Oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar
sessiyası keçirilib. Sessiyada Avropa Birliyi ilə Azərbaycan
arasında Şərq Tərəfdaşlığı çərçivəsində saziş barədə qətnamə qəbul
olunub.
Qətnamədə Avropa Parlamenti bir sıra problemlərlə yanaşı, bu il
ərzində həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad
edilməsini tələb edib.
Avropa Parlamentinin qətnaməsindəki bu məqamla bağlı "Axar.az"
olaraq politoloqların münasibətini öyrəndik.
Məhbuslar vaxtından əvvəl onsuz da azad
edilir
"Azərbaycanda siyasi motivli iddialarla həbsə alınanlar yox
deyil. Onların arasında siyasi partiya funksionerləri də var, amma
onlar konkret cinayət əməllərində günahlandırılır. Onların peşə
fəaliyyəti siyasi yönümlü olduğundan, həbs olunanları Avropada
siyasi məhbus hesab edirlər. Azərbaycan Prezidenti də tez-tez bu
motivdən həbs olunan insanlara humanist yanaşıb, onları vaxtından
əvvəl həbsdən azad edir. Hazırda Azərbaycanda siyasi məhbus
anlayışına ehtiyatla yanaşmaq lazımdır və nəzərdə tutmaq lazımdır
ki, siyasi məhbusların hökmlərinin yumşaldılması və onların həbsdən
azad edilməsi Azərbaycanda həmişə diqqət mərkəzində
saxlanılır".
Bu məsələ həllini tapmalıdır
"Ümid" partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə hesab
edir ki, "siyasi məhbus"larla bağlı məsələ beynəlxalq təşkilatların
müdaxiləsindən əvvəl öz həllini tapmalıdır:
Hesab edirik ki, bu məsələ öz həllini tapmalıdır. Qəribədir ki,
daxildə bu məsələ dəfələrlə səslənsə də, eşidilmir, amma nədənsə,
beynəlxalq təşkilatların mövqelərindən sonra buna nail ola
bilirlər. Çox istəyərdik ki, Azərbaycanda siyasi fikirlərinə və
fəaliyyətinə görə həbs olunanlar olmasın. Biz də siyasi məhbusların
azad olunmasını hər zaman tələb eləmişik, bundan sonra da bu
istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
AB-in tələbi yerinə yetirilməyəcək
"Şərq-Qərb Araşdırmalar Mərkəzinin" rəhbəri Ərəstun Oruclunun
fikrincə, Avropa Parlamentinin bu tələbi yerinə yetirilməyəcək:
Qeyd edilən 14 nəfərin azad olunacağını düşünmürəm. Çünki
dünənki qətnaməyə cavab olaraq bu gün AvroNest Azərbaycan qrupunun
rəhbəri Elxan Süleymanov reaksiya bildirdi və Avropa Parlamentini
Azərbaycanda təxribat və iğtişaş yaratmaq cəhdində suçladı.
Baxmayaraq ki, o qətnamədə çox müsbət bir məqam var: Dağlıq
Qarabağla bağlı ilk dəfədir ki, Azərbaycan konkret olaraq ərazisi
işğal edilən, Ermənistan işğalçı kimi göstərilib. Və ərazilərimizin
işğaldan azad olunması tələbi irəli sürülüb. Amma bu qədər mühüm
qərara "siyasi məhbus" məsələsi ilə kölgə salmaq istəyirik. Bu,
təhlükəli məqamdır.