Prezident İlham Əliyev Milli Mətbuatımızın 140 illik
yubileyi ərəfəsində bir qrup jurnalisti
mükafatlandırdı.
Dövlət başçısının "Əməkdar jurnalist" fəxri adı ilə təltif
etdiyi şəxslər arasında "Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur
Camalqızı da var. O, təəssüratlarını Publika.az-la bölüşüb.
- Aynur xanım, Prezident İlham Əliyev Milli
Mətbuatımızın 140 illiyi ərəfəsində mediamızın inkişafında xüsusi
əməyi olan jurnalistləri mükafatlandırdı. Ümumiyyətlə, dövlət
başçısı dostları hesab etdiyi jurnalistləri heç vaxt unutmayıb,
daim mediaya dövlətimizin xüsusi qayğısı hiss olunub. Bu barədə nə
deyə bilərsiniz?
- Azərbaycan hakimiyyətinin, sözün birbaşa mənasında, Cənab
Prezidentin mediaya diqqətini, qayğısının yüksək qiymətləndirirəm.
Azərbaycanda dövlətin mediaya münasibətini, ümumilikdə, dövlətin
mediaya bu qədər qayğı ilə yanaşmasını yalnız təqdir etmək olar.
Bunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Dahi
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə
demokratik prinsiplərin bərqərar olunması, mətbuat üzərində
senzuranın ləğvi, kütləvi informasiya vasitələri haqqında
mütərəqqi, beynəlxalq standartlara uyğun qanunların qəbulu, söz,
fikir azadlığının təmin olunması Azərbaycanda yeni medianın – azad,
müstəqil mətbuatın formalaşmasına, inkişafına şərait yaratdı. Bu
siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksələn xətlə
davam etdirilir. Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin
edilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi,
mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin, mətbuatın 140
illik yubileyinin yüksək səviyyədə qeyd olunması barədə sərəncamın
imzalanması dövlət başçısının mediaya diqqət və qayğısının
təzahürüdür. Buna görə cənab Prezidentdə minnətdarıq.
- Bu da xüsusi vurğulanmalıdır ki, diqqət, qayğı bütün Azərbaycan
mediasına göstərilir. Ən sərt tənqid edən jurnalistlər, hətta bir
çox hallarda tənqidlə təhqiri qarışdıranlar da bu diqqətdən kənarda
qalmır. Bu amil çox maraqlıdır. Siz bu barədə nə
düşünürsünüz?
- Bu, ilk növbədə Cənab Prezidentin milli, mənəvi dəyərlərimizə,
dövlətçilik ənənələrimizə olan ehtiramının göstəricisidir. "Yeni
Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu dövlət başçısı
tərəfindən "Əməkdar jurnalist" fəxri adı ilə təltif olundu. Bu gün
biz sosial şəbəkələrdə bununla bağlı tənqidləri izləyirik. Ortada
radikal müxalifət tərəfindən başladılan çirkin bir kampaniya var.
Bu insanlar anlamırlar ki, ölkədə tənqidçi media ilə hakimiyyətə
yaxın media arasında heç bir ayrı-seçkiliyin qoyulmaması,
jurnalistin tənqidi yazısına görə deyil, sadəcə istedadına,
dövlətə, xalqa xidmətinə görə mükafatlandırılması Azərbaycanda
dövlətçilik ənənələrinin inkişafına xidmət edən məsələdir. Bu,
siyasi mədəniyyətin oturuşması deməkdir. Bir çox insanlar, xüsusən
radikal müxalifətə aid olan qruplar bunu anlamaq istəmirlər. Hər
şeyi öz qara çərçivələrindən görməyə çalışırlar. Bu, geriçi
zehniyyətdir. Nə qədər ki, bu təfəkkürdən, bu zehniyyətdən xilas
ola bilməyəcəyik, ölkənin inkişafı zəifləyəcək. Hesab edirəm ki,
bunun qarşısını almaq üçün başda media olmaqla Azərbaycan
ziyalıları hələ çox işlər görməlidir. Fikrimcə, münasibətlərin
tənzimlənməsi üçün media ilə siyasətin bir-birindən ayrılması
önəmlidir. Əvvəlcə düşüncədə, sonra əməldə, münasibətdə. Bəzən
jurnalistə ya siyasi lider kimi, ya da siyasi təşkilatların,
firqələrin xidmətçisi kimi baxırlar. Biz nə lider, nə də
xidmətçiyik. Biz sadəcə söz adamıyıq, xəbərçilik və maarifləndirmə
ilə məşğul olan insanlarıq. Təbii ki, bəzi hallarda siyasi
təəssübkeşliyimizi, rəğbətimizi göstəririk. Çünki biz də bu
cəmiyyətin bir parçasıyıq. Amma bizim heç bir siyasi partiyanın
qarşısında öhdəliyimiz yoxdur.
