"Speys" TV-nin efirində baş verən son qeyri-etik olaylar
artıq cəmiyyətdə ciddi narazılıq yaradıb. Bu günlərdə telekanalın
"Günaydın" verilişindəki biabırçılıq yetməzmiş kimi, yenidən həmin
telekanalda qeyri-etik, efirə yaraşmayan sözlərin işlədilməsinin
şahidi olduq.
Belə ki, adıçəkilən telekanalın "Əsl şou" verilişində müğənni
Səidə Sultan həmkarı Rəhim Rəhimli ilə müğənni Niyam barəsində
danışarkən "Adə, uşağımın xətrinə dəymə, cıraram səni..." kimi
qeyri-etik sözlər işlətdi.
Bundan öncəki olayda cəmiyyətin ciddi təpkisi sayəsində Milli
Televiziya və Radio Şurası (MTRŞ) məsələyə qarışaraq, "Speys"in
rəhbərliyi ilə görüşdüyü və bu məsələyə görə üzrxahlıq edildiyi
barədə açıqlama vermişdi. Lakin görünən budur ki, adıçəkilən
telekanalın rəhbərliyi efirdə baş verən qeyri-etik olaylara
saymazyana münasibət göstərir.
Telekanalın icraçı direktoru Kamil Şahverdiyevin mətbuata
verdiyi açıqlama da birmənalı qarşılanmadı. Onun dediyinə görə,
"Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və
konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. İyulun
17-dən etibarən "Günaydın" proqramının yayımı dayandırılacaq və
proqram bağlanacaq".
Bir çox ekspertlər tərəfindən bu açıqlma "Speys" rəhbərliyinin
ictimaiyyətə qarşı növbəti təhqiramiz münasibəti kimi
dəyərləndirilərək, "Əgər telekanal rəhbərliyi sözügedən "ÇP" ilə
bağlı verilişi bağlamaq niyyətində olsaydı, bu qərar elə həmin gün
verilərdi" kimi şərhlər verildi. Bu azmış kimi verilişin aparıcısı
Vüsalə Kərimova ona proqramda baş verənlərlə bağlı heç kimin irad
tutmadığını, əksinə, növbəti mövsümdə yeni verilişlə efirə
çıxacağını bildirmişdi.
"Əsl şou" verilişində baş verən qeyr-etik hərəkətdən sonra Milli
Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən "Speys" TV-nin
tamamilə efir yayımının dayandırılacağı barədə də məlumatlar
yayıldı.
Bu barədə yayılan məlumatları dəqiqləşdirmək üçün MRTŞ-nın
aparat rəhbəri Toğrul Məmmədovla əlaqə saxladıq.
T. Məmmədov musavat.com-a açıqlamasında "Speys" telekanalına
qarşı daha ciddi tədbirlərin görüləcəyini deyib: "Növbəti həftədə
MTRŞ bu məsələyə ciddi yanaşacaq. Burada yol verilən qanun
pozuntusuna görə hansısa tədbirin görülməsi Şuranın hüquqlarına aid
məsələdir. Cəza olaraq, sanksiyalar tətbiq edilə, televiziyanın
yayımı bir aylıq müddətə dayandırıla və ya proqram tamamilə ləğv
edilə bilər. Təbii ki, bütün bunlar MTRŞ-nın verəcəyi qərara bağlı
olacaq".
Toğrul Məmmədov telekanal rəhbərliyindən konkret hesabatın tələb
ediləcəyini də deyib: "Şifahi danışıqdan söhbət gedə bilməz. Biz
televiziyanın rəhbərindən konkret hesabat istəyəcəyik. Yəni
proqrama və yaxud işçilərə verilən cəza və ya intizam məsuliyyətinə
cəlb edilməsi, rəsmi qaydada proqramın hansı vaxtdan
dayandıralacağı barədə əmrin surətini, rəsmi sənədlə tələb
edəcəyik. Bir sözlə, hər şey rəsmiyyətlə olacaq. Əgər tələb olunan
sənəd təqdim edilməzsə, təbii ki, daha ciddi sanksiyalar tətbiq
edəcəyik".
Aparat rəhbəri cəmiyyətin mənafeyinə uyğun olmayan bütün
verilişlərin MTRŞ-nin nəzarətində olduğunu və bu barədə artıq
müzakirələrin getdiyini də qeyd edib.
Xatırladaq ki, bu günlərdə "Speys" TV-nin efirində yayımlanan və
Vüsalə Kərimovanın aparıcılıq etdiyi verilişdə müğənni Mətanət
Əsədova ilə yazar Əziz Musaoğlu bir-birilərinə qarşı biabırçı
şəkildə qeyri-etik sözlər işlətmişdilər. Onların bu hərəkətinə
mətbuatda, sosial şəbəkələrdə tənqidi reaksiyalar verilmişdi.
Əməkdar jurnalist, tele-tənqidçi Qulu Məhərrəmli isə baş verən
qeyri-etik olaylara münasibət bildirərək, telekanal rəhbərliyini bu
məsələyə etinasız yanaşmaqda qınamışdı və "Telekanallar cəmiyyət
üçün ciddi təhlükəyə çevrilir" - deyə qeyd etmişdi.