Ana səhifə Gündəm |
Ermənistanın birinci prezidenti Ter-Petrosyanın Türkiyənin Qarabağ (Cənubi Qafqaz) siyasəti haqda açıqlaması dünya mediasının da diqqətini çəkib.
Petrosyan deyib ki, 1991-94-cü illərdə Türkiyə Qarabağ məsələsində “balanslı” olmağa çalışıb, ermənilərin Qarabağda yaşam hüququnu tanıyıb, hətta Ermənistana buğda-un yardımı edib, bəzi məqamlarda “sərhəd bağlanması” şərti xarakter daşıyıb və s.
Ter-Petrosyan sözlərinə görə, hər şey tədricən dəyişib. Erməni siyasətçi bunu daha çox geopolitik siyasətin diktəsi, anında dəyərləndirmə, vaxtında qərar qəbul etmə bacarığı kontekstində qiymətləndirib. Yəni Qarabağı işğal etməyi bacardığı, güclü olduğu, Türkiyənin isə qlobal təzyiqlər qarşısında dayana bilmədiyi 1990-cı illərdə Ermənistanın güzəştə getməsi gərəkdiyini xatırladır və bu güzəştə Köçəryanın imkan vermədiyini bildirir.
Onun Laçın və Kəlbəcəri geri qaytarandan sonra dəhlizin 22 km enində olacağı, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin müstəqilliyə bərabər status alacağı və s. haqda dedikləri mübahisəlidir və nə qədər iddia etsə də, mərhələli həllin heç də Ermənistanın maraqlarına uyğun olmadığı hamıya bəllidir. Bütün hallarda Petrosyanın hadisələri öz maraqlarına uyğun təhrif etdiyinə şübhə yoxdur.
Buna görə müsahibənin bu hissəsinə deyil, 1990-cı illərin əvvəllərində Türkiyənin tutduğu “balanslı mövqe”yə görə hazırda diqqətlərin Süleyman Dəmirəlin üzərində cəmləşməsinə toxunaq.
Əvvəla, heç kim Süleyman Dəmirəlin 1993-cü ilin 1-2 aprelində Prezident Əbülfəz Elçibəyin xahişi ilə Kəlbəcərin işğalı zamanı əhalini çıxarmaq üçün 2 mülki təyyarə verə bilməməsini unutmayıb.
Bəli, Türkiyə yenicə yıxılan nüvə gücü SSRİ-nin nüfuz dairəsində olan Cənubi Qafqaza dair özbaşına qərar vermək imkanlarına malik deyildi. Bunun bir səbəbi Türkiyənin həmin dövrdə NATO-ya daha güclü bağlı olması idisə, digər səbəbi Rusiya ilə həmin ərəfədə məhz ABŞ/NATO-nun danışıqlar aparması idi. Türkiyə NATO-nun aparıcı ölkəsi kimi bu danışıqları izləyirdi və NATO-suz addım atmamaq öhdəliyinə ciddi sədaqət nümayiş etdirməkdən başqa çarəsi yox idi.
İkincisi, Türkiyə onillərdir ən təhlükəli rəqib olan SSRİ-yə qarşı siyasətini formalaşdırmamışdı. Daha doğrusu, Türkiyənin SSRİ-yə münasibəti birbaşa NATO-nun cızdığı xətt daxilində idi. Bu, Türkiyənin də milli maraqlarına uyğun olduğu üçün tam əməl edilirdi.
Üçüncüsü, Türkiyə buna baxmayaraq, aşkarda deyil, gizlində Azərbaycana hər yardımı göstərirdi. Bu yardım hətta Ayaz Mütəllibovun zamanında başlamışdı və tam məxfi şəkildə həyata keçirilirdi.
Bu məqamda bir haşiyə ilə mənzərəni təsəvvür etməyə yardımçı olaq. Hələ 1991-ci ildə Azərbaycandan göndərilən “Çinar” soyuducularını “qüsurlu” adı ilə geri qaytaran Türkiyənin hansı riski etdiyi həmin dövrü yaşayanların xatirindədir. Soyuducuların qapısını Bakıda açanda fəhlələr silah-sursat aşkarlamışdılar. Və nə qədər dəhşətli də olsa, bu fakt ən yüksəklərə qədər şişdi. Nəticədə Türkiyə hər şeyi təkzib edərək, bunu terror qruplaşmasının üzərinə atdı.
Yəni Türkiyənin imkanı daxilində etdiyi gizli yardımların bir hissəsinə reaksiyamız bu qədər rüsvayçı vəziyyətdəydi. Hakimiyyətdəkilər nələr baş verdiyini hətta təsəvvür də etmirdilər.
Türkiyə Azərbaycanı indiki kimi açıq müdafiə etmək üçün güclü deyildi, eyni zamanda, Süleyman Dəmirəl də ölkəsinin reallıqlarına uyğun siyasətçi idi.