Radikal müxalifətin yanaşması isə orta əsrlər Hindistanının
kasta quruluşuna bənzəyir. Bu bölgüyə görə, insan hansı kastada
doğulurdusa, ömrünün sonunadək o sinifdən çıxa bilmirdi. Quldar
doğulubsa, ömrü boyu quldar, qul doğulubsa, qul qalırdı. Radikal
müxalifət də düşünür ki, bir insan nə vaxtsa müxalifət partiyasında
olubsa, ölənə qədər orada qalmalı, onların çürük ideologiyasını
dəstəkləməlidir. Axı bu, yanlış yanaşmadır. İnsanlar inkişaf edir,
dünya dəyişir, düşüncələrdə inqilablar baş verir. İnsan dünən
düşündüyünün artıq bu günlə səsləşmədiyini müşahidə edir. Dünyada
elə sürətli tendensiyalar baş verir ki, bəzən müxalifətin hələ də
20-25 il əvvəlki düşüncə, yanaşma tərzindən bir addım belə irəli
getməməsi təəccüb və təəssüf doğurur. O baxımdan hesab edirəm ki,
istər cəmiyyətimizdə, istərsə də mediamızda təmizlənmələrə ehtiyac
var. İnanıram ki, biz bunu bacaracağıq.
- Maraqlıdır ki, bu gün hakim partiya heç bir media
orqanından öhdəlik tələb etmir. Amma radikal müxalifətdə mənzərə
fərqlidir. Onları dəstəkləyən media orqanları partiyanın birbaşa
orqanı kimi fəaliyyət göstərir. Sizcə, bu müqayisədə kimin söz
azadlığından danışmağa haqqı çatır?
- Əlbəttə, onların səmimi olmadıqları ortadadır. Azərbaycanda
demokratiyanın, söz azadlığının olmadığını iddia edən şəxslər öz
çevrələrindəki media orqanlarında əks fikrin dərc olunmasına imkan
vermirlər. Misal üçün, "Azadlıq" qəzetində Əli Kərimlinin əleyhinə
nəinki bir cümlə, bir söz belə gedə bilməz. Bu radikal kəsimin
hakimiyyəti qeyri-demokrat olmaqda günahlandırmağa hansı haqqı var?
Sadəcə olaraq, onlar böyük səlahiyyətlərə malik məmur ola
bilmirlər, hakimiyyətə gəlməyi bacarmırlar, xalqın səsini qazana
bilmədikləri üçün parlamentdə təmsil oluna bilmirlər və bütün
bunların aqressiyası onların canında yığılıb qalır. Başlayırlar bu
aqressiyanı hansısa ictimai xadimə, yaxud jurnalistə qarşı
yönəltməyə. Sosial şəbəkələr Xalq Cəbhəsinin çayxanasından betər
vəziyyətdədir. Sənin dövlətin səni hansısa orden, yaxud fəxri adla
təltif edir və buna görə səni "satqın"lıqda ittiham edirlər... bu,
absurd yanaşmadır. Hətta əxlaqsızlıqdır. Və bütün bunların fonunda
reallıq ondan ibarətdir ki, heç onların özünün satqınlıqdan
danışmağa haqları yoxdur. Çünki hər birinin keçmişi ortadadır.
Satılıb, liderini, əqidə dostlarını satıb, sonra da satılmağın işə
yaramadığını görüb, asqırıb ayılıblar... olublar tərtəmiz, aydan
arı, sudan duru müxalifətçi... Sadəcə olaraq, gülməlidir.
Azərbaycan xalqı çox müdrikdir, uzaqgörəndir. Hamını və hər kəsi
görür. Ağı qaradan seçə bilir. Ona görə də müxalifətin arxasınca
getmir.
- Cənab Prezident Mətbuat Şurasının İdarə Heyətinin
üzvləri ilə görüşdə maraqlı tezislər səsləndirdi. Onlardan biri də
Qərb mediasının jurnalistika prinsiplərindən deyil, məhz siyasi
maraqlardan çıxış etməsi ilə bağlıdır. Necə düşünürsünüz,
Azərbaycan mediası bu gün jurnalistika prinsiplərini, yoxsa
dövlətçilik maraqlarını ön plana çəkməlidir?
- Əslində bu seçimlə Azərbaycan jurnalistikası dəfələrlə
üzləşib. Şəxsən mən "jurnalistika, yoxsa dövlətçilik maraqları"
dilemması qarşısında qalsam, ikincini - dövlətçilik maraqlarını
əsas götürürəm. Bir çox mühüm məsələdə dövlətin yanında olmaq
vacibdir. Bu yerdə jurnalistika, xəbərçilik arxa plana keçir. Mənim
yanaşmam bundan ibarətdir. Çünki torpaqlarımızın 20 faizi işğal
altındadır. Təsəvvür edin, biz jurnalistika maraqlarından çıxış
edərək, dövlətçiliyimizin əleyhinə olan hansısa xəbəri veririksə,
jurnalist yox, bu dövlətin düşməninə çevrilirik. Heç bir Azərbaycan
jurnalistinə arzu etmirəm ki, öz vətəni, öz dövləti ilə düşmən
olsun.
