həll olunmasını
növbəti mərhələyə saxlamışdır. Ərizəçilər kompensasiya barədə
tələblərini irəli sürsələr də, məhkəmə hesab etmişdir ki, o, bu
məsələni hal-hazırda həll etmək qabiliyyətində deyil. Bununla
əlaqədar olaraq ərizəçilərə və cavabdeh dövlətə kompensasiya ilə
bağlı mövqeyi bildirmək üçün 12 ay müddəti verildi.
Buna baxmayaraq, hesab
edirəm ki, həmin qərarla Avropa Məhkəməsi ermənilərin uydurma
iddialarına son qoydu. Artıq Ermənistan heç bir yerdə deyə bilməz
ki, "Dağlıq Qarabağ Respublikası" deyilən qurum müstəqil olaraq
mövcuddur və Yerevan onun həyata keçirdiyi tədbirlərə görə
məsuliyyət daşımır. Yekun xarakter daşıyan beynəlxalq məhkəmənin
hökmü beynəlxalq səviyyədə məcburi hüquqi qüvvəyə malik olan
sənəddir və heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən
inkar edilə bilməz.
Avropa Məhkəməsinin
qərarında nəinki Ermənistan Respublikasının silahlı qüvvələrinin
Azərbaycan torpaqlarını işğal etməsi, Azərbaycan xalqına qarşı
etnik təmizləmə siyasətinin aparılması göstərilmiş, həmçinin mövcud
vəziyyəti qoruyub saxlamasına görə Ermənistanın cavabdeh olması
müəyyən edilir. Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfin -
Azərbaycan və Ermənistanın olması təsdiq edilir.
Bundan əlavə, Avropa
Məhkəməsinin həmin qərarı yekun qüvvəyə mindiyi üçün artıq Avropa
Şurası Nazirlər Komitəsinin məhkəmə qərarlarının icrasına nəzarət
səlahiyyətlərinə aiddir. Deməli, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi bu qurumun gündəliyinə daxil olur və hər hansı
üzv dövlətin siyasi mövqeyindən və ya uydurma mülahizələrindən
asılı olmayaraq Avropa Şurasının gündəmində olacaqdır. Bu, həmçinin
digər beynəlxalq təşkilatlara da aiddir.
Avropa Məhkəməsinin bu
qərarı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartların
tətbiqini aradan qaldırmaq istiqamətində mühüm addımdır.
Respublika Günü
münasibətilə rəsmi qəbulda çıxışında xarici siyasətimizin əsas
probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
olmasını bildirmiş Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev vurğulamışdır ki, erməni lobbisinin çirkin səylərinə
baxmayaraq, biz son illər ərzində apardığımız siyasət nəticəsində
sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır
və bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi
kimi tanınır.
Şübhəsiz ki, Avropa
Məhkəməsinin qərarı mövqeyimizin tam haqlı və əsaslı olmasını bir
daha bütün dünyaya göstərdi.
Görünür, Azərbaycanın
bu növbəti uğuru yenə Ermənistanın rəsmilərini vahiməyə saldı. Bu
ölkənin xarici işlər naziri Azərbaycanı qərardan istifadə etməməyə
çağırırsa, deməli, qərarın Azərbaycan üçün vacib alətə
çevriləcəyindən qorxur və etiraf edir ki, bu qərar Azərbaycanın
maraqlarına tam cavab verir.
Biz Avropa Məhkəməsinin
bu qərarı ilə kifayətlənməyəcəyik, məcburi köçkünlərin və
qaçqınların hüquqlarının müdafiə və bərpa edilməsi məqsədilə
tədbirlərimizi davam edəcəyik və erməni silahlı qüvvələrinin Dağlıq
Qarabağdan və işğal edilmiş torpaqlardan çəkilməsinə nail
olacağıq.