Süleyman Dəmirəl və yaxud istənilən Türkiyə liderinin Azərbaycana münasibəti bəllidir. O ayrı məsələdir ki, hansının imkanı hansı səviyyədə olub.
Süleyman Dəmirəli bu qədər ittiham etmək 1920-ci il 28 aprelində Azərbaycanın işğalı zamanı Atatürkün “heç nə etmədiyini” deməyə bənzəyir. Hər şey reallığa, siyasi şərtlərə uyğun olmalıdır və biz Süleyman Dəmirəlin bu baxımdan gücü çatanı etdiyini unutmamalıyıq.
Silah-sursat yardımından, hətta İrəvana hücum üçün NATO-nun dəstəyini almaqdan tutmuş, birbaşa döyüşə göndərdiyi könüllülərə qədər – Türkiyə nə bacarırdı, edirdi. Əksəriyyəti də gizli, qapalı... çünki aşkar edəcək səviyyədə deyildi Türkiyə.
Əbülfəz Elçibəyin məşhur etiraflarında biri bəlkə də çoxunun yadından çıxıb. Elçibəy demişdi ki, Süleyman Dəmirəl mənimlə danışanda “Heydər Əliyev mütləq gəlməlidir, Azərbaycanın xilası bundan keçir” təklifini israrla səsləndirdi.
Türkiyə lideri Azərbaycan rəhbərliyinin hansı təhlükəli səhvlər etdiyini görürdü və ölkənin xilası üçün Heydər Əliyevin hakimiyyətə gətirilməsini tələb edirdi. Eyni təkliflə Dəmirəl Naxçıvanda olan Heydər Əliyevə də dəfələrlə çağırış etmiş, bundan başqa yol olmadığını Ümummilli liderə demişdi.
Süleyman Dəmirəlin çox sonralar verdiyi müsahibəsinə diqqət etsəniz, həmin prosesi təsəvvür edə bilərsiniz. Elçibəyin sözlərini, “Süleyman Dəmirəl bizimlə işləmək istəmirdi” kimi dəyərləndirmək də mümkündür və bunu Süleyman Dəmirəl də dolayısı ilə etiraf etmişdi. Süleyman Dəmirəl 1992-ci ildə hakimiyyətə gələn milli qüvvələrlə işləmək istəmirdi yox, işləyə bilmirdi, o şəxslərin təcrübəsi imkan vermirdi ki, normal siyasət aparılsın.
1992-ci ilin uğurlu iyun əməliyyatı ərəfəsində (Ağdərənin azad olunmasına qədər gedən məşhur əməliyyat) 17 türk generalı Bakıya gələndə Süleyman Dəmirəlin baş nazir olduğunu da unutmayın. Bakı neftinin Tiflis üzərindən nəqli, əsrin müqavilələrinin imzalanması istiqamətində addımların təşkilində Elçibəy komandasına kim dəstək verirdi? İngiltərədə imzalanacaq sənədin hazırlanmasında kim rol oynamışdı?
Hər məqamda əvvəlcə baş nazir, 1993-dən isə prezident olan Süleyman Dəmirəlin dəstəyini görmək mümkündür.
Ancaq nə baş verdi? Neft müqavilələrinin imzalanmasına Rusiya imkan vermədi, Surət Hüseynovun qiyamı başladı və bütün düzən darmadağın oldu. Elçibəy hökuməti ölkədə at oynadan Rusiya, İran və digər ölkələrin xüsusi xidmət orqanlarının qabağında dura bilmirdi, ölkə dağılırdı; Azərbaycan heç bir layihəni gerçəkləşdirməyi bacarmırdı – siyasi, iqtisadi, hərbi baxımdan qurulan bütün planlar məhv edilirdi.
Nəhayət, Elçibəy ölkənin xilası üçün bu xalqa ən böyük xidmətini göstərdi, Heydər Əliyevi dəvət etdi. Bundan sonrakı prosesləri artıq bilirsiniz.
Heydər Əliyevin hakimiyyətinə ilk siyasi dəstəyi verən, onun güclənməsi üçün hər şeyi edən də Süleyman Dəmirəl idi. Azərbaycanda bir neçə qiyam cəhdinin qarşısını almaq üçün MİT-in məlumatlarını Bakıya Süleyman Dəmirəl ötürmüşdü – bu məlumatlardan birini xaricdə görüşdə şəxsən Heydər Əliyevə verdiyi və Heydər Əliyevin görüşləri dayandıraraq, dərhal ölkəyə qayıtdığı haqda da məlumatı o dövrü yaşayanlar yaxşı xatırlayır.
Süleyman Dəmirəlin təxmini özünü qısa müddətdə doğrultdu və Heydər Əliyev sözün bütün mənalarında ölkəni xilas etdi.
Heydər Əliyev “Əziz dostum-qardaşım”, “Məndən bir yaş kiçikdir, ancaq böyük qardaşdır” sözlərini Süleyman Dəmirəlin ünvanına təsadüfən deməmişdi.