Radikal müxalif kəsimə aid olan media orqanlarında təəssüf ki, bu
prinsip unudulur, yaxud bunu görməzliyə vururlar. Onsuz da bu gün
Azərbaycanın kifayət qədər düşmənləri var. Qarabağın işğalını
rəsmiləşdirmək və Ermənistana ilhaq etmək üçün beynəlxalq aləmdə
Azərbaycanın əleyhinə nə mümkündürsə, edirlər. Avropa Şurasının
sonuncu məlum qətnaməsində ermənilərlə "xristian qardaşlığı"
prinsipindən çıxış edildiyini hər kəs gördü. Bu gün Azərbaycana
qarşı nəinki ikili, çoxstandartlı siyasət aparılır. Belə bir
şəraitdə Azərbaycanı sevən hər bir jurnalist daxili problemləri bir
kənara qoyub, sırf dövlətçilik məsələsini əsas götürməlidir.
- Xüsusilə dünyaya jurnalistika prinsipini aşılayan Qərb
mediası siyasi maraqları ön plana çıxarırsa...
- Bəli, biz bunun dəfələrlə şahidi olmuşuq. Bakıda I Avropa
Oyunlarının keçirildiyi ərəfədə bəzi beynəlxalq dairələr idmanı bir
kənara qoyub siyasətlə məşğul idilər. Euronews, CNN və jurnalistika
prinsiplərini əllərində bayraq tutan digər böyük media
korporasiyaları Azərbaycanda Avropa Oyunlarını yayımlamaq əvəzinə,
hansısa mövcud olmayan siyasi məsələləri qabartmağa çalışır, bəzi
beynəlxalq təşkilatların reallıqdan uzaq olan ittihamlarını
tirajlayırdılar. Avropa Parlamentində Azərbaycan əleyhinə keçirilən
dinləmələr və Qərbin iri media korporasiyalarının absurd
ittihamları tirajlamasında biz bu mənzərəni açıq şəkildə
izlədik.
Eyni yanaşma Türkiyəyə qarşı da sərgilənir. CNN Türkiyəyə aid
adi bir xəbər verəndə də "burada "erməni soyqırımı" törədilib" deyə
haşiyə çıxır.
Azərbaycanla bağlı siyasi məsələləri qabardanda isə torpağımızın
iyirmi faizinin işğalı faktını, bir milyondan artıq məcburi köçkün
və qaçqını "unudurlar". Bu, hansı jurnalistika prinsipinə sığır?!
Hesab edirəm ki, biz də bu istiqamətdə Qərb mediasından
"öyrənməliyik". Jurnalistika maraqları ilə dövlətçilik maraqları
arasında seçim edəndə Azərbaycanın maraqlarını əsas
götürməliyik.
- Həmin görüşdə dövlət başçısı bir çox problemdən media
vasitəsilə xəbər tutduğunu bildirdi. Bu barədə nə deyə
bilərsiniz?
- Cənab Prezident bununla bizim üçün həm gözlənilməz, həm də
qürurverici bir həqiqətin üstünü açdı. Məlum oldu ki, kifayət qədər
ağır, gərgin iş rejimi olan dövlət başçısı ölkə mediasını izləyir,
ölkədə baş verənlər proseslərdən həm də media vasitəsilə xəbər
tutur. Şəxsən bir jurnalist olaraq bu məni çox sevindirdi. Deməli,
bizim işimiz hədər getmir. Bu ölkənin tərəqqisi, inkişafı,
insanların daha xoşbəxt yaşaması üçün az da olsa, biz də iş görə
bilirik. Cənab Prezident bir çox problemlərdən media vasitəsilə
xəbər tutduğunu deyirsə, deməli bu bizim məsuliyyətimizi daha da
artırmalıdır. Həmçinin, bu açıqlama ilə mətbuatın ictimai rəydə
mövqeyinin daha da gücləndiyini hesab edirəm. Biz də bundan sonra
işləyərkən daha diqqətli olmalı, yazdıqlarımızın, cəmiyyətə
ötürdüyümüz mesajların həm də böyük qərarların qəbul olunmasına
təsir etdiyini, öz töhfəsini verdiyini bilməliyik.
- Aynur xanım, dövlət başçısının təltif etdiyi
jurnalistlər arasında sizin də adınız var. Necə bir hissdir
bu?
- Mən uzun müddətdir jurnalistikadayam. İndiyə qədər
irili-xırdalı çoxlu mükafatlar almışam. Cənab Prezidentin imzası
ilə verilən bu mükafatın isə mənim üçün xüsusi önəmi var. Bu
mükafat mənə təqdim olunanda o qədər mütəəssir, o qədər xoşbəxt
idim ki, bunu sözlə ifadə etmək mümkün deyil. Çox böyük etimaddır.
Bu münasibətə görə dövlət başçımıza bir daha təşəkkür etmək
istəyirəm. Biz də əlimizdən gələni etməliyik ki, bu etimadı
doğrulda bilək və bu ölkənin inkişafında, irəliyə getməsində az da
olsa əməyimiz olsun.