Ordudan, xidmətdən
danışarkən ilk öncə hərbi geyimli kişiləri nəzərimizə gətiririk və
insanın gözü önündə əlində silah, əynində forma olan kişilər, barıt
qoxulu səngərlər, döyüşlər canlanır. Lakin müasir dövrümüzdə
dünyanın istənilən güc strukturlarında qadınlara rast gəlinir.
Ölkəmizdə də bu təcrübə geniş yer alıb. Son dövrlərdə Silahlı
Qüvvələrimizin bütün sahələrində qadın hərbi qulluqçuların sayı
durmadan artmaqdadır. Müsahiblər zərif cinsin nümayəndələri
olmalarına baxmayaraq bu peşəni seçməyi özlərinə borc
bilənlərdir.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən qadın
snayperçi Vüsalə Məmmədovanın müsahibəsini təqdim edir.
Vüsalə Həsən qızı Məmmədova - 1990-cı ildə Bakı şəhərində anadan
olub. Orta təhsillidir. Ailəlidir. 1 övladı var. 2014-cü ildən
hərbi xidmətdədir.
- Vüsalə xanım hansı səbəbdən hərbçi olmaq qərarına
gəldiniz?
- Torpaqlarımızın işğalda olması hər bir azərbaycanlı kimi mənim
də sızlayan yaramdır. Həmçinin uşaqlıqdan hərbi formaya marağım
olub, əsgər olmaq arzusunda olmuşam. Lakin uzun illər bu arzuma
çata bilmirdim. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
orduya göstərdiyi diqqət və qayğı, Müdafiə naziri general-polkovnik
Zakir Həsənovun orduda apardığı uğurlu islahatların bütün sahələrdə
səmərəli nəticə verdiyinin və hər kəsin ürəyincə olduğunun
şahidiyəm. Uğurlu islahatlardan biri də qadınların orduya cəlb
olunmasıdır. Buna görə ölkə başçısına və Müdafiə Nazirliyinin
rəhbərliyinə minnətdarlığımı bildirirəm.
- Ordu sıralarına daxil olmaqda məqsədiniz nə
idi?
- Həyatım boyu məqsədlərimə çatmaq üçün mübarizə aparmışam.
Çətin də olsa nail ola bilmişəm. Forma geyinmək, əlimdə silah
Vətənimə xidmət etmək başlıca məqsədlərimdən biri olub. Məqsədimin
birinci mərhələsini uğurla başa vurmuşdum. Artıq hərbi
xidmətdəydim. İkinci məqsədim isə snayper olmaq idi. İlkin
ixtisasım operator olsa da, snayper olmaq istəyirdim. Yuxarı
komandanlığa müraciət etdim və snayper hazırlığı kursuna
göndərildim. Növbəti məqsədim isə cəbhə bölgəsinə yollanmaq düşmən
ilə üz-üzə dayanıb xidmət etməkdir. Ön xətdə xidmət etməyin çətin
olduğunu düşünmürəm. Əldə silah hər an düşməni məhv etmək ehtimalı
mənə stimul verir. Bilirəm ki, silahımla hədəfi düzgün seçərək
düşməni məhv edəcəyim günlər yaxındadır.
- Neçə müddətdir snayper hazırlığı keçirsiniz, bu dövrdə
hansı nailiyyətləriniz olub?
- Artıq xeyli müddətdir snayper hazırlığı kursundayam. OSV-96
təcrübəli snayper tüfəngi yüngül zirehli texnikalara qarşı tətbiq
olunur. Silahımdan məharətlə istifadə etməyi bacarıram. Hazırlıq
dövründə təlimlərdə iştirak edib təyin olunan hədəfə dəqiq atəş
açmaqla "əla" qiymət almışam. Həmçinin Azərbaycan-Türkiyə Silahlı
Qüvvələrinin may ayında keçirilən birgə taktiki təlimlərində
iştirak etmişəm.
- Snayper olmaq həvəsi sizdə necə yaranıb?
- "Qadın snayper" müasir dünyada elə də nadir anlayış deyil.
Hələ Böyük Vətən müharibəsi zamanı qadın snayperlərin adları bütün
dünyaya məlum olub. Onlar arasında həmyerlimiz – ilk azərbaycanlı
qadın snayper, Ziba Qəniyeva da vardır. O 129 düşmən əsgərini məhv
edib. Həmçinin snayper üçün lazım olan keyfiyyətlərin məndə də
yetərincə olduğunu bilirəm.
- Snayper üçün hansı keyfiyyətlərə malik olmaq
lazımdır?
- Snayperin əsas keyfiyyətləri hədsiz səbr, ustalıqla
maskalanaraq gözə görünməmək qabiliyyəti və hadisələri intiusiyanın
köməyi ilə öncədən təxmin etmək bacarığıdır. İntuisiya isə
qadınlarda güclüdür. Snayper üçün sadəcə atəş açmaq azdır.
Gizlənməyi, saatlarla hərəkətsiz qalmağı bacarmalısan. Snayper
duelində birinci tərpənən ölümə məhkumdur.
- Ailəniz seçdiyiniz çətin və şərəfli yolda sizi
dəstəkləyir?
- Yolumun məsuliyyətli olduğunun fərqindədirlər və ən böyük
dayağım ailəmdir. Hər gün xidmətimlə, atışların necə keçməsi ilə
maraqlanır, uğur və nailiyyətlərimə mənimlə birgə sevinirlər.
Onu da qeyd edim ki, əmim düşmən gülləsindən şəhid olub.
Deyirlər ki, geyindiyimiz forma şəhidlərimizin kəfənidir. Mənim
kimi ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının bir
arzusu, bir məqsədi var. Şəhidlərimizin qisasını almaq,
torpaqlarımızı azad etmək.
- Orduda xidmət etmək istəyən qadınlara nə demək
istərdiniz?
- Onu deyə bilərəm ki, torpaqlarımız işğal altındadır. Bu
torpaqlar hər bir Azərbaycan vətəndaşınındır. Əli silah tuta bilən
hər bir insan, canlı qüvvə, düşmən qarşısında maneə olmalıdır.
Xidmət etmək kənardan göründüyü kimi çətin deyil. Ürəyində Vətən
eşqi olan hər bir azərbaycanlı bu şərəfli yolda hərbçilərin yanında
olmalıdır.