Heydər Əliyevin fövqəladə bacarığı ilə 20 sentyabr 1994-də neft müqavilələri imzalandı. Bunun dərhal ardınca Rusiyanın qisas əməliyyatı başladı ki, Heydər Əliyev yenə təkbaşına, yenə öz qeyri-adi məharəti ilə bütün hücumların qarşısını aldı və ölkəni qorudu.
Bu işdə Heydər Əliyevin arxalandığı şəxs yalnız Süleyman Dəmirəl idi!
O ki qaldı Ərdoğan-İlham Əliyev tandeminə, bu, tamamilə fərqli situasiyadır: nə İlham Əliyev Azərbaycanı 1990-cı illərin Azərbaycanıdır, nə də Ərdoğan Türkiyəsi.
Ərdoğan Türkiyəsinin bu qədər qüdrətli olmasının səbəbi əlbəttə ki, ilk növbədə Ərdoğanın özüdür. Amma geosiyasi şərait də var, Rusiya ilə əlaqələr qurmaq üçün zaman və zəmin var, NATO-ya meydan oxumaq üçün Ərdoğanın uzun illər hakimiyyətdə qalması məsələsi var...
Koalisiya hökumətinin baş naziri olan və az qala “müvəqqəti” sayılan Dəmirəlin baş nazirliyi ilə hakimiyyəti tam götürən Ərdoğanın baş nazirliyini müqayisə edə bilməzsiniz; məhdud səlahiyyətli Dəmirəl prezidentliyi ilə Ana yasanı dəyişib, prezident səlahiyyətlərini genişləndirən Ərdoğan prezidentliyi də eləcə...
1990-cı illərdə az qala hər 6 aydan bir hakimiyyət dəyişirdi Türkiyədə. Çünki koalisiya idi və dövləti idarə etmək çox çətin idi. Siyasəti davam etdirmək üçün Qərbin bəzi tələbləri nəzərə alınmaya bilməzdi, əks halda koalisiyanı dağıdıb, yeni seçkiyə getmək “qayğısına” Qərb özü qalırdı.
Ancaq 2002-ci ildə Ərdoğan təkbaşına hakimiyyətə gəldi və 19 ildir hakimiyyətdədir. Ərdoğanın bir gücü də budur!
Təbii ki, Ərdoğanın hakimiyyəti təkbaşına götürməsi, 19 ildir bunu təkbaşına daşımasının səbəbi elə Ərdoğandır. Ərdoğan böyük siyasətçi, böyük iddialı şəxs və Türkiyənin imkanlarından da artıq dünya lideridir.
Ərdoğan hakimiyyətinin ilk illərində - 2008-2009-da Abdullah Gülün “erməni açılımı” siyasəti, erməni-türk matçına girən azərbaycanlılardan bayrağımızın alınmasını yadınıza salın. Ərdoğan hətta o zaman fərqli siyasət yeritməyə məcbir idi.
Ancaq 2011-ci il olayları ilə hər şey kökündən dəyişdi və əlbəttə, Azərbaycanın bəxti onda gətirdi ki, məhz bu tarixi dövrdə İlham Əliyev hakimiyyətdədir; məhz İlham Əliyevin qardaşlıq siyasəti Türkiyənin geosiyasəti ilə birləşdi və iki qardaş ölkənin imkanları ilə liderlərinin şəxsi keyfiyyətləri böyük tarixi nəticələrə səbəb oldu!
Yekun olaraq belə deyək: Heydər Əliyev zamanında ölkəmizi xilas etmək üçün hansı işlər gördü, gələcək üçün hansı perspektivlər qoyub getdisə, bunu təsəvvür etmək çətindir, ancaq bu işdə Heydər Əliyevin yanında olan Süleyman Dəmirələ bir rəhmət borcumuzu unutmamalıyıq.
Heydər Əliyevin tökdüyü böyük bünövrənin üzərində duran İlham Əliyev 27 sentyabra qədər nələr edib və 44 gündə nələr etdi – bunun miqyasını da təsəvvür etmək çətindir. Ancaq əlbəttə ki, bu işdə İlham Əliyevin yanında Ərdoğan dayandı – bunu artıq yada salmağa ehtiyac yoxdur, hər kəsin gözü önündə.
Ərdoğan Türkiyəsi gücləndikcə güclənir və gücləndikcə də Azərbaycanın gücünə güc qatır. Ancaq bu iki qardaşın güclənməsi üçün çalışan böyüklərdən biri – Dəmirəli tənqid edəndə ehtiyatlı olun.
Hər kəs gücü çatanı edib. İndi Ərdoğan daha qüdrətlidirsə - nə xoş halımıza! Şükürlər olsun ki, hər iki ölkənin hazırda bu cür qüdrətli liderləri var.
Amma bu, ölkələrimizin bu yüksəkliyə qalxmasında rol oynayanların titanik fəaliyyətini qiymətləndirməyə mane olmamalıdır...
Tarix
2021.05.30 / 13:12
|
Müəllif
Şeyx Teymur
|