Yuxarı

Paşinyan qələbə qazandı: Rusiyanın mövqeyi necə olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir tərəfdə müharibəni uduzmuş və yeni müharibə istəməyən Paşinyan, digər tərəfdə “Hadrutu, Şuşanı qaytaracam” deyən müharibə tərəfdarı Koçaryan. Ermənilər Paşinyandan – müharibənin olmamasından yana seçimini etdi. Bu, üç perspektiv gözləntisini ortaya çıxarır:

Birincisi, Ermənistan hökuməti müharibə yox, əməkdaşlıq xəttini tutacaq;

İkincisi, Qarabağ məsələsi Ermənistan üçün keçmişə çevrilə bilər;

Üçüncüsü, yeni məsələ Qarabağ yox, sərhədlərin müəyyənləşməsi olacaq;

Hər üç məsələ bir-biri ilə zəncirvari bağlıdır: əməkdaşlığın başlanması sərhədlərin bərpası, sərhədlərin bərpası Ermənistanın Qarabağda hərbi və siyasi varlığına son qoyulmasından keçir:

1. Üçtərəfli razılaşmalar icra edilməli, xüsusilə 10 noyabr razılaşmasının 4-cü bəndi – erməni qoşunlarının Qarabağdan çıxarılması həyata keçirilməlidir;

2. Sərhədlərin müəyyənləşməsi üçün yeni müqavilə imzalanmalıdır.

İkinci məsələnin reallaşması Qarabağ məsələsini də gündəmdən çıxaracaq.

Burada bir-biri ilə uzlaşan və çarpazlaşan maraqlar var:

a) Paşinyana dəstək verən Qərb Ermənistanın “altılıq platforması”na gəlməməsini və sərhəd məsələsinin “beynəlxalq müşahidəçi” formatı ilə həllini istəyə bilər;

b) Bakı və Ankara Qarabağ məsələsinin gündəmdən çıxarılması, sərhədlərin bərpa edilməsini, bölgədə Ermənistanın da iştirakı ilə “altılıq platforması”nın qurulmasını, nəhayət, sülh müqaviləsinin imzalanmasını istəyir;

c) Rusiya Qarabağda mövcudluğuna risk yaradacaq 4-cü bəndin icrasını və separatçıların tamamilə neytrallaşdırılmasında maraqlı deyil, lakin Ermənistanda Qərb təsirinin qarşısını almaq üçün İrəvanın “altılıq platforması”na qoşulmasını və sərhədlərin “beynəlxalq müşahidəçi” formatında yox, Moskvanın vasitəçiliyi ilə imzalanan yeni müqavilə ilə müəyyənləşməsini istəyir.

Bu mənzərədə Ermənistanın seçim imkanları nəticəyə də təsir edəcək:

- Qərb Paşinyana dəstək versə də, Nikol hakimiyyətini qorumaq üçün bir müddət Rusiya ilə işləməkdə maraqlı olacaq: qələbədən sonra “yolumuz KTMT və Avrasiya İqtisadi İttifaqıdır” sözləri də buna hesablanıb;

- Ermənistanın blokadadan çıxmasının yolu Türkiyə ilə sərhədlərin bərpasından, Azərbaycanla münasibətlərin normallaşmasından keçir və hər iki ölkə Rusiyanın da dəstəklədiyi (yaxud dəstəkləməyə məcbur olduğu) “altılıq platforması”ın qurulmasını istəyir;

- Ermənistanın əməkdaşlığa mane olacaq iddialar irəli sürməsi, müharibəni, ən azından müharibə ritorikasını gündəmə gətirəcək və bu, seçkinin nəticəsinin göstərdiyi kimi, erməni xalqı tərəfindən dəstəklənmir, o cümlədən, parlamentə düşən Koçaryan və Sarkisyanın əlinə oynayır.

Ümumi tablodan çıxan nəticə:

- Rusiya Ermənistanda, həm də bölgədə təsirini qorumaq üçün üçtərəfli razılaşmaların icrasını sürətləndirə, sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilənin imzalanması istiqamətində hərəkət edə bilər: bununla Qərbin bölgəyə girişinə mane olur, Ermənistan və Azərbaycanda vasitəçilik üzərindən təsir imkanlarını saxlayır;

- Ermənistan blokadadan çıxmaq və əməkdaşlıq platformasına qoşulmaq üçün Qarabağ və sərhədlə bağlı məsələdə razılaşmağa məcbur ola bilər.

Bölgədə Türkiyə faktoru bütün tərəflər üçün həlledicidir: Rusiya bölgəni ABŞ-la yox, Türkiyə ilə bölməyə razıdır; ABŞ bölgədə Rusiyanın təsirini Türkiyə üzərindən azaldır; Bakı və Ankara bölgə üzərindəki geosiyasi mübarizəni öz maraqları istiqamətinə yönəldir.

Paşinyanın – antimüharibə cəbhəsinin qalib gəlməsi bölgənin gələcəyi üçün müsbət görünür, hərçənd, Nikol üçün indi daxili mübarizə daha da kəskinləşə bilər. Çünki Paşinyan təkbaşına hökuməti formalaşdırsa da, parlamentdə ikinci əsas qüvvə Köçəryanın rəhbərlik etdiyi “Ermənistan”, üçüncü qüvvə Serj Sərkisyanın rəhbərlik etdiyi “Şərəf Duyuram” bloku olacaq. Bu, Paşinyanın 2018-ci ildə devirdiyi “Qarabağ klanı” ilə parlament müstəvisində döyüşəcəyi deməkdir.

Rusiya 2018-ci ildə Paşinyanın gəlişinin qarşısını ala bilməyəndə tətbiq etdiyi ssenarini yenidən işə saldı: “küçə inqilabı” zamanı Moskva Çarukyanın timsalında Nikolun ətrafında təsir qüvvələrini topladı, indi Köçəryanın timsalında.

Hərçənd, Ermənistan ordusunun daxilində təsir imkanları olan “Qarabağ klanı”nın parlamentdə legitim gücə sahib olması Paşinyanın Rusiyanın nəzarətindən kənar əməkdaşlıq cəhdlərinin qarşısını almağa imkan verə bilər:

1. Köçəryan və Sərkisyan (hərçənd, Serjin zaman-zaman hakimiyyətlə gizli anlaşmalara gedə biləcəyi də istisna deyil) parlament müstəvisində Paşinyana əngəllər yaradacaq;

2. Nikolun Moskvanın nəzarətindən kənar əməkdaşlıq cəhdləri ordu daxilində “Qarabağ klanı”nın uzantıları tərəfindən atəşkəsin pozulması ilə baltalanacaq;

Paşinyan üçün prioritet məsələlərdən biri ordunu təmizləməkdir, amma bu, o qədər də asan olmayacaq...

Tarix
2021.06.21 / 22:39
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla